İdman

Kiprdən Türkiyəyə voleybol turnirinə getmişdilər: Dağıntılar altında qalan arzular – FOTO

Sharing is caring!

Şimali Kipr Türk Cümhuriyyətindən voleybol turnirinə qatılmaq üçün Türkiyənin Adıyaman şəhərinə gedən 28 şagirddən geriyə hüzünlü xatirələr qalıb.

“Mələklər komandası”nın voleybolçuları “İsias” hotelinin dağıntıları altında həyatlarını itiriblər.

Türkiyə Maarif Kollecinin qız və oğlanlardan ibarət voleybol komandasında oynayan şagirdlər hotelin 1-ci və 2-ci mərtəbələrindəki otaqlarda məskunlaşıblar.

Çoxları ilk dəfə qar görüb. Həyəcanla bayıra çıxıb müəllimlərinin nəzarəti altında qartopu oynayıblar. Səhər saatlarında baş verən güclü zəlzələ nəticəsində dağılan hotel ümumilikdə 65 nəfərin məzarına çevrilib.

Yaşları 11-15 arasında olan şagirdlərin arzuları da dağıntılar altında qalıb.

Məktəbin qızlardan ibarət voleybol komandasının uğurlu idmançılarından olan Lavin Kalaycının cəmi 13 yaşı olub.

O, səbirsizliklə gözlədiyi Türkiyədəki matçlara anası Duyğu Kalaycı ilə gedib. Onun yeganə arzusu xaricdə təhsil almaq və uğurlu diş həkimi olmaq idi. Fransada yaşayan xalasının yanına gedib təhsilini orada davam etdirmək istəyirdi.

Əsrin fəlakəti Lavini və onun arzularını yarımçıq qoyub. Anası ilə birlikdə dünyasını dəyişən Lavin Mağustada anasının yanında dəfn edilib.

Komandanın U13 və U14 yaş qruplarında çıxış edən Abide və Nazife Dağlı bacıları da zəlzələ gecəsi hoteldə olublar.

Anaları Mülkiye Dağlı da qızları ilə olub. İki bacı arasında 1 yaş fərq olub. Eyni məktəbə gedib, eyni yeməyi bəyəniblər.

Əkizlər kimi böyüyən və bir-birindən heç vaxt ayrılmayan iki bacı universitetdə birlikdə oxumaq istəyirdilər. Zəlzələdə həyatını itirən ana və qızları Kipr Yeniboğaziçi qəbiristanlığında yan-yana dəfn ediliblər.

Qızlar komandasının ən gənc oyunçusu Sahil Özberkmanın cəmi 11 yaşı olub.

O, anası ilə Adıyamana gedib. Anası Esra Özberkman məktəbin direktor müavini olub. O, dağıntılar altından sağ çıxarılsa da, qızının həyatını xilas etmək mümkün olmayıb. Sahilin cansız bədəni zəlzələdən 6 gün sonra dağıntılar altından çıxarılıb.

Mənbə: Sabah

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir