İqtisadiyyat

Gündəlik istifadə müddəti bitən 10 tonlarla mal: Azərbaycanda bu məhsulların aqibəti necə olur? – ARAŞDIRMA

Sharing is caring!

Bir çox ölkələrdəki restoranlarda, supermarketlərdə məişət və qida tullantıları xüsusi mexanizmlə çeşidlənir. Ölkədə il ərzində adambaşına düşən ərzaq tullantıları hesablanır və ətraf mühitinin təmizliyi yenidən emal çərçivəsində həll olunur. 

Bir müddət əvvəl xarici mətbuatda mövzu ilə əlaqədar maraqlı layihə qarşımıza çıxdı. Belə ki, İspaniya hökuməti yeməkləri tullayan restoran və supermarketlərə cərimə tətbiq edən qanun layihəsi hazırlayıb və təsdiq edilməsi gözlənilir.

Hesablamalara görə, İspaniyada ev təsərrüfatları ildə təxminən 1,3 milyard kq, yəni adambaşına orta hesabla təxminən 31 kq ərzağı atır. 

İsrafçılığın qarşısını almaq üçün plan hazırlanması, hökumətin məhsulları atmaq əvəzinə təkrar istifadəsinə üstünlük verməsi təklif edilir.

Beləliklə, qidaları qida banklarına köçürmək, onu şirələrə və ya mürəbbələrə çevirmək mümkündür. Restoranlar müştərilərə yeməklərinin qalıqlarını özləri ilə apara biləcəkləri barədə xəbərdarlıq etməli, şirkətlər isə müddəti bitmiş qidaların daha aşağı qiymətlərlə satışını stimullaşdırmalıdır.

Qaydalara əməl etməyən barlar, restoranlar və supermarketlərə isə müəyyən cərimələr tətbiq ediləcək. Həmin müəssisələri 2000 avrodan 60 000 avroya qədər cərimə gözləyəcək. Təkrar pozuntular qeydə alınacağı halda cərimə yarım milyon avroya çata bilər.

Sözügedən mövzu dünyanın bir çox ölkəsində istifadə müddəti keçmiş qidaların utilizasiyası istiqamətində boşluqların olduğunu göstərir. 

Bəs görəsən, Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? İstifadəyə yararsız qida məhsulları necə utilizasiya edilir? 

Ümumiyyətlə, utilizasiya prosesi tətbiq edilir, yoxsa istifadə müddəti keçən məhsullar yenidən qablaşdırılaraq satışa buraxılır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələ demək olar ki, bütün dünyanı maraqlandırır.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyi Ümumdünya İstehlakçılar Təşkilatının üzvüdür və hər üç ildən bir dünya konqresində 123 ölkədən olan nümayəndələrlə bu kimi məsələlər müzakirə edilir:

“Keçən ay Azərbaycanda Beynəlxalq Ərzaq Təşkilatının (FAO) qida israfçılığının qarşısının alınması mövzusunda tədbiri keçirildi. Təşkilat Azərbaycanda ərzaq israfçılığının qarşısını almaq məqsədilə layihə həyata keçirməyə çalışır. Orada çıxışım zamanı mən qeyd etdim ki, acgöz, israfçı istehlakçılar əsrində yaşayırıq. Geyimlər, oyuncaqlar və s. məhsullar alanda belə biz israfçılığı nəzərə almırıqsa, ərzaq israfçılığında heç bir nəticə əldə edə bilmərik. Bu, tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir”.

E.Hüseynov onu da əlavə edib ki, dörd il öncə bir sahibkar ona müraciət edərək, gündəlik satışdan çıxarılan, vaxtı keçmiş qidaları yığmağa hazır olduğunu bildirib:

“Sahibkara müvafiq qaydada dəstək lazım idi, lakin həmin dəstək gəlmədi. Bu məsələ də dəstək olmadığı üçün başlamadı. Ümumiyyətlə, ölkəmizdə gündəlik 10 tonlarla malın istifadə müddəti keçir. Kim toplayır onları? Bizlər, sizlər bunu görürükmü? Azərbaycanda iki şirkətdən başqa heç kim tərəfindən bu qidaların məhv edilməsi prosesi ictimaiyyətə açıq aparılmır. Marketlər həmin istifadə müddətinə az qalan qidaları ya endirim edərək satışda saxlayır, ya da vitrindən anbara yığaraq distribütor şirkətə geri göndərir. Bir variant da var ki, distribütor şirkət məhsulların istifadə müddətini, qablaşdırılmasını dəyişərək, yenidən satışa çıxarır. Biz fəaliyyətimizin altı ili ərzində ölkədə qida sektorunda fəaliyyət göstərən yalnız iki şirkətin qida məhsullarını utilizasiya prosesində iştirak etmişik. Keçən ay 100 tondan artıq istehsal müddəti keçən məhsullar məhv edildi. Ölkədə istifadə müddəti keçmiş məhsulların mərkəzləşmiş qaydada toplanmasını həyata keçirən mexanizm hazırlanmalı və buna müvafiq qurum nəzarət etməlidir. Təəssüf ki, hələ bu prosesin şəffaflığı və mərkəzləşmiş qaydada təşkili həyata keçirilmir. Bu gün üçün qanunvericiliyə əsasən, marketdə satışda bir ədəd istifadə müddəti keçmiş məhsul aşkarlanarsa, sahibkarı 1500 manat cərimə gözləyir”.

Bəs istifadə müddətinin bitməsinə az qalan qida məhsulları arasından heyvanlara yararlı olacaq məhsulların seçilib müvafiq qaydada zooparka, heyvan sığınacaqlarına göndərilməsi mümkün ola bilərmi? 

Baytar Tərlan Cavadov Oxu.Az-a açıqlamasında bu suala cavab olaraq bildirib ki, əslində insanların istehlakı üçün nəzərdə tutulan qidaların böyük əksəriyyətinin heyvanlara verilməsi düzgün deyil:

“Bu qidaların 90 faizinin heyvanlara verilməsini düzgün hesab etmirəm. Hətta deyərdim ki, bu qidaların heyvanlara verilməsi onların orqanizminə ziyan vura bilər. Bəzən heyvan sahibləri bəzi ət məhsulları (sosis, kolbasa və s.) istehsal edən şirkətlərlə danışır və istifadə müddətinin bitməsinə az qalan məhsulları öz heyvanları üçün alır. Lakin bu, həmin gün olmasa da, bir müddətdən sonra heyvanların orqanizmində ciddi problemlər yaradır. Mən bu cür çeşidlənməni düzgün hesab etmirəm, bu qidalar istər zooparklardakı, istərsə də küçə heyvanları üçün yararsızdır”.

Baytar onu da əlavə edib ki, Avropada çoxdan işləyən bir mexanizm var:

“Bir restoran “cheesecake” bişirir. Bir gün sonra həmin satılmayan “cheesecake”lər yarı qiymətə, hətta ondan da aşağı qiymətə satışa qoyulur. Məhz bu satışdan yığılan pullar heyvanlar üçün quru yemlərin, zooparkdakı heyvanların sağlam qida rasionu üçün zəruri olan yeməklərin alınmasına sərf edilir. Bu sistemi ölkəmizdə də tətbiq edə bilərik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir