Müsahibə

Moskvada azərbaycanlıların sayı gah çoxalır, gah azalır: SƏBƏB nədir? – MÜSAHİBƏ

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvanın etnik tərkibi ilə bağlı 1989, 2002, 2010 və 2021-ci il əhalinin siyahıya alınmasının bəzi materialları əsasında maraqlı araşdırma aparılıb.

Müqayisəli araşdırmanın müəllifi Moskva rəhbərliyi yanında Millətlər üzrə Şuranın Miqrasiya Məsələləri Komissiyasının sədri, Beynəlxalq Münasibətlərin İnkişafı üzrə Mehriban Qonşuluq Fondunun layihə direktoru Yuri Moskovskidir.

Materialda çoxlu maraqlı faktlar, o cümlədən azərbaycanlıların sayındakı dəyişikliyin dinamikası öz əksini tapır.

Yuri Moskovski Oxu.Az-a verdiyi müsahibədə apardığı araşdırmadan söz açıb.

– Araşdırmada azərbaycanlılarla bağlı çox maraqlı rəqəmlər yer alıb. Belə ki, 1989-cu ildə əhalinin siyahıya alınmasına əsasən, Moskvada 27 727 azərbaycanlı yaşayırdı. 2002-ci ildə kəskin artım qeydə alınıb – 95 563, sonra isə eniş başlayıb. 2010-da – 57 563, 2021-də – 37 259. Niyə son illərdə azalma baş verib?

– Bunun bir neçə izahı var. Birincisi, 2021-ci il siyahıyaalması pandemiya zamanı baş tutub. Meqapolislərdəki bir çox insan siyahıyaalma aparanlar tərəfindən, sadəcə olaraq, qeydə alınmayıb. Bir çox məlumatlar ev kitablarından götürülüb və orada milliyyət olmayıb. Qeydiyyatsız yaşayanlar isə ümumiyyətlə siyahıyaalmaya düşməyiblər.

İkinci məqam ondan ibarətdir ki, siyahıyaalmanın keyfiyyəti ildən-ilə aşağı düşür. Hələ 1989-cu ildə, yenidənqurma dövründə aparılan siyahıyaalmaya istehsal intizamının müəyyən dərəcədə azalmasından dolayı suallar yaranır. 2002-ci ildə vəziyyət 1989-cu ildəkindən, 2010-cu ildə isə 2002-ci ildən daha pis idi. İnsanlar siyahıyaalma aparanlarla ünsiyyət qurmağa meyilli deyildilər.

Ona görə də mən bu siyahıyaalmaların məlumatlarının mütləq dəqiq olduğunu iddia etməzdim. Lakin buna baxmayaraq, siyahıyaalmalar siyasi və iqtisadi vəziyyətlə bağlı olan müəyyən tendensiyaları əks etdirir. Məsələn, 2002-ci ildə azərbaycanlıların sayının 1989-cu illə müqayisədə artması onunla izah oluna bilər ki, onlar öz vətənlərində müəyyən çətinliklərlə üzləşərək Moskvaya köçmək qərarına gəliblər. Azərbaycanda vəziyyət düzələn kimi isə çoxları geri qayıtmağa başladılar. 2010-cu ildə isə Rusiyanın paytaxtında yaşayan azərbaycanlıların sayında obyektiv izah oluna biləcək azalma müşahidə olunub. Siyahıyaalma illərində azərbaycanlıların statistikada əks olunduğundan daha çox olduğu aydın olsa da, ümumi tendensiya düzgün göstərilib.

– Bəs sizcə, real məlumatlar statistikanın verdiyi rəqəmlərdən nə dərəcədə fərqlənir? Moskvada ukraynalıların sayının az olması təəccüb doğurur. 2002-ci ildə onların sayı 252 000, 2021-ci ildə isə 58 788 nəfərdir. Mən pandemiyanı və bütün bu kimi məqamları başa düşürəm. Amma cəmi 58 788?

– 2021-ci ildə bu həm pandemiya, həm də özünütəsbitin dəyişməsi ilə bağlı idi. 2002-ci ildə bir çoxları özlərini ukraynalı, 2021-ci ildə isə rus adlandırıblar.

– Siyahıyaalmanın nəticələrinə aid olmayan bir rəqəm var. Müxtəlif məlumatlara görə, son illərdə üç milyondan çox ukraynalı Rusiyaya gəlib, onların bir çoxu Moskvada məskunlaşıb. Belə çıxır ki, bu adamlar özlərini rus hesab edirlər?

– Bəli, məhz belədir. Yeri gəlmişkən, burada vacib bir məqam var. Ukraynanın apardığı statistikada onlar qeydiyyatdan ukraynalı kimi keçiblər, Rusiya Federasiyasında isə özlərini rus adlandırıblar. Və bu çox tez-tez baş verir. Mən Rusiyada özlərini rus adlandıran yəhudiləri və başqa millətlərin nümayəndələrini tanıyıram.

– Qayıdaq azərbaycanlılara. Siyahıyaalmaya görə, 2021-ci ildə onların sayı 37 259 nəfər idi. Real rəqəm statistikada göstəriləndən nə qədər fərqlənə bilər?

– Ola bilsin ki, iki-üç dəfə çox olsun, ancaq beş və ya on dəfə ola bilməz.

– Moskvada 75-100 min azərbaycanlı sayı… Bu az deyilmi?

– Xeyr. Siz 1989-cu illə müqayisə edin (27 727). O zaman siyahıyaalma ilə bağlı bütün problemlərə rəğmən, rəqəmlər aşağı-yuxarı doğru idi. İstənilən halda, o vaxtdan sonra Moskvada azərbaycanlıların sayı çoxalıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir