İdman

Rafiq Hüseynov: “Sevinirəm ki, atamın 28 il əvvəl mənə bağladığı ümidləri doğrultdum”

Sharing is caring!


“Sevinirəm ki, Azərbaycan yunan-Roma millisi tarixdə ilk dəfə komanda hesabında dünya çempionu oldu və mən də bu komandanın üzvüyəm. Buna görə fəxr edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 82 kiloqram çəki dərəcəsində qalib olan idmançı tarixi nailiyyətə imza atdıqlarını bildirib:

“Sevindirici haldır ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına altı mümkün lisenziyadan ikisini əldə etdik. Gələcəkdə daha iki lisenziya turniri olacaq. Həmin yarışlarda digər lisenziyaları əldə etməyə çalışacağıq. İlk dəfə bir dünya çempionatında iki qızıl medal qazandıq. Tarixi nailiyyətdir. Bu, təkcə bizim zəhmətimiz deyil. Ölkə rəhbərliyinin idmana qayğısını, nazirliyin, Azərbaycan Güləş Federasiyasının diqqətini xüsusilə qeyd etmək istərdim. Məşqçilərimizin, həkimlərimizin, yığma üzvlərinin hər birinin bu uğurda payı var. Şəxsən hər birinə təşəkkür edirəm”.

Karyerasında ikinci dəfə dünyanın ən güclüsü adını qazanan R.Hüseynov bu nailiyyətin güləşə başladığı günə təsadüf etdiyini xatırladıb:

“Mənim üçün yaddaqalan gün oldu. İlk dəfə 1995-ci ilin həmin günü atam məni güləş zalına aparmışdı. Təsadüfən elə alındı ki, məhz bu gündə dünya çempionu oldum. Sevinirəm ki, atamın 28 il əvvəl mənə bağladığı ümidləri doğrultdum və  onu sevindirdim. Bundan sonra da yeni nailiyyətlər əldə etmək və azarkeşlərimizi sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir