İdman

Azərbaycanda hakimləri təhqir edən məşqçilərin cəzası açıqlandı

Sharing is caring!


“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Hadisə Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununda baş verib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən iki matç şərti olmaqla beş oyunluq cəza kəsilib. Sınaq müddəti üç ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov da eyni cəza ilə üzləşib. Mütəxəssis “Zirə”yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəbindən ikisi şərti olmaqla beş oyunluq cəzalanıb. Abasova üç ay sınaq müddəti təyin edilib. Klub isə buna görə 4000 manat ödəməli olacaq.

Bundan əlavə, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün “Sumqayıt” əlavə 800 manat cərimələnib.

Komitə “Zirə” fanatlarının da eyni hərəkətinə görə paytaxt klubuna 800 manat cərimə kəsib. “Qartallar”ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir