İdman

Şəhriyar Məmmədyarov: “Karyeramın son illərini keçirdiyimi düşünürəm” – MÜSAHİBƏ

Sharing is caring!


İyulun 29-da Bakıda şahmat üzrə Dünya Kuboku start götürəcək.

Planetin 206 kişi və 103 qadın şahmatçısının qatılacağı yarışda Azərbaycan millisi 18 nəfərlə təmsil olunacaq.

Kişilərin yarışında favoritlərdən biri də Şəhriyar Məmmədyarovdur. Turnirin ən reytinqli (2742) 9-cu qrosmeysteri olan azərbaycanlı dünya çempionu bu dəfə Dünya Kubokunun qalibi olmaq niyyətindədir.

“Report”un suallarını cavablandıran 38 yaşlı Şəhriyar Məmmədyarov karyerasının son illərini keçirdiyini də etiraf edib.

– Artıq sabah Dünya Kubokunun açılış mərasimi olacaq. Mötəbər turnirə hazırsınız?

– Dünya Kuboku özümü ən yaxşı tərəfdən göstərə biləcəyim turnirdir. Təəssüf ki, uzun illərdir bu yarışda öz performansımı sərgiləyə bilmirəm. Bir neçə il əvvəl Dünya Kubokunda 1/4 finala qədər uğurla irəlilədim, ancaq həmin mərhələdə mübarizəni dayandırdım. Düşünürəm ki, həmin vaxtlar çox stresli idim. Yəqin ki, bu dəfə daha rahat oynayaram. Öz oyunumu göstərə bilsəm, böyük uğurlar qazanaram.

– Dediniz ki, uzun müddətdir Dünya Kubokunda uğur qazana bilmirsiniz. Bu dəfə tilsimi qırmaq mümkün olacaq?

– Hər zaman bunu istəyirəm. Bilirsiniz, şahmatçının karyerası sonsuz deyil. Yaş artdıqca ağır dönəmlər olur. Ümid edirəm ki, karyeramın son illərində istədiyim nəticəni əldə edə biləcəyəm.

– Birinci olmaq üçün bir çox yüksək reytinqli qrosmeysterləri, xüsusən də, Maqnus Karlseni üstələməlisiniz. Buna hazırsınız?

– Karlsen üzərində qələbələrimiz az olmayıb. O, dünyanın bir nömrəli şahmatçısıdır. Bunu heç kim müzakirə etmir. Amma onu dəfələrlə məğlub etmişik. Karlsen özü də heç vaxt Dünya Kubokunun qalibi ola bilməyib. Onun uğur qazana bilmədiyi yeganə turnir məhz Dünya Kubokudur.

– Azərbaycan millisinin şahmatçılarından bu yarışda hansı nəticəni gözləyək?

– Komandamızdan, xüsusən də, gənclərimizdən inamlı çıxış gözləyirəm.

– Dediniz ki, karyeranızın son illəridir. Şahmatdan nə vaxt gedəcəyinizi müəyyənləşdirmisiniz?

– Bunu hələ qətiləşdirməmişəm. Amma görürəm ki, illər keçdikcə mübarizə çətinləşir. Bu amili nəzərə alaraq karyeramın son illərini keçirdiyimi düşünürəm. Şahmatda artıq gənclərin dövrü gəlib. Uğurlu çıxış etsəm, bəlkə də, çox davam etdim.

– Azərbaycanda yeni şəhriyarlar yetişirmi?

– İstedadlı gənc şahmatçılarımız var. Ola bilsin ki, bizim gənc yaşda əldə etdiyimiz nəticələrdən geri qalırlar. Ancaq hər şey bir anda dəyişə bilər. Gənclərimizdən uğurlu çıxışlar gözləyirəm. Dünyanın ilk üçlüyünə, beşliyinə düşmək çox çətindir. Buna sadə baxmaq olmaz. Gənclərimiz bu gün hansısa uğur qazanırlarsa, bunu bizim nəticələrimizlə müqayisə etmək düzgün deyil. Çünki onlar dünya gəncləri üçün uğurludurlar. Bu əsrin əvvəllərində bizdə qızıl üçlük var idi – mən, Teymur Rəcəbov və Vüqar Həşimov. Biz dəfələrlə dünya reytinqinin ilk onluğuna düşmüşük. Hətta mən ikinci sırada da olmuşam. Bu, çox böyük nailiyyətdir. Yaxın gələcəkdə artıq gənclərlə çalışmağa başlayaraq, onların inkişafına öz töhfəmi verəcəyimə ümid edirəm.

– Şahmat tacını Bakıya gətirmək perspektivində gördüyünüz biri var?

– Əlbəttə, gənc şahmatçılarımız bizə bu ümidi verirlər. İnanırıq ki, onlar bunu bacaracaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir