İdman

Fərid Cəlalov: “Voleybol millimiz zəif deyil, qitə çempionatında yaxşı nəticəyə ümid edirik”

Sharing is caring!


“Bizim komandamız zəif deyil. Yaxşı nəticəyə ümid edirik”.

Bunu “Report”a açıqlamasında voleybol mütəxəssisi Fərid Cəlalov qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı şansları barədə danışarkən deyib.

Hazırda kişilərdən ibarət “Murov” komandasını çalışdıran mütəxəssis yığmanın qrupdan çıxaraq növbəti mərhələyə adlaya biləcəyini söyləyib:

“Millimiz, demək olar ki, əsas heyətini formalaşdırıb. Çətin qrupdayıq, amma şans hər zaman var. Rəqiblərə qalib gələ bilərik. Qruplarda ilk dörd yeri tutanlar pley-offa yüksələcəklər”.

Cəlalov Millətlər Liqasının son qalibi Türkiyə seçməsinin rəqiblər sırasında olmasına münasibət bildirib:

“Bəzən olimpiya çempionları da növbəti turnirlərdə gözlənilmədən məğlub olurlar. Komanda idman növlərində istənilən nəticə qeydə alına bilər. Millimizin sərgiləyəcəyi oyundan çox şey asılıdır”.

Baş məşqçi Çinin Çendu şəhərində təşkil olunan XXXl Ümumdünya Yay Universiadasına yollandıqları üçün qadınlardan ibarət millinin yoxlama oyunlarını izləyə bilmədiyini vurğulayıb:

“Sadəcə, Belarusla son qarşılaşmaya baxmışam. Ona əsasən deyə bilərəm ki, qənaətbəxş hesab etmək olar”.

Mütəxəssis Polina Rəhimovanın uzun fasilədən sonra komandaya qayıtmasına da toxunub:

“O, hücum planında kollektivə güc qatacaq. Polina Rəhimova dünyada sayılıb-seçilən voleybolçudur və mütləq komandaya faydası dəyəcək. Digər oyunçularımızın da əksəriyyəti xarici klublarda çıxış edir. Öz komandalarında olduğu kimi, yığmada da fərqlənəcəklərinə inanıram. Millinin yeni türkiyəli baş məşqçisi Ataman Güneyligillə də görüşmüşəm. Münasibətimiz yaxşıdır, söhbətimiz olub. Onun da etimadı doğruldacağına ümid edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir