Dünya

Sergey Strokan: “Həm Bakıda, həm də Moskvada Makrona çoxdan bələddirlər” – MÜSAHİBƏ

Sharing is caring!


Parisdən Ermənistan cəmiyyətində canlı reaksiya doğuran bəyanatlar səslənməkdə davam edir. Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan bildirib ki, İrəvan Parisə “dəstəyini təsdiqlədiyinə” görə minnətdardır. O, Fransanın xarici işlər naziri Stefan Sejurnenin çıxışına belə reaksiya verib.

Fransa Prezidenti Emmanuel Makronun Parisin “xüsusilə Ermənistanla bağlı tarixi seçim etdiyini” deməsi İrəvanda daha böyük məmnunluq doğurub. Fransa lideri iki dəfə Ermənistanın adını çəkib. Onun sözlərinə görə, Ermənistan Fransanın diqqətini cəlb edir və Parisin mövqeyinin güclənməsinə gətirib çıxarır.

Yeri gəlmişkən, maraqlıdır ki, Makron çıxışında Ermənistanı faktiki olaraq Fransanın dənizaşırı əraziləri ilə müqayisə edib.

Tanınmış rusiyalı siyasi şərhçi Sergey Strokan Oxu.Az-a müsahibəsində qeyd edib ki, Emmanuel Makronun son açıqlaması, sadəcə, Fransa prezidentinin kəhanət qoxulu bəyanatlarının sırasını genişləndirib:

– Makron zaman-zaman özünü Avropanın ən böyük ölkələrindən birinin lideri kimi deyil, həm də tarix yazan şəxs kimi təqdim edən müəyyən təşəbbüsləri ilə ictimai rəyi qarışdırır. Fransa prezidentinin “tarixi seçim” ifadəsini işlətməsi təsadüfi deyil. Bu gün Makron Fransanın Ermənistandakı tarixi rolundan həm də ona görə danışmağa çalışır ki, İrəvanın Qərbə doğru kəskin dönüşünün şahidi oluruq. Fransa prezidenti bələdçi, rəhbər, Ermənistan üçün Avro-Atlantik birliyin qapısını açacaq böyük qardaş olmaq istəyir.

Makronun bəzi xarici ərazilərə apellyasiyası Fransanın keçmiş müstəmləkəçi dövlət kimi neokolonial ambisiyalarına istinad edir. Paris Azərbaycanda məhz yuxarıda qeyd olunan neokolonial ambisiyalarına görə dəfələrlə və kifayət qədər sərt tənqidlərə məruz qalıb. Makron açıq şəkildə bildirir ki, o, təslim olmur və hələ də tanrının dünyadakı səfiri kontekstində özü üçün hansısa ali missiya görür, o, Ermənistanı bir hissəsi hesab etdiyi müəyyən fransız dünyasının kolleksiyaçısı kimi görünmək istəyir, İrəvan isə Frankofoniya təşkilatının tədbirlərinə qatılır.

Makronun davranışı diqqəti cəlb edir, lakin Fransa liderinin son illərdəki bəyanatlarını və proqnozlarını təhlil etsəniz, onların heç vaxt özünü doğrultmadığı aydın olur. Onun reallığa çevrilmiş bir kəhanəti belə, yoxdur. Makron anın ustasıdır, o nəyisə deyir və yaxşı anlayır ki, sabah çoxu bunu unudacaq, lakin o vaxta qədər Fransa prezidentinin yeni nəzəri cəlb edən açıqlamaları olacaq.

Həm Bakı, həm də Moskva Makrona çoxdan yaxşı bələddirlər.

– Həmişə belə hesab olunub ki, iqtisadiyyat siyasətdən daha vacibdir. Fransanın Azərbaycanda iqtisadi maraqları var, məsələn, Fransanın “TotalEnergies” neft-qaz şirkəti. Azərbaycan parlamentariləri Fransa Senatının təhdidlərinə cavab olaraq hökuməti “TotalEnergies”i ölkədən çıxarmağa çağırıblar. Bəs Fransa biznesi niyə susur və Azərbaycana qarşı aqressiv siyasi ritorika ilə çıxış edən hökumətinə təsir göstərmir?

– Bu sual Almaniya, Britaniya biznesinə, həmçinin digərlərinə münasibətdə də qanuni və məqsədəuyğundur. İndi hakimiyyətin təbiəti elə qurulub ki, biznes qərarların qəbuluna ciddi təsir göstərmir. Fransaya gəldikdə, qərarları Yelisey sarayında qəbul edirlər və oradakı iqamətgah “TotalEnergies” rəhbərinin deyil, Fransa prezidentinindir.

Biznes müəyyən nəşrlər və ekspert görüşləri təşkil etməklə Fransa siyasətini şübhə altına ala bilər. Amma bu hələ də həlledici səs deyil.

Yeri gəlmişkən, Vladimir Lenin deyirdi ki, siyasət iqtisadiyyatın cəmlənmiş ifadəsidir. Amma görün Avropa İttifaqında nələr olur? Siyasi konyunkturun mənafeyi üçün iqtisadiyyat üzərində tam nəzarət və zorakılıq başladı. Bu gün Avropanın siyasəti – axmaqlığın toplu ifadəsidir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir