Cəmiyyət

Müharibə veteranı: “İstəyirəm ki, əcəl məni Kərkicahanda yaxalasın”- MÜSAHİBƏ

Sharing is caring!

“Ən böyük arzum doğulub, boya-başa çatdığım torpağımda ölməkdir. Torpaq həsrəti ilə yaşamaq çox ağırdır. Vətəndə vətənsiz qaldım. Elimə, obama geri dönmək istəyirəm”.

Bunu Oxu.Az-a müsahibəsində Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini Mürvət Əliyev deyib.

– Kərkicahanın işğalından danışmağınızı istərdim. Təxribatlar nə zamandan başlamışdı?

– İlk təxribatlar 1988-ci ildən başlamışdı. 1988-ci ildən Xankəndidə mitinqlər başlamışdı. Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Orada yaşayan azərbaycanlıları təhqir edib, döyürdülər. İlk hücum 1988-ci il fevralın 13-də başladı.

Kərkicahan qətliamı 1992-ci ilin dekabrın 28-də baş verdi. Onlar Xankəndidən Kərkicahana təqribən gecə saatlarında hücum etdilər. Bu cür qətliam törədiləcəyi ağlımıza gəlməzdi. Ermənilər qarşılarını çıxanı qətlə yetirdilər. 250 ev qarət edilmişdi. Xankəndidə olan azərbaycanlı evlərini qarət edib, yandırırdılar. Sonuncu dəfə 1991-ci il dekabr ayında gecə saat 12-də hücuma keçdilər. Kərkicahanı gecə saat 4-ə qədər atəşə tutdular. Üç tərəfdən hücum oldu.

– Qəfil hücuma necə müqavimət göstərdiniz? 

– Hücum edən kimi evləri yandırırdılar. Biz qarşısını almağa çalışırdıq. Silahımız yox idi. Əlimizdə olan od tüfəngi ilə müqavimət göstərirdik. Kişilərlə yanaşı, qadınlar da onların qarşısına çıxdı. Lakin sona qədər müqavimət göstərə bilmədik. Hamı bilirdi ki, düşmən öndədir. Biz postlar qurub, qadınları, uşaqları qorumağa çalışırdıq. 1 tüfəngimiz var idi. 4 nəfər adam posta çıxırdıq. Düşmənə qarşı hərbi dərslərdə istifadə edilən avtomatlardan istifadə edirdik. Hər kəs nə yol ilə olursa-olsun kömək etməyə çalışırdı. Bu vəziyyətdə rahat yatmaq qeyri-mümkün idi.

1989-cu ildə ilk şəhidimiz oldu. Xankəndidən Kərkicahana gələ bilmirdik. Şuşaya gedirdik. Özüm Birinci Qarabağ Müharibəsinin veteranıyam. Şuşa döyüşlərində yaralanmışam.

– Doğma yurdunuzu xatirələrinizdə necə yad edirsiniz?

– Kərkicahanlı günlərimiz üçün darıxıram. Çox yaxşı günlər idi. Lakin işğalını unuda bilmirəm. O vaxtlar 24 yaşım var idi. Lakin kontuziya aldığıma görə, bəzi hadisələri xatırlamıram. Onu xatırlayıram ki, evləri, məktəbləri, bağçaları necə yandırlar. Dekabrın 28-də Kərkicahan işğal olundu. Dekabrın 29-da Kərkicahanı yenidən geri aldıq. Lakin sona qədər mübarizə apara bilmədik. Bütün kəndi talan edib, yandırdılar. Əsir düşənlərə olmazın zülmlər verilirdi.

– Həlak olanlar içərisində yaxınlarınız var idimi?

– Qohum-qonşu şəhid oldu. Kərkicahan həmin gün 34 şəhid verdi. Onlar hamısı doğmam idi. Çox yaxınımı itirdim. Ermənilər deyirdi ki, “mən qarabağlıyam”. O söz ürəyimdə güllə kimi qalmışdı. Qələbə qazanandan sonra sanki canımdan çıxdı.

Kərkicahan işğal olunandan sonra Şuşaya getdik. 1992-ci il mayın 8-ə qədər Kərkicahanın meşələrində dayanırdıq. Biz gələndə ermənilər Şuşanı bombaladılar. Tanklarla, toplarla atəşə tuturdular. Düşən mərmilərin dalğası məni yerə vurdu. Alnımda, qulaqlarımda hələ də çapıqlar var. Həmin an öldüyümü zənn ediblər. Məni birbaşa Laçına göndəriblər. Oranı da daha sonra atəşə tutmağa başladılar. Çox çətin günlər idi.

– Mürvət bəy, ən böyük arzunuz nədir?

– Ən böyük arzum doğma yurd-yuvama gedib orada ölməkdir. Həmişə nənəm, babam deyirdi ki, torpaq həsrəti çox çətindir. Başa düşmürdüm. Qaçqın olandan sonra başa düşdüm. Qaçqınlıq vətəndə vətənsiz qalmaq deməkdir.

İstəyirəm ki, əcəl məni Kərkicahanda yaxalasın. Sağ olduğum müddətdə gedib, görmək istəyirəm. Orada mən qardaşlarımı itirdim. Bu gün 59 yaşım var. Canım vətənimə, torpağıma qurban olsun. Bu gün də hazıram. Arzum elimə, obama getməkdir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir