İdman

Halqada adrenalin: Tarixi Bakı küçələri yeddinci dəfə trekə çevrildi – REPORTAJ + FOTO

Sharing is caring!


Azərbaycan artıq yeddinci dəfə “Expect the unexpected”, yəni “Gözlənilməzə hazır olun” şüarı ilə tarixi Bakı küçələrini “Formula-1” trekinə çevirib. “Formula-1”də mövsümün ən maraqlı mövzularından biri də Xəzər dənizinin sahilində salınan küçə trekində yarışın necə olacağıdır.

Bildiyiniz kimi, “Formula-1” Azərbaycan Qran-prisi hər il öz unikallığı və yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il də ölkənin ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan yarışlar üçün işlər fasiləsiz olaraq davam edir.

Heç şübhəsiz, Bakı Şəhər Halqası müxtəlif çətinlikli 20 döngəsi və Xəzərə paralel möhtəşəm trası ilə yenidən təqvimin sevimli treklərdən biri olacaq.

Təkcə paytaxtımızda olanlar deyil, həm də milyonlarla insan televizorları qarşısında “Formula-1” bolidlərinin qızğın “döyüş”ünü şəhərin mənzərəli küçələrində, UNESCO tərəfindən qorunan tarixi İçərişəhərin ətrafında, möhtəşəm Xəzər dənizinin sahillərində və Bakının müasir siluetində izləyəcək. 28-30 aprel tarixlərində keçiriləcək yeddinci “Formula-1” Azərbaycan Qran-prisində artıq ilk gün həyəcanı yaşanır.

Hər il olduğu kimi, bu təqvim ilində də yeniliklərlə seçilməyi sevən Bakı Şəhər Halqasında ilk dəfə sprint yarışlarını izləmək imkanımız olacaq. Bilməyənlər üçün qısaca qeyd edək ki, sprint yarışları həftəsonu əsas yarışın qısaldılmış versiyasıdır və burada əsas yarışla müqayisədə daha az kilometr tamamlanır.

Maraqlı digər məqamlardan biri də təbii ki, bu təqvimdə “Bakı sindromu”nun davam edib-etməyəcəyidir. Dünya çempionatının Azərbaycan mərhələsində indiyədək hər il müxtəlif pilotlar qalib gəliblər. Bu baxımdan, Azərbaycan Qran-prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Məhz ona görə “Formula-1” mütəxəssisləri yaşanan vəziyyətə “Bakı sindromu” adını veriblər. “Formula-1”ə təkcə avtoidman yarışları kimi baxmaq ona haqsızlıq olar. Çünki yarışların keçirildiyi ölkəyə PR və iqtisadi qazanc buketini təqdim edir. 

Nəzərə alsaq ki, dünyadan milyardlarla insan bu yarışları “dörd gözlə” izləyir, o zaman ölkənin tanıdılması üçün bundan yaxşı vasitə, yəqin ki, çətin tapılar. Bakı yarışlarının gözlənilməz nəticələri, yarış zamanı trasda baş verən maraqlı, eyni zamanda qeyri-adi hallar Azərbaycan Qran-prisinə marağı ildən-ilə artırır. Tribunalara olan biletlərinin hamısının satılması və “Formula-1” yarışlarını izləmək üçün ölkəmizə gələn turistlərin ötən illərlə müqayisədə daha çox olması Bakı trekinə artan marağın bariz göstəriciləridir.

Ölkənin turizm potensialının tanıdılmasına böyük təsirləri olan yarışlara biletlər 100-ə yaxın ölkədən alınıb. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika daxildir. Bilet alışına görə ilk üçlükdə isə Azərbaycan, Birləşmiş Krallıq və Niderland qərarlaşıblar. Hər il yarışlar çərçivəsində maraqlı əyləncə proqramlarının keçirilməsi artıq ənənə halını alıb. Sürprizlərlə dolu proqramlar yerli və xarici turistlərin yaddaşında xoş anların təcəssümü kimi qalacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sosial məsuliyyət layihələri və verdiyi sosial mesajlarla da seçilir. 

Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün toplanan yardım kampaniyalarında fəal iştirak edən şirkət idman adına humanist nümunə olmağı da bacarıb. Yardım çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllüləri yüzlərlə digər vətəndaşımızla bir arada yardım məntəqəsində fəal iştirak edərək müxtəlif zəruri tələbat məhsullarının yardım məntəqəsinə çatdırılmasına, buradan da onların toplanması, çeşidlənməsi, TIR-lara yığılaraq göndərilməsinə öz dəstəyini göstərib.

Beləliklə, “Gözlənilməzə hazır olaq”! Çünki Bakı yarışlarının iştirakçılara və izləyicilərə yeni-yeni həyəcanlar yaşadacağı şübhəsizdir.

Daha çox şəkil burada: PhotoStock.az

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir