İdman

Rövşən Hüseynli: “Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”

Sharing is caring!


“Qazaxıstanla keçirəcəyimiz iki oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raundunda üz-üzə gələcəkləri Qazaxıstanla oyunlar barədə danışarkən deyib.

Karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirən qolkiper qarşıdakı matçlarda şansları yarı-yarıya görür:

“Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər”.

R.Hüseynlinin fikrincə, rəqibin əsas üstünlüyü oyunçuların daha rəqabətli çempionatda çıxış etmələridir:

“Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında. Amma Qazaxıstan çempionatı da bu gün Avropada seçilən liqalardandır. Klublar bir-biriləri ilə başabaş mübarizə aparacaq gücdə olduqlarından, oyunçular daha hazırlıqlı olur. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq”.

Futzalçı əsas məqsədlərinin Bakıdakı ilk görüşdə Qazaxıstana qalib gəlmək olduğunu söyləyib: “Doğma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaqlar. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk matçdan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da qarşılaşmaya ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar”.

Millinin üzvü hesab edir ki, Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderland üzərindəki böyükhesablı qələbəni seriyaya çevirə bilərlər:

“Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra, demək olar ki, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik”.

Rövşən Hüseynli Qazaxıstanda çıxış etdiyi üçün topladığı məlumatları baş məşqçiyə çatdıracağını sözlərinə əlavə edib:

“Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 6-da Qazaxıstanı Bakı İdman Sarayında qəbul edəcək. Ayın 11-də bu komandalar Astanadakı Jekpe-Jek Sarayında qarşılaşacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir