İdman

Sabiq futbolçu: “Ağdamlılar Xankəndi stadionunda erməniləri susdurdular” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“1987-ci ildə Mingəçevir və Xankəndi komandalarının qarşılaşması 0:0 ilə nəticələndi. Bu zaman azarkeşlər arasında böyük mübahisə düşdü. Ağdamdan iki avtobus azarkeş gəlmişdi. Ağdamlılar o boyda stadionu susdurmuşdular”.

Bunu Azərbaycan millisinin və Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu, hazırda “Neftçi” Futbol Akademiyasının koordinatoru olan Elşad Əhmədov 1980-ci illərdə Xankəndi stadionunda iştirak etdiyi oyunlar barədə təəssüratını Oxu.Az-la bölüşərkən deyib. Sabiq futbolçu ilə müsahibəni təqdim edirik: 

– Elşad bəy, uzun müddət Ağdamın “Qarabağ” futbol klubunun formasını geyinmisiniz. İki dəfə Xankəndi stadionunda oynamısınız. Həmin oyunları necə xatırlayırsınız?

– Əvvəla, mən müsahibəyə şəhidlərimizin ruhuna dualarla başlamaq istəyirəm. Allah onlara rəhmət etsin, qazilərimizə şəfa versin, hərbçilərimizin güc-qüvvətini daim etsin! Biz onların sayəsində öz torpaqlarımıza qayıtmışıq, suverenliyimizi təmin etmişik, bu gün də məhz Xankəndi stadionunda Azərbaycan klublarının qarşılaşmasına şahid olacağıq. Bu, tarixi hadisədir və onu Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, Ordumuz yazdı.

Oyunlara gəlincə, Xankəndi stadionundakı həmin matçların hər ikisi mənim ad günümə – 11 sentyabra təsadüf edirdi. 1986-cı ilin sentyabrın 11-də mən Yevlax komandasının formasını geyinirdim, Xocalı komandası ilə Azərbaycan Kuboku matçına çıxmışdıq. 1987-ci il 11 sentyabrında isə Mingəçevirin “Avtomobilçi” klubunun heyətində idim və Xankəndinin “Qarabağ” klubuna qarşı oynayırdım. Həmin oyunda maraqlı məqam oldu: sentyabrın 11-i həm də məşqçimizin, eləcə də rəqib komandanın heyətindəki erməni oyunçulardan birinin də ad günü idi. Ona görə diktor stadionda bizim hər üçümüzü – rusu, azərbaycanlını və ermənini – təbrik etmişdi.

Xankəndi stadionu o zamanlar çox gözəl idi. Parkın içərisində yerləşirdi, ətrafı yaşıllıq idi. 1980-ci illərdə meydançanın örtüyü təbii ot idi.

– O dövrdə Xankəndi stadionunda atmosfer necə olurdu?

– Mingəçevir komandasının heyətində oyuna getdiyimiz zaman Ağdamdan iki avtobus azarkeş bizim oyunu izləməyə gəlmişdi. O zaman ağdamlılar futbol azarkeşlikləri ilə yaxşı mənada ad çıxarmışdılar. Mingəçevir “Avtomobilçi”sinin heyətində də həmin mövsümdə dörd-beş ağdamlı futbolçu var idi. Ağdamlılar Xankəndiyə axın etmişdilər.

Xankəndidə yaşayan ermənilər arasında bizim azarkeşimiz yox idi.  

– Ümumiyyətlə, Qarabağda yaşayan ermənilər ancaq Xankəndi “Qarabağ”ına azarkeşlik edirdilər? Yoxsa Azərbaycanın digər klublarının da tək-tük erməni azarkeşi tapılırdı?

– Ağdamın “İmarət” stadionunda oyunlarımız unudulmaz olurdu. Stadionda yer qalmırdı, insanlar ağacların başına, hündür yerlərə çıxıb oyunları izləməyə məcbur olurdular. “İmarət”in ağacları tribunada yer tapmayan azarkeşlərin “əyləşmək” üçün ən yaxşı seçimi idi. Qarabağda yaşayan azərbaycanlılar, xüsusilə ağdamlılar, futbola böyük rəğbət bəsləyirdilər.

Ermənilər isə ancaq öz komandalarını tuturdular. İkinci liqa, Doqquzuncu zonada çıxış edən komandalar, səhv yadımda qalmayıbsa, Mingəçevirin “Avtomobilçi”, Gəncənin “Kəpəz”, Qazaxın “Göyəzən”, Xankəndinin “Qarabağ” və “Sumqayıt” komandası idi. Ermənilər yalnız Xankəndi “Qarabağ”ına azarkeşlik edirdilər.

– Bəs azərbaycanlı və erməni azarkeşlərin bir-biri ilə münasibəti necə idi? Mübahisələrin düşdüyü olurdu?

– 1987-ci ildə Mingəçevir və Xankəndi komandalarının qarşılaşması 0:0 hesabı ilə nəticələndi. Bu zaman azarkeşlər arasında böyük mübahisə düşdü. Dediyim kimi, Ağdamdan iki avtobus azarkeş gəlmişdi. Ağdamlılar o boyda stadionu susdurmuşdular. Erməni azarkeşlərə macal vermədilər. O zaman hamımız bilirdik ki, bir ağdamlının qarşısına on erməni də çıxsa, heç nə edə bilməzdi. Ağdamlıların sözü kəsərli idi.

– Erməni və azərbaycanlı futbolçular arasında ünsiyyət olurdu? Məsələn, Xankəndinin “Qarabağ” komandasının oyunçuları ilə azərbaycanlı futbolçuların münasibətləri necə idi? Oyundan əvvəl və ya sonra aranızda hansısa mübahisəli anlar yaşanmışdımı? Erməni futbolçular, hakimlər və komanda idarəçiləri Azərbaycan komandalarına qarşı necə davranırdılar?

– Mənim o dövrdə erməni futbolçularla ünsiyyətim yox idi. Həm də gənc idim, çoxunu tanımırdım. Amma nisbətən yaşlı futbolçularımız, xüsusilə Ağdamdan olanlar ermənilərlə ünsiyyət qururdular, salam-sağ ol edirdilər, oyundan öncə əl verib, görüşürdülər. 1987-ci ildə Xankəndinin “Qarabağ” komandasının heyətində yeganə azərbaycanlı Munis Abdullayev idi, biz onunla salamlaşırdıq. Amma oyunun içərisində mübahisələr yaşanırdı. Bəzən isə sadəcə, yola verirdik, futbol şərtlərinə uyğun matçları idarə edirdik.

– Bildiyimə görə, Xankəndinin “Qarabağ” klubuna hər mövsüm ancaq bir azərbaycanlı oyunçu götürürmüşlər. Həmin azərbaycanlıları isə Azərbaycanın digər klubları ilə qarşılaşma olanda ehtiyatda saxlayırmışlar. Belə məqamlar diqqətinizi çəkib həmin dövrdə? Ermənilərin bu addımının səbəbi, sizcə, nə ola bilərdi?

– Düzdür, həmin dövrdə Xankəndinin “Qarabağ” klubunda 1983-84-cü illərdən sonra hər mövsüm bir azərbaycanlı əsas heyətdə olurdu. 1986-cı ildə Samir Ələkbərov, 1987-ci ildə, dediyim kimi, Munis Abdullayev Xankəndi klubunun formasını geyinirdi. Onlardan əvvəl də azərbaycanlı – ağdamlı, bakılı – futbolçular Xankəndidə olmuşdular. Bəzən ikinci azərbaycanlı futbolçunu da götürürdülər, amma iki futbolçunu eyni anda əsas heyətdə görməmişəm. Azərbaycanlı futbolçuların bizim digər klublarımıza qarşı oyunlara buraxılmamasını xatırlamıram. Bəlkə də, belə hal yaşanıb, bunu həmin futbolçular daha yaxşı bilərlər. 

– Xankəndi stadionunda oynamaq istəyərsiniz? Yəni hansısa simvolik bir oyun üçün dəvət alsanız, razılaşarsınız?

– Çox istəyərəm, təki Allah qismət etsin. Simvolik bir oyun, məsələn “Qarabağ”ın və Azərbaycanın digər klublarının futbol veteranları arasında maraqlı oyun keçirilə bilər. Həmin oyunda forma geyinməyi çox istəyərdim.

– “Qarabağ” –  Mərkəzi Ordu İdman Klubu (MOİK) oyununa stadiondan, yoxsa efirdən baxacaqsınız?

– Bu dəfə müəyyən səbəblərdən stadiondan izləyə bilməyəcəyəm, efirdən baxacağam. Xankəndiyə qonaq qismində qatılmağa, oyuna azarkeşlik etməyə şərait yaradılsa, çox yaxşı olardı. Qismət deyilmiş. İstənilən halda, “Qarabağ” – MOİK oyununun məhz Xankəndidə keçirilməsi çox xoş addımdır. Bizə isə buna ancaq sevinmək düşür. Və bu gün Azərbaycan futbolunun azarkeşiyəm.

– Xankəndidə tamamilə yeni futbol klubunun yaradılması mümkündür, sizcə? Bu klubun adı nə olmalıdır?

– Xankəndidə yeni futbol klubunun təsis edilməsi çox yaxşı olardı. Adı isə elə “Xankəndi” olsa, münasibdir. Çünki bizim “Qarabağ”ımız artıq dünyaca məşhurdur, “Xankəndi”miz də elə bu adla dünya arenasına çıxarsa, Azərbaycanın futbol tarixi üçün fəxr ediləcək hadisədir.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir