İdman

“Olimpiya”nın standart təhlükələri: “Qarabağ” üçün su gələn arxa bir də gələcəkmi?

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, Lyublyana təmsilçisi gənc klubdur. “Olimpiya” 2005-ci ildə yaradılıb. Bununla belə, komanda 18 ilə kifayət qədər uğur sığışdıra bilib.

Ev oyunlarını 16 min 38 tamaşaçı tutumuna malik “Stojitse” stadionunda keçirən “əjdahalar” üç dəfə ölkə çempionu olublar, dörd dəfə isə Sloveniya Kubokuna sahib çıxıblar.

Klub avrokuboklarda heç vaxt qrup mərhələsində oynamayıb. İki dəfə pley-off üzü görüb. Buna qədər 2018/19 mövsümündə Avropa Liqasında qrupun bir addımlığına gələn “Olimpiya” orada Slovakiya “Spartak”ına (Trnava) ilişib.

“Olimpiya” heyətinin dəyərinə görə (12,40 milyon avro) “Qarabağ”dan (14,60 milyon avro) geri qalır. Komandanın ən bahalı oyunçuları 1,3 milyon avro qiymətə malik müdafiəçi Marçel Ratnik və yarımmüdafiəçi Timi Maks Elsnikdir. Elsnik həm də komandanın kapitanıdır. “Olimpiya”nın baş məşqçisi portuqaliyalı Joau Enrikedir. O, bu posta iyunda təyin olunub. Komandanı çempion edən isə ispaniyalı Albert Riera olub.

“Ağ-yaşıllar”ın heyətində legionerlər üstünlük təşkil edirlər. Komandanın 14 əcnəbi futbolçusu var.

Baş məşqçi daha çox 4-4-2, 4-3-3, 5-3-2 kimi taktiki sxemlərdən istifadə edir. Əsas sistem 4-4-2 üzərində qurulub. Oyunun gedişində bu, fərqli formalar ala bilir.

Komandanın Azərbaycan klubları üçün standart sayıla biləcək təhlükəli məqamları var. Bunlardan birincisi elə standart vəziyyətlərdir. Nəzərə alsaq ki, “Qarabağ”, onsuz da, bu baxımdan problem yaşayır, xüsusi diqqətlə yanaşmaqda fayda var. “Olimpiya” künc zərbələri, cərimə zərbələrində çox təhlükəlidir. Qapıya yaxın mövqelərdə qayda pozuntularından çəkinmək lazımdır.

“Əjdahalar”ın oyun üslubu, əsasən, cinah keçidləri və qapı qarşısına asmalar üzərində qurulub. Ucaboy oyunçuların olması onlara bundan istifadə etməyə imkan verir.

Rəqib qapıya çox yaxınlaşmaq əvəzinə, uzaq məsafədən zərbələr endirməyə üstünlük verir. “Qarabağ”ın bu mövsüm bir neçə belə qol buraxdığı nəzərə alınsa, bu məqamda da diqqətli olmaq lazımdır.

Ümumən, “Olimpiya” futbolçuları qol vurmaq üçün imkan qazandıqda nadir hallarda onu boşa verirlər. Hücum oyunçuları daim qapını axtaran, fürsət yaranan kimi zərbə vuran futbolçulardır.

Rəqibin ən təhlükəli oyunçusu Rui Pedrodur. Vaxtilə “Portu”da çıxış etmiş portuqaliyalı forvard bu mövsüm 10 oyunda beş qol vurmağa və bir assist etməyə müvəffəq olub. “Qarabağ” müdafiəsi onu zərərsizləşdirə bilsə, rəqibin hücum potensialını xeyli azaltmış olacaq.

Ağdam klubunun “Olimpiya”nı cəzalandırmaq üçün də kifayət qədər silahları var. Rəqib cinahlarda hücum baxımından güclü olsa da, müdafiə cəhətdən bunu demək çətindir. Xüsusən, Abdullah Zubiri saxlamalı olan müdafiənin sağ cinahını zəif nöqtə hesab etmək olar.

Bundan başqa, rəqibin orta xətti “Qarabağ”la müqayisədə zəif görünür. Ağdam klubu topu özündə saxlamaqla üstünlük əldə edə bilər. Ümumilikdə “Qarabağ”ın texnikalı oyunçuları rəqibin müdafiəsini yarmaqda çətinlik çəkməməlidirlər.

Yeri gəlmişkən, Azərbaycan çempionu daha əvvəl bir dəfə “Olimpiya”ya qalib gəlməyi bacarıb. UEFA Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsində bu komanda ilə üz-üzə gələn “atlılar” səfərdə minimal hesabla qalib gəlib, Bakıda qolsuz heç-heçə ilə mərhələ keçiblər.

Tərəflər arasında ilk oyun sabah keçiriləcək. Lyublyanada baş tutacaq matç Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir