İdman Manşetüstü

“Zirə”nin baş məşqçisi: “Bir neçə futbolçu ilə razılıq əldə olunub”

“Sevindirici haldır ki, məşqlərin bərpasına icazə verilib. Amma 3 ayadək fasilədən sonra çətinliklərimiz olacaq, əsasən də zədələr qaçılmazdır”.

Bu fikirləri Xəbəral.az-a açıqlamasında “Zirə” komandasının baş məşqçisi Zaur Həşimov deyib. 39 yaşlı mütəxəssis bildirib ki, AFFA-dan məşqlərin startı üçün xəbər gələcəyi andan hazırlıqlara başlayacaqlar.

Həşimov digər ölkələr kimi, Azərbaycanda da çempionatın bərpasına qərar verilməsinin təqdirəlayiq addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırkı durumda ən azı 4 həftə lazımdır ki, futbolçular forma yığsın.

Baş məşqçi müqavilələri başa çatan oyunçuların yayda oynama ehtimalından da danışıb: “Bizim komandada danışıqlar prosesi davam edir. Artıq bir neçə futbolçu ilə razılıq əldə olunub, adlarını isə açıqlamaq istəmirəm. Hazırda yayda oynamaqla bağlı razılaşmayan yoxdur. Oyunçularla danışırıq, görək necə olacaq. Hələ ki, heç kiminlə vidalaşmağı düşünmürük”.

Qeyd edək ki, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında Azərbaycan Premyer Liqasının taleyi müzakirə olunacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir