İdman

Yaşar Bəşirov: “Maliyyə ilə bağlı çətinliyimiz var”

Sharing is caring!


“Maliyyə ilə bağlı çətinliyimiz var, sponsorumuz yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Hazırda sponsor axtarışında olduqlarını bildirən Y.Bəşirov Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün Gənclər və İdman Nazirliyindən maddi dəstək aldıqlarını söyləyib:

“Bildiyiniz kimi, Azərbaycan Karate Federasiyası yarandı və altı federasiyanı özündə birləşdirdi. Onlardan biri, ən əsası bizik. Çünki Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatlarında iştirak edən bizik. Qatıldığımız bütün yarışlarda ən yaxşılardan olmuşuq. Azərbaycan Karate Federasiyası ilə bir yerdə çalışırıq. Sponsor olanda daha çox yarışa getmək imkanı qazanırsan. Bu dəfə komandamızı Gənclər və İdman Nazirliyi maliyyələşdirdi. Ancaq Premyer Liqa və digər mötəbər yarışlara qatılmaq üçün bizə mütləq sponsor lazımdır. Yəqin ki, bu məsələ yaxın zamanlarda həll olunar”.

Federasiya prezidenti mundialda ümid bəslədiyi karateçilərin adlarını açıqlayıb:

“Həmişəki kimi, yarışa ciddi hazırlaşmışıq. Əlbəttə, yüksək nəticələr qazanmaq istəyirik. Təəssüf ki, liderimiz Rafael Ağayev artıq heyətdə yoxdur. Bəzi karateçilər də zədə səbəbindən yarışda iştirak edə bilməyəcəklər. İrina Zaretskanın (68 kq) üçüncü dəfə dünya çempionu olmaq şansı yüksəkdir. Asiman Qurbanlı (+84 kq) komandanın lideri olaraq qalır. Ondan da yaxşı nəticə gözləyirik. Rafael Ağayevdən sonra ikinci dünya çempionumuz Asiman ola bilər. Tural Ağalarzadə (67 kq) də son vaxtlar uğurlu çıxış edir. Ona da inamımız böyükdür. Gənclərdən isə Avropa çempionu Əminağa Quliyev (60 kq) və Mədinə Sadıqovadan (55 kq) parlaq çıxış gözləyirik. Fidan Teymurova (50 kq) iki dəfə gənclər arasında dünya çempionatının finalçısı olub. O da öz sözünü deyə bilər. Bundan başqa, kişilərdən ibarət komandamız kollektiv şəkildə çox güclüdür”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın 18 karateçisi mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir