İdman

Kapellonu Bakıya gətirən şəxs danışdı: “İrandan 200 nəfər iştirak edəcək” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Üç gün əvvəl İtaliyanın məşhur məşqçilərindən olan Fabio Kapellonun noyabrda Bakıya gələcəyi müəyyənləşdi. Apreldə məşqçilik karyerası ilə birdəfəlik vidalaşan 77 yaşlı mütəxəssis bunu sosial şəbəkə hesabında bəyan etdi. “Milan”, “Real”, “Roma”, “Yuventus” kimi klubları, İngiltərə, Rusiya kimi milli komandaları çalışdırmış Kapellonu bura gətirən isə Cənubi azərbaycanlı Reza İbrahimidir.

Prosport.Az hazırda futzal çempionatında çıxış edən “Rekord” klubuna rəhbərlik edən Reza İbrahimidən bununla bağlı müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Fabio Kapello Azərbaycana gələcək. Onun gəlişində sizin rolunuz var?

– Bəli. Avqustun 20-də onunla Azərbaycanda seminarının təşkil olunması ilə bağlı müqavilə bağlamışam.

– Onun səfərinin proqramı necə olacaq?

– Noyabrın 21-i axşam saat 10-da Bakıda olacaq. Bir gün sonra gənclər və idman naziri Fərid Qayıbovun və AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcək, Şəhidlər xiyabanını ziyarət edəcək. Noyabrın 23-də məşqçilər üçün seminar keçiriləcək. Ayın 24-də isə futbol akademiyaları üçün 2-ci seminar təşkil olunacaq. Noyabrın 25-i səhər isə İtaliyaya qayıdacaq.

– Onun gəlişi sizin maliyyə xərclərinizlə qarşılanacaq?

– Bəli, bəli.

– Bəs seminarlar harada keçiriləcək?

– “Pullman” hotelində. Oranın 5025 nəfərlik konfrans zalı var.

– Seminar yəqin ki, pullu olacaq. İştirak etmək istəyən şəxsin qeydiyyatı neçəyə başa gələcək?

– Hər seminarın qeydiyyatı üçün qiymət 100 manatdır. Bu gündən etibarən qeydiyyat başlayır. Xarici ölkələrdən isə 200 nəfər iştirakçı gələcək…

– Bilet elanı verməmisinizsə, onlar bunu necə əldə ediblər?

– İranda daha öncə bunu reklam etmişik.

– Nə əcəb bunu İranda yox, Azərbaycanda keçirmək qərarı verdiniz?

– Çünki neçə ildir ki, burada klubum var, burada yaşayıram.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir