İdman

Son illərin ən maraqlı Azərbaycan çempionatı: Gözlənilməz nəticələrin səbəbi nədir?

Sharing is caring!


Milli komandaların oyunları ilə əlaqədar fasiləyə qədər Azərbaycan Premyer Liqasında son illərin ən maraqlı və gözlənilməz startı reallaşıb. Geridə qalan beş turda (“Sabah” və “Sumqayıt” dörd oyun keçiriblər – red.) heç bir komandanın itkisiz irəliləyə bilməməsi, nəticələrin bir çox hallarda təxminedilməz olması diqqət çəkib.

V turda buna qədər bütün matçları qələbə ilə başa vuran “Zirə” Qəbələ səfərində məğlubiyyətlə üzləşib. Maraqlıdır ki, yerli komanda ilk xallarını məhz bu görüşdə əldə edib.

Çempionluğa əsas iddialı “Qarabağ” “Səbail”lə səfər oyununda 1:2 hesablı məğlubiyyətlə düçar olub. Son illər bütün mövsüm ərzində maksimum 1-2 dəfə uduzan Ağdam klubu bu dəfə cəmi beş turda artıq iki dəfə meydanı xalsız tərk edib.

V turda “Sabah” da uğursuzluqla üzləşib. Ötən mövsümün gümüş mükafatçısı evdə gözlənilmədən “Turan Tovuz”a böyük hesabla (0:3) uduzub.

“Kəpəz” öz meydanında Premyer Liqanın yeni komandası “Araz-Naxçıvan”la bacarmayıb. Turun yeganə gözlənilən nəticəsi “Neftçi”nin səfərdə “Sumqayıt”ı məğlub etməsi hesab oluna bilər.

Ümumən beş turda o qədər gözlənilməz nəticə qeydə alınıb ki, artıq hansısa qarşılaşmada komandalardan birinin aşkar favorit olduğunu demək çətindir. Təsəvvür edin, “Kəpəz” “Neftçi”ni məğlub edir, “Qarabağ”a uduzmur, amma öz meydanında “Araz-Naxşıvan”a boyun əyir. Yaxud mövsümə böyükhesablı məğlubiyyətlə başlayan “Səbail” səfərdə “Turan Tovuz”a, evdə “Qarabağ”a qalib gəlir. Həmin “Turan Tovuz” rəqib meydanında “Sabah”ın qapısından üç cavabsız top keçirir. “Qarabağ”dan, “Sabah”dan güclü olan “Zirə” xalsız “Qəbələ”yə uduzur və s.

Turnir cədvəlinə nəzər yetirdikdə mənzərə olduqca qəribə görünür. Son məğlubiyyətə baxmayaraq, “Zirə” 12 xalla vahid liderdir. Halbuki mövsümdən əvvəl “Qarabağ”, “Sabah” və “Neftçi” daha iddialı hesab edilirdi. Doqquz xalla ikinci olan “Turan Tovuz”un nəticəsi də gözlənilməzdir. “Neftçi” səkkiz xalla ilk üçlüyü qapayır. Dörd komandanın yeddi xalı var: “Sumqayıt”, “Qarabağ”, “Səbail” və “Araz-Naxçıvan” növbəti pillələri bölüşdürürlər. “Sabah”la “Kəpəz” dörd xala malikdirlərsə, “Qəbələ” üç xalla sonuncu – 10-cudur. “Qırmızı-qaralar”ın nəticəsi də gözlənilməzdir. Əyalət təmsilçisi bu yay Azərbaycanı avrokubokda təmsil edib, ötən mövsümün dördüncüsü və ölkə kubokunun sahibidir. Hazırda isə autsayder hesab olunur.

Premyer Liqada mövcud vəziyyət, rəqabətli mühitin formalaşması azarkeşlərin çempionata marağının artmasına səbəb olub. Ən azı, sosial şəbəkələrdə liqanın çox müzakirə olunması bunu deməyə əsas verir. Əksər fikirlərə görə, bu, son illərin ən maraqlı çempionatıdır.

Bəzi fikirlərə görə, “Qarabağ”, “Sabah” kimi komandaların güc itirməsi mövcud vəziyyətin yaranmasına səbəb olub. Lakin bir çox mütəxəssislər də belə hesab edirlər ki, klublar yay transfer pəncərəsindən faydalı istifadə ediblər. Hamının güclənməsi yekunda rəqabətin artmasına səbəb olub.

Ümumiyyətlə, gözlənilməz nəticələrin, favoritlərin ardıcıl xallar itirməsinin əsas səbəbləri kimi hələ hazır olmamaları, heyətdə ciddi dəyişikliklərdir. Məsələn, “Neftçi” tamamilə yenilənib. “Qarabağ”ın bəzi liderləri gedib, yeni transferlər hələlik istənilən performansı göstərmirlər. Komanda Avropada çıxışını davam etdirdiyi üçün çempionat matçlarında çoxlu rotasiyalara əl atılır. Yaxud “Sabah” iki əsas heyət oyunçusunu əldən verib. Üstəlik, komanda Konfrans Liqasında Serbiya “Partizan”ına dramatik məğlubiyyətdən sonra psixoloji olaraq özünə gələ bilmir. Bu məqamlar digər klubların işinə yarıyır.

Əlbəttə, zaman keçdikcə daşların yerinə oturacağı, komandaların güclərinə daha uyğun pillələrdə qərarlaşacağını proqnozlaşdırmaq olar. Ümumən hələ qarşıda 31 tur var. Bu müddət ərzində çox şey dəyişə bilər və güman ki, dəyişəcək də. İndiki qarışıq dönəmdən hansı komanda daha uğurlu çıxa bilsə, onun da yekunda üst pillələrdə qərarlaşmaq şansı daha yüksək olacaq. Hələlik zövq verən çempionatdan həzz almaq üçün yaxşı fürsətdir. Son tura qədər ən azı çempionluq və elitada qalmaq mübarizəsinin belə gərgin qalmasından yekunda yalnız ölkə futbolu xeyir qazanar.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir