İdman

Azərbaycan gimnastı hədəflərini açıqladı – VİDEO

Sharing is caring!

“2023-cü illə bağlı hədəfim Bakıda keçiriləcək Dünya Kubokunda medal qazanmaqdır”.

“Report” xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

20 yaşlı idmançı fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini bildirib: “Zədədən sonra öz formamı yenidən bərpa etmişəm və məşqləri davam etdirirəm. Dünya Kubokunda yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Doğma divarlar arası ilə ölkə xaricində çıxış etmək arasında fərq var. Çünki öz evində yarışmaq daha məsuliyyətlidir”.

Selcan Mahsudova əsas hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu sözlərinə əlavə edib: “Bakıdakı yarışdan sonra keçiriləcək Dünya Kuboklarında da finalda iştirak etmək istəyirəm. Əsas məqsədim isə ilin sonlarında baş tutacaq dünya çempionatında olimpiadaya lisenziya qazanmaqdır”.

Batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin də Dünya Kubokuna hazırlıq çərçivəsində məşqlərin həmişəki qaydada davam etdiyini deyib: “Adətən Bakıda keçirilən beynəlxalq yarışlar batut gimnastikası ilə başlayır. Ona görə də layiqincə çıxış etmək və ən əsası, yeni proqram nümayiş etdirmək istəyirik. Dünya Kuboku olimpiadaya təsnifat xarakteri daşımır.

Məhz buna görə də əsas məqsədimiz Selcan Mahsudovanın çıxış etdiyi yeni proqramı uğurla nümayiş etdirməkdir. Kombinasiyanın rəqabətli olması üçün proqrama iki dəfə təkrarlanan üçlü salto əlavə edilib. Gələcəkdə bu kombinasiyanı göstərmək istəyirik”.

Mütəxəssis qarşıda duran əsas məqsədlərinin Yay Olimpiya Oyunları ilə bağlı olduğunu xatırladıb: “Yarışların əsas mərhələsi idmançıların xal toplayacağı və olimpiadaya təsnifat xarakteri daşıyacaq üç Dünya Kuboku olacaq. Beynəlxalq Gimnastika Federasiyası hələlik hansı Dünya Kubokunun təsnifat xarakterli olacağını müəyyənləşdirməyib. Amma əsas iş ilin ikinci yarısından başlayacaq. Hazırlaşmaq və yeni kombinasiyanı təkmilləşdirmək üçün vaxtımız var. Lakin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün dünya çempionatında 8 ən güclü idmançı sırasında yer almaq lazımdır. Bununla idmançı Olimpiadaya birbaşa vəsiqə qazanır. Əgər buna nail ola bilməsək, o zaman Dünya Kubokunda xal toplamalıyıq”.

Vladimir Şulikin 2022-ci ilin Azərbaycan gimnastları üçün uğurlu keçdiyini bildirib: “Nəticələr çox yaxşıdır. Çünki 2022-ci il idmançılarımız üçün uğurlu oldu. Biz həm Avropa, həm də dünya səviyyəli yarışlarda nəticələr əldə etdik. İdmançılar layiqincə çıxış etdilər.

Bu nəticələrə əsaslanaraq, daha yüksək uğurlara nail olacağıq və medalların sayını artıracağıq. Onu da qeyd edim ki, bu il gənclər arasında ilk dəfə dünya çempionatı keçiriləcək. Təbii ki, Hüseyn Abbasov və Maqsud Maqsudovdan, eləcə də, ötən il uğurla çıxış etmiş digər gənc gimnastlarımızdan daha böyük nəticələr gözləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir