İdman

“Gent” Bakıdakı oyunda aqressiv komanda olduğunu göstərdi

Sharing is caring!

Azərbaycan futbolu üçün tarixi gündür. “Qarabağ” Belçikada “Gent”ə uduzmasa, ilk dəfə avrokuboklarda 1/8 final oynayacaq.

Oxu.Az xatırladır ki, keçən il də Konfrans Liqasında pley-off mərhələsində çıxış etmək hüququ qazanmış Ağdam klubu daha irəli gedə bilməmişdi. Burada “atlılar”ın qarşısını Fransa “Marsel”i kəsmişdi.

Əlbəttə, “Gent” “Marsel” deyil. Vəziyyət də fərqlidir. Keçən il “Qarabağ” səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmalı idisə, bu dəfə özü rəqib meydanına üstün yollanıb. Hədəf sadədir – ən azı hazırkı vəziyyəti dəyişməyə qoymamaq.

Bəs buna necə nail olmaq olar?

“Gent” Bakıdakı oyunda aqressiv komanda olduğunu göstərdi. Xüsusən ilk hissədə rəqib fəal idi və “Qarabağ”ın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarada bilmişdi. Statistikaya baxsaq, Belçika çempionatında 5-ci yerdə qərarlaşan kollektiv 46 qol vurub və özündən öndə qərarlaşan “Brügge” ilə “Antverp”i üstələyir. Deməli, “Gent” lazım olduqda qol vurmağı bacarır.

“Qarabağ” səfərə sərfəli hesabı qorumaq üçün getməyəcək. Uzun illər bu komandanı izləyənlərə bəllidir ki, bu, Qurban Qurbanovun futbol fəlsəfəsinə yaddır. “Qarabağ” yenə dominant tərəf olmağa çalışacaq. Bunu ilk oyundakı kimi, planlı şəkildə icra etmək mümkün olsa, hədəfə çatmaq da çətinlik yaratmamalıdır.

Ağdam klubu Bakıdakı görüşdə üslubuna yad görünən tərzdə çıxış etdi. Xüsusən ilk hissədə top daha çox “Gent”də idi, “Qarabağ” aqressiv pressinq etmir, qapıdan zərbələr uzun top formasında yerinə yetirilirdi və s. Əlbəttə, qışda Kadi Borges, Kvabena Ovusu kimi adların komandanı tərk etməsi, Şahruddin Məhəmmədəliyevin zədələnməsi kimi amillər komandanı daha fərqli oynamağa vadar edirdi. Qapı xəttindəki problemə görə isə minimal risk etmək lazım idi.

Komanda məhz bu cür oynadı, lazım olan vaxtı gözlədi, məqam yetişdikdə sürəti artırıb istədiyi qolu vurdu. Səfər oyununda da bu tərzə sadiq qalmaq uğurun açarı ola bilər.

“Gent” öz meydanında daha aqressiv oynayacaq, daha çox hücum edəcək. Rəqib baş məşqçi Heyn Vanhazebruk oyunöncəsi mətbuat konfransında buna işarə edərək bildirib ki, ilk görüşdə rəqibdən iki dəfə az zərbə endirmişik, qol vurmaq üçün qapıya daha çox düşməliyik.

Belə vəziyyətdə ehtiyatlı olmaq mütləqdir. Eyni zamanda, hücum edən komandanın müdafiədə boşluqlar verməsi qaçılmazdır. “Qarabağ”ın kifayət qədər imkanı olacaq. “Gent” müdafiəsinin keçilməz olmadığı isə Bakıdakı matçda aşkara çıxdı.

Vacib matç öncəsi komandada iki problem var. Şahruddin Məhəmmədəliyevin yoxluğunda qapı, yəqin ki, bu dəfə də Luka Quqeşaşviliyə həvalə ediləcək. Gürcü qolkiper daha çox səhvlərlə yadda qalıb. “Gent”ə qarşı ilk görüşdə inam verən Luka bunu davam etdirməlidir. Ancaq istənilən halda, müdafiə xətti daha ayıq-sayıq olmağa məcburdur.

İkinci problem Marko Yankoviçin adı ilə bağlıdır. İlk matçın ən yaxşılarından olan və yeganə qolun ötürməsini edən monteneqrolu yarımmüdafiəçi zədə səbəbindən qarşılaşmanı buraxacaq. Qurban Qurbanov onun xüsusilə yaxşı formaya düşmüşkən zədələnməsinə görə təəssüfləndiyini bildirib. Ancaq baş məşqçi Markonu əvəz edə biləcək futbolçularının olduğunu da qeyd edib.

Yarımmüdafiənin mərkəzində Julio Romaonun kiminlə tandem təşkil edəcəyi böyük maraq doğurur. Əslində, Yankoviçə alternativ elə də çox deyil. Bu mövqedə ya Qara Qarayevi, ya da Riçard Almeydanı görəcəyik. Daha yaradıcı olduğuna görə Markonu məhz Riçardın əvəzləmək ehtimalı daha çoxdur. Eyni zamanda, milliləşdirilmiş braziliyalı da monteneqrolu kimi solaxaydır. Qurban Qurbanovun oyunçu seçimlərində bu məqama da önəm verdiyi bəllidir. O, mərkəzin solunda məhz sol ayaqlı futbolçunu oynatmağı daha üstün tutur.

Seçimdə planlaşdırılan oyun strategiyası da əhəmiyyət daşıyacaq. “Qarabağ” hesab üstünlüyünü nəzərə alıb, oyunu əks-hücumlar üzərində qursa, bu zaman Qara Qarayev variantı daha ideal görünür. Onun dağıdıcılıq, top qazanma keyfiyyətləri Riçardla müqayisədə daha yüksəkdir. Əks-hücum üslubu üçün Qara daha yararlı olardı.

Əlbəttə, adıçəkilən futbolçuların hazırkı idman forması yekun qərarda ən həlledici rolu oynayacaq. Buna isə baş məşqçi hər kəsdən çox bələddir.

Dəqiq olan odur ki, “Qarabağ” təkcə özünün yox, Azərbaycan futbolu tarixinin ən əhəmiyyətli oyunlarından birinə, bəlkə də, birincisinə çıxır. Bakıdakı qələbə tarixi uğur üçün münbit şərait yaradıb. Elə rəqib də “dişimizə” görədir. Qalır doğru yanaşma, son anadək mübarizə ilə son nöqtəni qoyub, növbəti mərhələyə yüksəlmək. Bu mərhələ isə təkcə 1/8 final deyil, klubun özü üçün də daha üstün səviyyə, fərqli “level”dir.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir