İqtisadiyyat

Rusiyadan pul köçürmələri beş dəfə artıb: Deputat səbəblərdən DANIŞDI – FOTO

Sharing is caring!

2022-ci ilin yanvar-iyun aylarında xaricdə yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələrinin həcmində artım müşahidə edilib. Həmin dövrdə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 1,6 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Xüsusilə də ikinci rübdə daha çox artım baş verib. Cari ilin birinci rübündə ölkəyə pul köçürmələrinin həcmi 239,9 milyon təşkil edibsə, ikinci rübdə köçürmələrin həcmi 1,3 milyard manata çatıb. Köçürmələrin böyük hissəsi, yəni 1,3 milyard manata yaxını isə Rusiyadan daxil olub. Bu, 4,9 dəfə artım olmaqla ümumi pul köçürmələrinin 80 faizi deməkdir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, köçürmələrdə artım dinamikasının yaranması soydaşlarımızın çalışdığı ölkələrdə iqtisadi fəallığını yüksəlməsi, gəlirlərinin artması ilə bağlıdır:

“Soydaşlarımızın böyük bir qismi əsas etibarilə Rusiya Federasiyasında müxtəlif işlərin və xidmətlərin görülməsində yaxından iştirak edir, eyni zamanda, ticarət və iaşə sahəsində fəaliyyət göstərirlər. Bu səbəbdən ümumi pul köçürmələrin portfelində şimal qonşumuzun payı yüksəkdir. Ancaq bununla yanaşı, digər xarici ölkələrdə çalışan azərbaycanlıların da işgüzarlığının artması müşahidə edilməkdədir ki, bu da pul baratlarının həcmini artırır. Bunun nəticəsidir ki, 2022-ci ilin birinci yarısında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin dinamikasında Türkiyə, ABŞ, Almaniya  və Qazaxıstanın da payı yüksəlib. Həmin ölkələrdən köçürmələrdə təxminən 2,5-3 dəfə artım qeyd alınıb”.

Millət vəkili qeyd edib ki, pul köçürmələrinin dinamikasındakı artım meyilləri həmin tərəfdaş ölkələrdə yaranmış əlverişli vəziyyətin göstəricisi kimi qiymətləndirilə bilər.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir