Hərbi

Müzəffər ordumuz daha da güclənir

Sharing is caring!

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu.
Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən – düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Fəxrlə deyə bilərik ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu bütün istehkamları uğurla yararaq irəliləyən Ordumuzun qəhrəman əsgərləri öz missiyasını da ləyaqətlə yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə, dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv edib işğaldan azad etdilər.
Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”.
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir.
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur.
Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.
Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
Azərbaycan öz Silahlı Qüvvələrinin gücü ilə ölü doğulmuş körpəni xatırladan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin icrasına nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ”Azərbaycan respublikası BMT-nin Ermənistanın işğal edilmiş torpaqların azad edilməsi haqqında qərarını yerinə yetirdi.”
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq döyüş meydanında, mediada qələbə qazandı. “Hər kəs bizim gücümüzü gördü, dəmir yumruğumuz nədir, anladı.”
Müharibə günlərində dünya birliyi Azərbaycan xalqının iradəsinin, ordumuzun sarsılmaz qüdrətinin, dövlət başçımızın müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Biz həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət aldı.
Fərəhlə deyə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
Vətən müharibəsindən sonrakı dövrdə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradıldı və komandoların, yeni hərbi hissələrin sayı gündən-günə artır.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi.
Bütün bunlar onu deməyə əsas verir ki, qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu xalqımıza bundan sonra da qələbə zəfərləri bəxş edəcək, yüksək səviyyədə hərbi hazırlıq və peşəkarlıq nümunəsi göstərərək regionun lider ordusu olduğunu bütün dünyaya bir daha nümayiş etdirəcək.

Zamin Zeynal,
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir