İdman

AFFA dövlətin ayırdığı vəsaitin legionerlərə xərclənməsini istəmir – klublardan BƏYANAT

Sharing is caring!


AFFA dövlət tərəfindən klublara ayrılan üç milyon manat məbləğin legioner futbolçulara xərclənməsini istəmir.

Bu barədə Oxu.Az saytına Klublar Komitəsinin (KK) sədri Fariz Nəcəfov məlumat verib. O, dünənki iclasda bunun müzakirə olunduğunu və AFFA-ya bəyanatla müraciət etdikərini bildirib.

“Bizə belə bir məlumat daxil olub ki, ayrılan üç milyon manatdan legionerlərin transfer olunması üçün xərclənə bilməz. Bu, bizə həddindən artıq məntiqsiz gəldi. Qərarın nəyin əsasında verilməsi şəxsən məndə şübhə doğurdu. Azərbaycanda elə də böyük futbolçu potensialı yoxdur. Qərara görə, əldə olunan digər vəsaitdən legioner transfer edilə bilər, amma dövlətin ayırdığı məbləğ əcnəbi oyunçulara xərclənə bilməz. Beləliklə, sponsoru olanlar heyəti istədiyi kimi formalaşdıracaq. Dövlətdən gələn üç milyona komanda quranlar isə I Divizion səviyyəsində olacaqlar. Azərbaycanda futbolçu potensialının aşağı olduğunu bilirik. Premyer Liqa səviyyəsində oyunçular azdır. Bununla bağlı İcraiyyə Komitəsinə (İK) bəyanat ünvanladıq”.

Oxu.Az KK-nın İK-ya ünvanladığı bəyanatın mətnini əldə edib. Müraciətdə bildirilir:

“Klublar Komitəsi AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində keçirilən iclasında futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin gələn mövsümdən klublarda olan əcnəbi (legioner) futbolçulara əmək (xidmət) haqqı qismində istifadə edilməsinə qadağa qoyulması planları ilə bağlı aşağıdakıları bildirir:

Məlumdur ki, ölkədə futbolun inkişafı güclü klub futbolunun mövcudluğundan asılıdır. Klublar da təbii ki, Azərbaycanda olan yerli futbolçu qıtlığını nəzərə alaraq, əcnəbi futbolçuların xidmətlərindən istifadə etmək məcburiyyətindədirlər. Klubların dayanıqlı inkişafı, habelə, onların Azərbaycan futbolunu beynəlxalq arenalarda layiqincə təmsil etməsi belə əcnəbi futbolçularının düzgün seleksiyası və keyfiyyətli legionerlə uzunmüddətli müqavilələrin bağlanması ilə düzünə bağlıdır. Təbii ki, klublar yerli futbolçuların yetişdirilməsi ilə bağlı ölkədə futbolun inkişafına cavabdeh qurum olan AFFA-nın və onun İK-nın narahatlığını yaxşı başa düşür. Lakin ani, yetərli qədər müzakirə predmeti olmayan və klubların həm daxili, həm də xarici arenalarda uğurlu çıxışını və hətta, mövcudiyyətini böyük təhdidlərlə üz-üzə qoyan qərarların qəbul edilmə imkanları qətiyyən qəbul edilə bilməz.

KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcək. Bir daha, KK AFFA İK-dən klublar üçün həyati əhəmiyyət kəsb edən legioner futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir”.

Qeyd edək ki, AFFA-nın saytının yaydığı məlumata görə, İK-nın bugünkü iclasında təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir