Dünya

ABŞ Dövlət Departamentinin səhvi – erməni əməkdaşın spekulyasiyası – ŞƏRH + FOTO

Sharing is caring!


Böyük dövlətlərin səhvi beynəlxalq ictimaiyyətin rəyinə geniş miqyasda təsir göstərir. Çünki bir çox hallarda bu münasibətlə hesablaşırlar. Təəssüf ki, ABŞ kimi dövlətin xarici siyasətində, Dövlət Departamentinin hesabatında səhvlərə yol verilir. Bu isə onun konfliktlərin həllində ədalətli və tərəfsiz olacağına şübhə yaradır.

Son zamanlar xüsusən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlik institutu tarixin yararsız bölməsinə göndərildikdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verilməsi istiqamətində ABŞ, Fransa başda olmaqla Avropa İttifaqı və Rusiya arasında yarışma gedir. Dövlət Departamenti tərəflərin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazırlaşır.

Belə bir şəraitdə ABŞ-nin xarici siyasət idarəsi Azərbaycanda “dini azlıqların hüquqlarının pozulmasına”, yaxud “dini dözümsüzlüyə” qarşı hesabat yayıb. Sənədlə tanış olanda qərəz açıq-aydın görünür. Çünki rəsmi Bakının və Azərbaycan cəmiyyətini bu məsələdə ittiham etmək azı Allahsızlıqdır. Məsələ heç də Azərbaycanda açılan yeni məscidlər, təmir olunan kilsə və sinaqoqlarda deyil. Çünki rəsmi Bakı, Heydər Əliyev Fondu bu kimi ibadət yerlərinin təmir-bərpasına həm ölkə, həm də ondan xaricdə diqqət ayırır. Ölkə ərazisində çox sayda kilsə və sinaqoq təmir olunub və fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti Qarabağ və ətraf rayonlarda regionda yaşayan ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları illərdə tarixi kilsə və məscidləri dağıdıb, onları yararsız hala salıblar. Ancaq 30 il ərazində Dövlət Departamenti bununla bağlı bir etiraz cümləsi belə yazmayıb. 2016-cı ildə Roma Papası Fransisk səfəri zamanı Azərbaycanda xristian kilsələrinə hörmətlə yanaşıldığını etiraf edib. Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristianlığa məxsus dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirib. 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub. Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi abidələr III əsrə aiddir.

Bir çox ölkələrdə təqib olunan bəhailər, zərdüştlər belə Azərbaycanda öz ayinlərini sərbəst halda həyata keçirirlər.

1992-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun qəbul olunub. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Konstitusiyasında bildirilib:

“Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var…”.

Azərbaycanda dini etiqad azadlığının hüquqi bazası, qorunması, icrasına dair çoxsaylı fakt var. Odur ki, rəsmi Bakıya bu məsələdə təzyiq etmək də yersiz, əsassızdır. Bu, ABŞ-nin nüfuzuna ziyan vuran addımdır.

Hesabatın qərəzliliyini təsdiqləyən başlıca amil onu erməni etnik qrupunun nümayəndəsinin hazırlamasıdır. Sanki bu hesabatı erməniyə Dövlət Departamenti qəsdən həvalə edib. Hesabatın Azərbaycana aid hissəsini dövlət komissiyasının sədri Daniela Aşbaxyan adlı erməni qadın hazırlayıb. O, vaxtilə Livanın ABŞ-dəki konsulluğunda işləyib. Bu ölkədə vəzifədə çalışan erməni etnik qrupunun nümayəndələrinin əksəriyyətinin anti-Türkiyə və anti-Azərbaycan mövqedə olduğu hər kəsə məlumdur. Məhz “ermənilik” ideologiyası bu ölkədən yayılır. Eləcə də ermənilərin ASALA terror təşkilatı 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılıb. Ermənistan dini baxımdan da bu ölkədəki kilsə tərəfindən idarə olunur. Ehtimal edilir ki, Livandakı erməni ideoloqların fətvası ilə bu qrupunun nümayəndələri İsraildə pozuculuq fəaliyyəti göstərirlər.

Bir neçə ilə öncə Livanın erməni turizm naziri Avetis Qidanyan yerli telekanallardan birinə müsahibəsində türklərə qarşı düşmənçiliyini gizlətməyib, onların Livanda hava limanında görmək istəmədiyini vurğulayıb. Belə siyasi-ictimai və etnik mədəni mühitin yetirməsi olan Daniela Aşbaxyanın da Azərbaycan və Türkiyəyə qarşı düşmən, qərəzli mövqedən çıxış etdiyi istisna olunmur.

Dövlət Departamentinin belə bir ciddi sənədi qərəzli olacağı əvvəlcədən istisna edilməyən bir əməkdaşa verməsini Ağ Evin ünvanına yazmasaq da, bu, bürokratik spekulyasiyadır. ABŞ-də departamentdə çalışan uyğun bölmənin rəhbəri erməni lobbisi və ya diasporunun imkanlarından faydalanmaq üçün də belə bir məsul işi Azərbaycana qarşı qərəzli mövqedə olan bir erməni xanıma həvalə ediblər. Onun hesabata hikkə və kinlə yanaşdığı isə hesabatda açıq-aydın görünür. Dövlət Departamentinin indiki həssas bir zamanda belə bir addımı atması da ona etibarı zədələyir. Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi olacaq. Ona görə də ehtimal etmək olar ki, hesabatı tərtib edənlər bu siyasi kampaniyaöncəsi rəsmi Bakıya təzyiq etməyi hədəfləyiblər. Ancaq Daniela Aşbaxyanın hazırladğı “sənəd” departamentin ziyanına olub. Bu baxımdan qurumun növbəti hesabatlarının da qərəzlilik təəssüratı yaradacağı istisna edilmir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir