Dünya

“Necə ağladığımı hələ də xatırlayıram…” – “Rolan Garros-2022”nin azərbaycanlı hakimi ilə MÜSAHİBƏ + FOTO

Sharing is caring!

26 yaşlı Sara Abasova bazar günü Parisdə başa çatan “Rolan Garros – 2022” Böyük Dəbilqə turnirinin Fransa mərhələsində ölkəmizi təmsil edən ilk və indiyədək yeganə tennis hakimi olub.

Böyük Dəbilqə seriyası tennisdə ən prestijli yarışdır və özündə dörd müsabiqəni birləşdirir: Avstraliya, Fransa və ABŞ Açıq Yarışları, həmçinin Böyük Britaniyada Uimbldon turniri.

“Rolan Garros – 2022”nin ümumi mükafat fondu 43 milyon 600 min avrodur.

Sara Abasovanın namizədliyi müxtəlif ölkələrdən daxil olan bir neçə min ərizənin arasından təsdiqlənib. O, yarısı Fransadan olan 300 tennis hakiminin siyahısına daxil edilib. Sara böyük təcrübəsi və uzun illər ərzində qazandığı peşəkarlıq sayəsində böyük idman aləmində özünə inam yarada bilib.

Sara Media.Az-a müsahibəsində mötəbər turnirdə iştirak etməyə necə nail olmasından, sənədləşmə işindəki çətinliklərdən və Azərbaycanı təmsil etmək missiyasından danışıb.

– Daha əvvəl “Rolan Garros”da iştirak üçün müraciət etmisiniz…

– “Rolan Garros”da hakimlik etmək mənim uşaqlıq arzum idi. 2018-ci ildən hər il iştirak üçün müraciət etmişəm, amma indiyə qədər namizədliyimi təsdiqləməmişdilər. Bu il yenə ərizə göndərdim, lakin keçəcəyimə inamım yox idi.

– Bu qədər yüksək rəqabətin səbəbi nədir?

– “Rolan Garros” turnirinə hakimlərin seçimi çox çətin prosesdir. Başqa beynəlxalq turnirlərdə dəfələrlə həmkarlarımdan eşitmişəm ki, ora düşmək demək olar ki, mümkün deyil. Həyat yoldaşım da tennis hakimidir, 15 ildir ki, müraciət edib, amma nəticəsiz qalıb. Kvalifikasiyası məndən qat-qat yüksək olan bir çox beynəlxalq hakimlər tanıyıram ki, onlara bu turnirdə işləmək qismət olmayıb. Böyük rəqabətin səbəblərindən biri də Parisdə az sayda xarici mütəxəssisləri dəvət edərək əsasən fransız hakimləri seçmələridir.

– Seçimdə uğur qazandığınızı biləndə hansı hissləri keçirdiniz?

– Gözəl səhərlərin birində e-mail adresimi yoxlayanda “Rolan Garros”un təşkilatçılarından məktub gördüm. Diqqət etdim ki, bu, əvvəlki illərdə onlardan aldığım məktublardan fərqlənir. “Bağışlayın, bu il sizin namizədliyiniz təsdiqlənmədi” kimi standart ifadə yox idi. Orada yazılmışdı: “Hörmətli Sara, təbrik edirik, siz seçildiniz”. Mən şokda idim, həyat yoldaşımla mən xəbəri alandan bir saat sonra özümüzə gəldik, buna inana bilmirdik. Beynəlxalq Tennis Federasiyasının saytında hakimlərin siyahıları dərc olunanda mənə zəng vurub təbrik etməyə başladılar.

– Turnirə hazırlıq necə keçdi?

– Bu, həyatımda çox çətin dövr idi. O qədər stress, əsəb və göz yaşları vardı…

– Səbəbləri nə idi?

– Viza almaqda çətinliklər var idi. Parisdən rəsmi dəvət almışdım. Fransanın İstanbuldakı səfirliyinə müraciət etdim, biz özümüz Bursada yaşayırıq. Üç gündən sonra cavab gəldi. Gözlərimə inanmadım, mənə viza vermədilər. Sanki başımdan qaynar su tökdülər! Bunu onunla izah etdilər ki, mənim Fransada qalıb geri qayıtmama kimi ehtimal var. Yəni şübhəli vətəndaşlar kateqoriyasına düşdüm. Türkiyədə bütün peşəkar əlaqələrimi işə salmalı oldum. Tennis Federasiyasına müraciət etdim, bir çox strukturlara elektron məktublar yazdım, amma nəticəsi olmadı. Səfirliyə məktub yazdım, vəziyyəti izah etdim, mənə viza üçün yenidən müraciət etməyi və iki əlavə sənəd gətirməyi məsləhət gördülər. İnanmayacaqsınız, amma səfirliyə gələndə dedilər ki, görüş vaxtı təyin olunmadığı üçün məni qəbul edə bilməyəcəklər.

Dostlar mənə Almaniyaya viza almağa çalışmağı məsləhət gördülər. Sənədləri təqdim etdim, rüsum ödədim və 10 gündən sonra rədd cavabı aldım. Necə ağladığımı hələ də xatırlayıram…

– Problemi necə həll etdiniz?

– Artıq təşkilatçılara “Rolan Garros”da iştirak edə bilməyəcəyimi izah etdiyim məktubun mətnini hazırlamışdım. Uçuşa sayılı günlər qalmışdı. Son bir ümid var idi – Azərbaycanda Gənclər və İdman Nazirliyinə üz tutdum. Onlar mənə kömək etdilər! Yola düşməzdən bir gün əvvəl mənə zəng vurub viza almaq üçün təcili İstanbula getməyimi istədilər, orada onu qısa müddətə aldım.

– “Rolan Garros” turnirində hakimlik təəssüratlarınızı bölüşə bilərsinizmi?

– Bu, tamam başqa səviyyədir – daha çox stress və məsuliyyət var. Bir çox tennis hakimləri üçün Böyük Dəbilqə Uimbledonda, mənim üçün isə “Roland Garros”da başlayır. Fransız dili ilə bağlı çətinliklər var idi. Bildiyiniz kimi, fransızlar yalnız öz dillərində ünsiyyət qurmağa üstünlük verirlər. “Rolan Garros”un bir az fərqli qayda və prosedurlara malik olması faktı ilə də qarşılaşdım. Bu, dünyanın ən yaxşı tennisçilərinin iştirak etdiyi turnirdir və onlara hakimlik etmək, əlbəttə ki, çox həyəcanvericidir.

– Siz əvvəlkitək beynəlxalq səviyyəli turnirlərində iştirak edən tək azərbaycanlı hakim olaraq qalırsınız… 

Bəli, bu belədir. Bir də Məriyəm Nağıyeva var. O da turnirlərə gedir, lakin həmin turnirlər bir o qədər də mötəbər deyil. Həmin yarışlarda iştirak edərkən ölkəmizi bir çox insanın tanımadığının şahidi oluram. Bu hal çox pis təsir edir. Həmişə deyirəm ki, biz “Avroviziya” musiqi müsabiqəsi keçirmişik, “Formula-1” Qran-prisini təşkil etmişik. Hətta elə insanlar da olur ki, Azərbaycanın Afrikada yerləşdiyini düşünürlər. 

Lakin bəzi turnirlərdə məni artıq azərbaycanlı Sara kimi tanıyırlar. Çalışıram ki, mümkün qədər çox insana ölkəmiz haqqında məlumat verim. Onlara milli suvenirlərimizi və şirniyyatlarımızı verirəm. Mən Azərbaycanı təmsil etdiyimi dərk edirəm. Bu mənim üçün böyük qürur və məsuliyyətdir. Çox istərdim ki, bizim özümüzün hakim komandası olsun. Biz yarışlarda Türkiyə, Xorvatiya və Serbiyanın etdiyi kimi hakim qrupları şəklində çıxış edə bilərik. Çox istərdim ki, bizim ölkəmizdə də böyük turnirlər təşkil edilsin. Həmin tədbirlərə başqa ölkələrdən hakimləri və tanınmış idmançıları dəvət edə bilərik. Bununla biz bir tərəfdən idmanı inkişaf etdirə bilərik, digər tərəfdən də ölkəmizi daha çox insana tanıda bilərik. 

– Sizin hekayənizdən ilhamlanaraq eyni yolu getmək istəyən insanlara nə məsləhət görərdiniz? 

Bir çoxlarına elə gəlir ki, hakimlik asan peşədir. Elə görünür ki, sadəcə dünyanı havayı gəzirsən, hələ üstəlik pul da qazanırsan. Əslində isə bu iş olduqca streslidir. Maksimum konsentrasiya və məsuliyyət tələb olunur. Bu səviyyəyə gəlib çıxmaq üçün, beynəlxalq turnirlərdə iştirak edib təcrübə qazanmaq üçün çox böyük məbləğdə pullar xərcləmişəm. Hətta elə olub ki, bilet pulu və qalmaq üçün yer verilməyən, çox cüzi məbləğdə qonorar verilən yarışlara da razılıq vermişəm. İndi isə əziyyətimin bəhrəsini görürəm. Artıq Böyük Dəbilqə turnirlərində, Olimpiadada və digər böyük tennis yarışlarında hakimlik edəcək qədər təcrübəm var. İstənilən uğurun arxasında çəkilən ciddi zəhmət var. Bir şeyə əminəm ki, əgər həqiqətən istəsən və bunun üçün çox çalışsan hər şey alınacaq.  

Qeyd edək ki, daha əvvəl Media.az Bursada yaşayan həmvətənimiz haqqında məlumat vermişdi.   

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir