İdman

Şahin Diniyev: “Futbol “Play Station” deyil ki, hər şey mükəmməl olsun” – MÜSAHİBƏ

Sharing is caring!

“Qarabağ”ın sabiq baş məşqçisi Şahin Diniyev Sports.az saytına müsahibəsində Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şansları və Şahruddin Məhəmmədəliyev barədə fikirlərini bölüşüb. 

– “Qarabağ”ın rəqibləri bəllidir. Qrupu necə dəyərləndirirsiniz? 

– Çox güclü qrupdu. “Böyük beşlik” ölkələrində çıxış edən “Nant”la “Frayburq” burdadı. “Olimpiakos” illərdir Yunanıstanın lideridir və “at oynadan” komandadır. Bəlkə də, “Şerif”, “Lüdoqorets”, “Sürix”, “Ferensvaroş” kimi komandalar daha yaxşı olardı. Əminəm, “Qarabağ” hər matça sonuncu kimi çıxacaqlar. 

– “Qarabağ”ın növbəti mərhələ şansını necə görürsünüz?

– “Qarabağ”ın qrupda işi çətin olacaq. Rahat komandalar deyil. Dörd klubun hər birinin növbəti mərhələyə adlamaq şansı bərabərdir. Qrupda autsayder yoxdur. “Qarabağ”ın təsnifat mərhələlərində göstərdiyi oyun təqdirəlayiqdir. Dörd komandanın da gücü bir-birinə yaxındır. Bu qrupdan kim çıxırsa-çıxsın, düşünürəm ki, ədalətli olacaq. 

– “Viktoriya”yanın qismətinə də “ölüm qrupu” çıxdı. Sizcə, “Qarabağ” üçün ÇL-in, yoxsa AL-in qrup mərhələsi daha yaxşıdı? 

– “Viktoriya” dəhşətli qrupa düşüb. “Bavariya”, “Barselona” və “İnter” Avropa nəhəngləridir. Bəlkə də, onlarla oyunlardakı məğlubiyyət futbolçular üzərində ağır psixoloji zərbə olardı. Ancaq ən çox azarkeşlərimiz qazanacaqdı. Çünki böyük klublar ölkəmizə gələcəkdi. Digər tərəfdən futbolçularımız və məşqçilərimiz də qazanacaqdı. Belə yüksək keyfiyyətli matçlar komandanın inkişafı baxımından böyük rol oynayır. 

– “Nant”, “Frayburq” və “Olimpiakos” da zəif rəqiblər deyil…

– Əminliklə deyə bilərəm ki, “Qarabağ”ın qrupu səviyyəsinə görə Çempionlar Liqasından fərqlənmir. Komandamız sanki, ÇL-də oynayacaq. 

– İbrahima Vadjinin “Sent-Etyen”ə gedişi Ağdam klubunu zəiflətməz?

– “Qarabağ”ın çox yaxşı heyəti var. Bununla belə, istənilən oyunçunun getməsi komandaya ziyan vura bilər. Ancaq “köhlən atlar” bu boşluğu tez zamanda doldurmaq gücündədir. Bunu dəfələrlə göstəriblər. Kimlər getsə də, gələnlər heç də onlardan zəif olmayıb. 

– “Viktoriya” ilə Çexiyadakı oyunda buraxdığı kobud səhvə görə Şahruddin Məhəmmədəliyev uzun müddət tənqid obyektinə çevrildi. Sizin buna münasibətiniz necədir?

– Şahruddinə qarşı bu cür reaksiyaya münasibətim mənfidir. Dəqiq yadımda deyil, amma təsnifat mərhələsinin oyunlarının birindən sonra müsahibəmdə hamını bir kənara qoyub Şahruddin haqda danışmışdım. Şahruddinə qarşı aqressiya azarkeşlər tərəfindən edilir. Futbol adamları hər şeyə real baxmalıdırlar. Şahruddin barədə nəsə demək istəyirlərsə, ilk növbədə onun təsnifat mərhələsində əvvəlki 7 oyununa baxıb sonra qərar versinlər. “Qarabağ”ın bura gəlib çıxmasında Şahruddinin əziyyəti çoxdur. 

– Ümumiyyətlə, “Qarabağ” Avropa Liqasının qrupunda uğurlu çıxış üçün heyətini gücləndirməlidir, yoxsa indiki futbolçular kifayətdir?

– Futbolda hər zaman rəqabətə, zəngin heyətə ehtiyac var. “Play Station” deyil ki, hər şey mükəmməl olsun. Komandanın irəli addımlaması üçün güclənmək vacibdir. Bu, “Qarabağ”a da aiddir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir