İdman

Azərbaycan Kuboku: Yarımfinalçıların turnir tarixində keçdikləri yol – ARAŞDIRMA

Sharing is caring!


Aprelin 26-27-də futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Final yolunda “Qəbələ” “Səbail”in, “Turan Tovuz” isə “Neftçi”nin qonağı olacaq. Bu cütlüklər arasında ilk görüşlərdə birincilər öz meydanlarında müvafiq olaraq 3:2 və 1:0 hesablı qələbə qazanıblar.

“Report” yarımfinal iştirakçılarının Azərbaycan Kuboku tarixində keçdikləri yollarla bağlı araşdırma aparıb.

Yarımfinalçıların Azərbaycan Kubokuna qatıldıqları mövsümlər

“Neftçi” Azərbaycan Kuboklarındakı 31 mövsümün hamısında iştirak edib. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb. “Turan Tovuz”da cari mövsümlə birlikdə bu say 25-dir. Tovuz şəhəri 20 mövsüm “Turan”la, 2015/2016-dan bəri 5 mövsüm isə “Turan Tovuz”la təmsil olunub. Qərb təmsilçisi 2011/2012 mövsümündə son anda turnirə qatılmadığı üçün 1/8 final mərhələsində texniki məğlubiyyət alıb.

Qəbələni ilk olaraq 2006/2007 mövsümündə “Gilan” təmsil edib. Növbəti mövsümdən etibarən “Qəbələ” çempionatda və ölkə kubokunda yarışıb. “Səbail” isə 2016/2017 mövsümündən etibarən hər il Azərbaycan Kubokunda mübarizə aparır.

“Neftçi” (31 dəfə) – 1992, 1993, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 1997/1998, 1998/1999, 1999/2000, 2000/2001, 2001/2002, 2003/2004, 2004/2005, 2005/2006, 2006/2007, 2007/2008, 2008/2009, 2009/2010, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023

“Turan”/“Turan Tovuz” (25) – 1992, 1993, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 1997/1998, 1998/1999, 1999/2000, 2000/2001, 2001/2002, 2003/2004, 2004/2005, 2005/2006, 2006/2007, 2007/2008, 2008/2009, 2009/2010, 2010/2011, 2012/2013, 2015/2016, 2016/2017, 2017/2018, 2020/2021, 2022/2023

“Gilan”/“Qəbələ” (17) – 2006/2007, 2007/2008, 2008/2009, 2009/2010, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023

“Səbail” (7) – 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023

“Turan Tovuz” və “Səbail”in ilk final arzusu

Şübhəsiz ki, yarımfinalçılar arasında çempionatda olduğu kimi, ölkə kubokunda da ən uğurlu komanda “Neftçi”dir. “Ağ-qaralar” 6 dəfə – 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013 və 2013/2014 mövsümlərində kuboku muzeyinə aparmağa müvəffəq olublar. Paytaxt klubu kuboku qazandığı ilk mövsümündə keçirdiyi 9 matçın hamısında qələbə qazanıb. “Neftçi” 2012/2013 və 2013/2014 mövsümlərində də məğlubiyyətsiz titula sahib çıxıb. Komanda 4 dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) həlledici görüşdə məğlub olub.

Maraqlıdır ki, nə “Turan”, nə də ondan sonra yaradılan “Turan Tovuz” ölkə kubokunda final üzü görüb. Gənc komanda sayılan “Səbail”in də indiyə qədər bu həyəcanı yaşamaması normaldır.

“Qəbələ” tarixində 5-ci dəfə finala yüksəlmək arzusunda olacaq. “Qırmızı-qaralar” indiyə qədər cəmi 1 dəfə – 2018/2019 mövsümündə kuboku başı üzərinə qaldırıblar. Komanda 2013/2014, 2016/2017 və 2017/2018 mövsümlərində isə həlledici qarşılaşmadan məğlub ayrılıb.

“Neftçi” 8 dəfə yarımfinalda dayanıb

“Neftçi” 31 mövsümün 18-də yarımfinala qədər irəliləməyi bacarıb ki, bunun 8-də finalın bir addımlığında dayanıb. Yeddi ildir finala həsrət olan bakılılar son üç yarımfinal mübarizəsində rəqiblərini üstələyə bilməyiblər. “Neftçi” yarımfinalda ümumilikdə 36 oyunda meydana çıxıb, bunun 12-də (1-i texniki) qələbə qazanıb. 14 dəfə heç-heçə edən “ağ-qaralar” 10 matçda da məğlubiyyətlə barışıblar. İki halda penaltilər seriyası sayəsində finala adlayan “Neftçi” bir dəfə həlledici zərbələrdə rəqibindən zəif olub. 2006/2007 mövsümündə isə səfər qolu rəqibin yoluna davam etməsinə gətirib çıxarıb.

Bakılılar “Turan Tovuz”la qarşılaşmaya qədər 5 dəfə kubokun yarımfinal cütlüyünün ilk oyununda məğlub olub. Komanda bunun ikisində cavab görüşündə revanşı ala bilib. “Neftçi”nin yarımfinalda vurduğu 34 qola (3:0 hesablı texniki qələbə olan oyun nəzərə alınmadan) rəqiblər 30 topla qarşılıq verə biliblər.

“Qəbələ” ilk oyunda qələbə qazananda finala yüksəlir

“Turan” cari mövsümə qədər tarixi ərzində 3 dəfə yarımfinal həyəcanı yaşasa da, heç birində final üzü görməyib. Tovuzlular bu raunddakı 6 matçın 5-də məğlub olub, 1 dəfə qələbə qazanıblar. Maraqlıdır ki, “Turan” yeganə qalibiyyətini 1998/1999 mövsümündə məhz “Neftçi” üzərində əldə edib. Lakin cavab görüşündə qapısında 3 top görərək, mübarizəni dayandırıb. Yarımfinallardakı top fərqi də mənfidir – 4:8.

“Qəbələ” bu mövsümə qədər 9 dəfə yarımfinala yüksəlib. 2019/2020 mövsümündə koronavirus pandemiyasına görə, bu mərhələnin oyunları keçirilməyib. Bölgə təmsilçisi iştirak etdiyi 8 yarımfinalın yarısında finala çıxa bilməyib. Komanda ümumilikdə bu raundda keçirdiyi 16 matçın 6-da qələbə qazanıb, 6-da məğlub olub, 4 dəfə isə rəqibi ilə sülh bağlayıb. “Qəbələ” 2015/2016 mövsümündə “Neftçi” ilə hər iki oyunda 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında uduzub. “Radarlar” 3 dəfə yarımfinalın ilk görüşündə qələbə qazanıb ki, bunun hər birində finala yüksəlməyi bacarıb. Komanda bu raundda ümumilikdə 22 qol vurub, 26-nı buraxıb.

“Neftçi”, “Turan” və “Qəbələ”ni yarımfinalda üstələyənlərin sonrakı aqibəti…

“Neftçi”ni indiyə qədər yarımfinalda 8 dəfə üstələyən komandalar 4 dəfə kuboku qazanıb, eyni sayda isə finalda məğlub olublar. “Kəpəz” və “Qarabağ” hərəyə iki dəfə finalın bir addımlığında “ağ-qaralar”a qalib gəlib, sonda titula yiyələniblər. “MKT-Araz”, “İnter”, “Qəbələ” və “Zirə” isə bu uğuru təkrarlaya bilməyiblər.

“Turan”ın yarımfinalda yolunu iki dəfə “Neftçi” kəsib, birində finalda uduzub. Bir halda isə “Qarabağ” tovuzluların ardından finaldakı rəqibə də şans verməyib.

O ki qaldı “Qəbələ”yə, indiyə qədər “İnter” və “Neftçi”yə bu komandanı yarımfinalda üstələmək düşərli olmayıb. Əvəzində “Xəzər-Lənkəran” və “Qarabağ” “Qəbələ”dən sonrakı rəqibini də məğlubiyyətə uğradıb.


Tovuzlular kubokda “Neftçi” səddini aşa bilməyiblər

“Neftçi” və “Turan” Azərbaycan Kuboku tarixində 4 dəfə bir-birinə rəqib olub ki, bunun ikisi yarımfinal, ikisi 1/4 finala təsadüf edib. Cari mövsümdə olduğu kimi, tovuzlular 1998/1999 mövsümünün yarımfinal mərhələsinin ilk oyununda da minimal hesabla (1:0) qalib gəliblər. Lakin “Neftçi” ikinci dueldə 3 cavabsız qolla bunun əvəzini çıxıb. 2000/2001 mövsümünün yarımfinalında bu cütlüklərin hər iki matçında “ağ-qaralar” (1:0, 2:1) qalib gəliblər. “Neftçi” 2000/2001-də 3:0, 0:0, 2006/2007-də isə 7:2, 1:0 hesabları ilə “Turan”ı üstələyərək, yarımfinala adlayıb. Bir sözlə, Tovuz təmsilçisi kubokda “Neftçi” səddini hələ aşa bilməyib.

“Neftçi” “Turan”la üz-üzə gəldiyi mövsümlərdən yalnız 1998/1999-da kuboku muzeyinə apara bilib. Bu cütlüyün kubokdakı 8 qarşılaşmasının 1-də “Turan” qələbə qazanıb, 1-də bərabərə qalıbsa, digər 6 görüşdə “Neftçi” güclü olub. Bunun ikisində böyük hesab qeydə alınıb. Bakılılar 2006/2007 mövsümündə rəqibini 7:2 hesabı ilə məğlub edib. Ümumi top fərqi də “Neftçi”nin xeyrinədir – 17:4.

“Qəbələ” ilə “Səbail” isə ikinci dəfədir ölkə kubokunda rəqib olurlar. Buna qədər komandaların yeganə dueli 2017/2018 mövsümünə təsadüf edib. Həmin vaxt 1/4 finalın hər iki oyununda qəsəbə komandasından (1:0, 4:2) güclü olan “Qəbələ” yalnız finalda uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir