İdman

Millimizin sabiq hücumçusu: “Avstriya vəsiqəni Bakıda qazana bilməyəcək”

Sharing is caring!


“Avstriya Avropa çempionatına vəsiqəni Bakıda qazana bilməyəcək. Fikrimcə, onların məsələsi son tura qalacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Musayev komandanın AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssis rəqibin Bakıdakı görüşə yüksək motivasiya ilə çıxacağını düşünür. Keçmiş hücumçu millimizin seçmə mərhələdəki nəticələrinə də münasibət bildirib:

“Avstriya bura çox motivasiyalı gəlib. Çünki qələbə qazansalar, final mərhələsinə yollanacaqlar. Bu şansı qaçırmaq istəməyəcəklər. İşi son matça saxlamamaq üçün əllərindən gələni edəcəklər. Əminəm ki, yığmamız da ən azı bir xal qazanmağa çalışacaq. Seçmə mərhələdə qazanılan 4 xal qənaətbəxş nəticə deyil. Yığmamızın potensialı bundan artığına imkan verir. Sadəcə, komanda oyununu çox gec tapdı. Artıq heç nəyi dəyişə bilmərsən”.

S.Musayev millinin gələcəyindən ümidli danışıb:

“Yığmanın oyununda qeyri-adi nəsə yoxdur. Ancaq Estoniya üzərində qələbə komandada ruh yüksəkliyi yaradıb. Həm də heyətdə gənclər üstünlük təşkil edirlər. Onlar da motivasiyalı olurlar. Düşünürəm ki, baş məşqçinin kimliyindən asılı olmayaraq, komandamız getdikcə düzələcək. Bunun üçün də çempionatın səviyyəsi artmalı, legionerlərimizin sayı çoxalmalıdır”.

Hazırda “Qarabağ”ın akademiyasında çalışan məşqçi futbolçuların ölkə xaricində çıxış etmələrinin vacibliyini xüsusi vurğulayıb:

“Son vaxtlar futbolçularımız ölkə xaricində çıxış etməyə başlayıblar. Ancaq legionerimiz bundan da çox olmalıdırlar. Futbolda hər şey bir-birinə bağlıdır. Yaxşı futbolçu olmaq akademiyadan, uşaq məşqçilərindən, yaxşı milli formalaşdırmaq isə oyunçuların beynəlxalq təcrübələrindən asılıdır. Bununla yanaşı, çempionatın səviyyəsi də artmalıdır ki, buradakı futbolçular Avropa futbolunun yüksək tempinə hazır olsunlar”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir