İdman

“Neftçi”nin darmadağını: Pis tendensiya və üzə çıxan problemlər

Sharing is caring!


Son illərdə “Neftçi”nin böyükhesablı məğlubiyyətləri adiləşib. Ancaq bu məğlubiyyətlər bir qayda olaraq “Qarabağ”la görüşlərdə və ya avrokubok oyunlarında qeydə alınırdı. Premyer Liqanın 33-cü turunda “Turan Tovuz” səfərindəki 0:4 hesablı məğlubiyyət bu baxımdan gözlənilməz oldu.

Tovuz klubu Premyer Liqaya bu mövsüm qayıdıb. Baş məşqçi Ayxan Abbasov möhkəm komanda formalaşdırmağı bacarıb. “Turan Tovuz” elitanın ortabablarındandır, kubokda yarımfinala qədər irəliləməyi də bacardı və orada son dəqiqə qolları ilə elə “Neftçi”yə uduzub, mübarizəni dayandırdı. Ancaq debütantın ilk ilində xoş təsir bağışlaması əsas vermir ki, “Neftçi” ona belə hesabla uduzsun.

“Ağ-qaralar”ın mövsümü neçənci sırada başa vuracağı dəqiqləşib. Komanda bütün matçlarda qələbə də qazansa, məğlub da olsa, bürünc medalları qazanacaq. Titul ümidi kubokun finalınadır. Düşünmək olar ki, artıq çempionat üçün komandanın motivasiyası qalmayıb. Ancaq heç bu da əsas vermir ki, “Neftçi” gedib debütanta tarixi adına belə biabırçı hesabla uduzsun.

Üstəlik, meydana buraxılan heyət də kifayət qədər normal idi. Ümumiyyətlə, “Neftçi” oyunçu keyfiyyətinə görə “Turan Tovuz”dan xeyli üstündür.

Bəs necə olur ki, komanda belə acınacaqlı məğlubiyyətlə üzləşir?

İlk növbədə “Neftçi”də heç bir stabillik yoxdur. Baş məşqçi Laurentiu Regekampf nəinki nəticələrdə, heç heyətdə sabitlik yaratmağı bacarmayıb. Komanda az qala hər matça fərqli 11-liklə çıxır. Bu, problemdir, çünki futbolçuların oyun üslubunu qavramasını, bir-birilərinə adaptasiyasını çətinə salır. Əlbəttə, oyun üslubu varsa…

Regakampfın “Neftçi”si meydanda nə göstərmək istəyir? Rumıniyalı baş məşqçi təyin ediləndə komandasının dominant futbol oynayacağını, pressinq edəcəyini, baxımlı oyun göstərəcəyini demişdi. Mövsüm başa çatır, ancaq hələ bunların heç az faizini görmək mümkün olmayıb. Yaradıcılıq problemi yaşayan “ağ-qaralar”da sanki cinah asmalarından başqa heç bir  hücum variantı yoxdur. Baxımsız, süst futbol, bir çox hallarda oyunçuların fərdi keyfiyyətlərinin önə çıxması ilə əldə edilən nəticələr…

Gedişat, təbii ki, azarkeşləri narazı salır. Onlar sosial şəbəkələrdə üsyan qaldırıblar. “Neftçi”sevərlər təkcə baş məşqçinin göndərilməsinin yetərli olmayacağını düşünürlər. Onların fikrincə, artıq kütləvi istefaların vaxtıdır.

“Neftçi”də pis tendensiya yaranıb və bu, ardıcıl uğursuzluqların təkrarlanmasını labüdləşdirən əsas səbəblərdəndir.

Söhbət ondan gedir ki, klub qərar verməkdə çox zaman gecikir. Keçən yay yaşananlar buna nümunədir və eyni hal bir neçə dəfə təkrarlanıb.

Nəticələr uğursuz olur, lakin inadla buna əsas cavabdeh şəxs – baş məşqçi postunda saxlanır.

İkinci addım mövsüm başa çatdıqdan sonra atılır. Bu zaman çalışdırıcı yola salınır.

Yeni baş məşqçi axtarışları başlayır və bu, uzun çəkir.

Təlim-məşq toplanışına günlər qalmış 2-3-cü də yox, 4-5-ci variant olan hansısa mütəxəssis komandanın başına gətirilir.

Ardınca transferlər də yubanır və bu, yekunda özünü uğursuz nəticələrdə göstərir. Yekunda, baş məşqçinin yaxşı bəhanəsi olur: İşləmək üçün kifayət qədər vaxt tapmayıb!

Ssenari ümumən Azərbaycan klubları üçün ortaqdır və son illərdə “Neftçi” də eyni “tendensiya”dan kənar qalmır.

Kubokun finalına yüksəlmək, lap tutaq ki, titula yiyələnmək o anlama gələcək ki, mövsüm uğurlu keçib? Bəs çempionatda “dünənki” “Sabah”dan geri qalmaq, Tovuz biabırçılığının hesabatını kim verməlidir?

Bu heyətlə eyni nəticələri istənilən yerli məşqçi əldə edərdi. Bunun üçün Rumıniyadan yüksəködənişli mütəxəssis gətirməyə ehtiyac yox idi.

“Neftçi” köklü islahatların astanasındadır. Həm gedişat bunu göstərir, həm də kuluarlarda gəzən söz-söhbətlər bunu deyir. Hətta kuboku qazanmaq da, çətin ki, prosesi yubatsın. Yay “ağ-qara” düşərgədə çox hərarətli keçəcək. Xilas üçün keçməlidir də.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir