İdman

Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında olimpiadaya minimum altı lisenziya hədəfləyirik”

Sharing is caring!


“Dünya çempionatında olimpiadaya minimum altı lisenziya hədəfləyirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı hədəfləri barədə danışarkən deyib.

O, mundiala döyüşkən heyətlə yollanacaqlarını bildirib:

“Qeyri-olimpiya çəkilərində daha çox gənclərə üstünlük vermişik. Olimpiya çəkilərində isə təcrübəlilər yarışacaqlar. İdmançılarımız dünya çempionatında öz sözlərini demək istəyirlər. Maksimum güclərini ortaya qoymaları üçün çalışırıq. Avropa çempionumuz Əliabbas Rzazadədən (57 kq) minimum olimpiadaya lisenziya qazanmağı gözləyirəm. Ambisiyalı insanam, maksimumu arzulayan insan kimi, onun dünya çempionu olmasını istəyirəm”.

Mütəxəssis dördqat dünya çempionu Hacı Əliyevdən (65 kq) uğurunu təkrarlamasını gözləyir:

“Dünya və Avropa çempionumuz Hacı Əliyevə ümidimiz böyükdür. O, hazırda çox yaxşı formadadır. İnanıram ki, hansısa zədə və ya problem onun yenidən dünya çempionu olmasına mane olmayacaq”.

Baş məşqçi 74 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı Turan Bayramovla bağlı da xoş fikirlər səsləndirib:

“Turan Bayramov istedadlı gənclərimizdəndir. O, bu il gənclər arasında Avropa çempionatının qalibi olub, beynəlxalq turnirdə uğurlu çıxış edib. Təlim-məşq toplanışını da yüksək səviyyədə keçirib. Hər şey öz əlindədir. Fikrimcə, qızıl medal qazanmağa, ən pis halda olimpiadaya lisenziya əldə etməyə hazırdır”.

X.Qazyumov digər güləşçilərdən Abubakar Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvilidən (125 kq) də dünya çempionluğunu gözləyir:

“İstər olimpiya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticə hədəfləyirik. Bunun üçün güləşçilərimiz xarakter nümayiş etdirməli və görüşlərə yüksək motivasiya olunmalıdırlar. Əlbəttə ki, rəqiblər güclüdürlər. Ancaq bizim üçün ən vacibi özümüzük. Hansısa komandanın bizə maneə törədəcəyi barədə düşünmürük”.

Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 sərbəst güləşçi ilə yollanacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir