İdman

Xankəndi-Bakı ultramarafonunda ilk mərhələnin qalibi: “Bu idman növü şahmata bənzəyir”

Sharing is caring!


“Ultramarafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir”.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Xankəndi-Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov jurnalistlərə açıqlamasında deyil.

Xankəndidən Yevlaxa qədər olan 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən idmançı uğurlu çıxışa görə sevindiyini bildirib:

“Birinci gün üçün asan olur. Çünki yorğunluq yoxdur. Buna görə də özümü qorumağa çalışdım. Bu yarış böyük önəm kəsb etdiyindən qalib gəlmək istəyirdim. Beş il əvvəl ağlıma da gətirə bilməzdim ki, bu torpaqlara gəlib çıxa biləcəyəm. Nəyin bahasına olursa-olsun, finişə birinci çatmağı qarşıma məqsəd qoymuşdum”.

44 yaşlı atlet ultramarafonun yekununda da birinciliyi arzulayır: “Ümumi hədəfim 380 km məsafəni 35 saatdan tez qət etməkdir. Növbəti günlərdə yorğunluq da sözünü deyəcək, nisbətən temp düşəcək. Fikrimcə, 35 saatdan tez Bakıya çatsam, birinci olacağam”.

Elmir Əskərov öz nəticəsini gözlənilən adlandırıb: “Artıq 4 ildir ultramarafonlara qatılıram. 200, 220 km-lik yarışlarda, üç dünya çempionatında iştirak etmişəm. Bu səbəbdən belə nəticə göstərməyim təəccüblü deyil. Hətta bir saat tez də çata bilərdim. Uğurumun sirri üzərimdə çox işləməyimdir. Güclü, əzmkar olmaq üçün beynində güclü olmalısan”.

Qeyd edək ki, atletlər növbəti günlərdə Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir