Dünya

“Mikroskopmedia”nın seçki təxribatının faktlarla ifşası – FOTO

Sharing is caring!


Xaricdə fəaliyyət göstərən “Microskopmedia” saytının “Facebook” səhifəsində Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı edilən paylaşımda iki nəfər məntəqə üzvünün seçki qutusuna yaxınlaşaraq topa şəklində bülleten atmaqları ilə bağlı video əks olunur. Hadisənin bu gün saat 12:07-də və 12:15-də 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsində edildiyi bildirilir.

“Faktyoxla Lab.” təqdim edilən faktı araşdırıb. Paylaşılan video montaja məruz qalsa da, qeyd edilən qanunazid hərəkətlərin törədildiyinə heç bir şübhə yoxdur. Bununla belə, həmin hadisənin “Mikroskopmedia”nın nəzərinə düşməsi bir sıra sualları ortaya çıxarır.

Ölkə üzrə 1000 məntəqədə müşahidə kamerasının quraşdırılmasını nəzərə alsaq, cəmi iki nəfərdən ibarət olan “Mikroskopmedia” komandasının eyni vaxtı 100-lərlə kameranı izləməsi və orada qanunsuzluq aşkar etməsi texniki cəhətdən real olsa da, fiziki cəhətdən bunu etmək mümkün deyil.

Mərkəzi Seçki Komissiyasının (MSK) kameraları yalnız canlı (onlayn) rejimdə fəaliyyət göstərdikləri üçün, kadrları geriyə çevirib yenidən baxmaq (playback) olmur. Belə çıxır ki, “Mikroskopmedia” həmin məntəqədəki səsvermə prosesinin video qeydiyyatını aparırmış. Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən belə bir resursun məqsədi isə aydındır. Onlar qabaqcadan əlbir olduqları şəxslərlə bu cür qanunazid hərəkəti razılaşdıraraq açıq formada seçki prosesinə kölgə salmağa çalışıblar. Lakin burada da bir sıra texniki səhvlərə yol veriblər.

Əvvəldə qeyd olunduğu kimi, pozuntunun baş verdiyi zamana və paylaşımın edildiyi vaxta (12:34) diqqət yetirdikdə, burada müddətin çox az olduğu diqqəti çəkir. Belə ki, 15-20 dəqiqə ərzində pozuntu müşahidə edilib, videomontaj olunub (montaj, videonun renderi və dizayn prosesi ən yaxşı halda 7-10 dəqiqə çəkir), həm də “Facebook”a yerləşdirilib (videolar “Facebook”a yerləşdirilmədən öncə bir müddət şirkətin daxili filtrlərindən keçir). Bu texniki cəhətdən o zaman mümkün olur ki, buna əvvəlcədən hazırlıqlı olasan.

Digər tərəfdən, bəlkə məntəqə üzvləri tərəfindən bu qanunazid fəaliyyətlər davam edəcəkdi? Nəyə görə “Mikroskopmedia” tələm-tələsik bu iki halı lentə alıb və ictimailəşdirib? Yaxşı olmazmıydı ki, gözləyib daha çox saxtakarlığı ifşa etsinlər?!

Nəyə görə hər iki şəxs 7-8 dəqiqə fərqlə, bu hərəkəti, özü də kamera qarşısında edib? Məqsəd aydındır, onlarla “Mikroskopmedia” arasında əvvəlcədən sövdələşmə olub və sonuncuların çox gözləməyə həvəsləri və resursları yoxdur. Onlar başqa məntəqələrdə də qanunazid fəaliyyətlər “tapmağa” çalışırlar.

Buradan belə nəticəyə gəlinir ki, təxribatı törədən şəxslər əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq hərəkət edib və həmin cinayəti törədəcəkləri vaxtı qarşı tərəfə xəbər ediblər. Ümid edirik ki, bu şəxslər etdikləri hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar.   

P.S. “Mikroskopmedia” bu paylaşımdan öncə saat 11:31-də 113 saylı Qax-Şəki seçki dairəsinin 9-cu məntəqəsindəki seçki qutularının uzaqda olduğunu və oluna biləcək saxtakarlığın müşahidə edilməsinin mümkünsüzlüyü ilə bağlı paylaşım etmişdi. Əgər dövlətin seçkilərdə saxtakarlıq etmək niyyəti olsaydı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsindəki qutuları da kameralardan uzaq məsafəyə yerləşdirərdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir