Dünya

Si Cinpinin həmlələri, ABŞ-nin səyləri: Regionda qeyri-kafi vəziyyət yarana bilər – TƏHLİL

Sharing is caring!


Yanvarın 13-də Tayvanda prezident və qanunverici orqana seçkilər keçiriləcək ki, bu da ABŞ ilə Çin arasında daha böyük güc rəqabətinə təsir göstərəcək.

Çünki bu seçkilər Şərqi Asiyada daha geniş təhlükəsizlik vəziyyətinin konturlarını cızmaq üçün ABŞ ilə Çinin yarış meydançasına toplar atır.

Çin Tayvanı öz suveren nəzarətinə birləşdirmək, ABŞ isə həmin subyekti Pekinin idarəetməsindən kənarda tutmaq məntiqi ilə həmin toplara zərbə endirmək prinsiplərindən əl çəkməyiblər.

Böyük ehtimalla Pekin və Vaşinqton seçkinin nəticələri üçün fərqli oyun təlimatları hazırlayıblar, lakin Çin böyük bir şövq və həvəslə Tayvanın mümkün birləşdirilməsi üçün ata biləcəyi addımları prioritetləşdirir.

Bunu göstərən əlamətlər:

– Çinin hərbi və müdafiə sənayesindəki yüksəkvəzifəli məmurlarının işlərindən uzaqlaşdırılması, yeni müdafiə naziri təyin edilməsi (admiral Dun Çzyun) Çin Sədri Si Cinpinin Tayvanla əlaqədar səylərinin tərkib hissəsidir,

– Si Cinpin Yeni illə bağlı bəyanatlarında Çin mərkəzli beynəlxalq nizam yaratmaq vizyonunu təkrarlayıb.

Seçki ərəfəsində Şimali Koreya ilə Cənubi Koreya arasındakı hərbi eskalasiya riskinin çoxalması Çinə sərfəlidir, çünki Vaşinqtonun başı Seula dəstək olmaq işinə qarışır.

Görünə bilər ki, Şimali Koreyanın Cənubi Koreyaya qarşı güc nümayişi Pekinlə Pxenyan arasındakı gizli bir razılaşmanı həyata keçirən keçiddir.

Başqa bir tərəfdən, Rusiya Şimali Koreyanın raketlərindən Ukrayna müharibəsində istifadə edir və bu nöqtədə Moskvanın da qarşılıq olaraq Pxenyana dəstəkləri qabarır.

Deməli, Tayvandakı seçkilər fonunda Çin, Rusiya və Şimali Koreya bir ox üzərində, ABŞ, Cənubi Koreya və Yaponiya isə fərqli ox üzərində dayanaraq nəticələr düzəltməyə çalışırlar.

Bu o deməkdir ki, Tayvanın gələcək hüquqi strukturu ilə bağlı fərqli yanaşmalar dərin geosiyasi mətləbləri üzə çıxaracaq və Çin ada ilə əlaqəli səylərini artıracaq.

Çünki Si Cinpinin rəsmi açıqlamaları, üstəgəl onun ABŞ Prezidenti Co Baydenlə görüşündə Tayvanla bağlı qətiyyətli bəyanatlar səsləndirməsi barədə dərc olunan məlumatlar Pekinin səylərinin koordinatlarını düşünməyə imkan verir.

Deməli, yaxın gələcəkdə ABŞ ilə Çin rəqabətli münasibətlərini Tayvandakı seçki və onun geosiyasi nəticələri fonunda davam etdirəcəklər.

Lakin ABŞ başa düşür ki, Şərqi Asiyadakı çəkindirmə qabiliyyəti qeyri-kafi vəziyyətə düşə bilər və bu, Vaşinqtonun Çin qarşısında qlobal geosiyasi itki ilə üzləşməsi riski ilə əlaqəlidir.

Belə bir şəraitdə ABŞ-nin regionda sülh və təhlükəsizlik yastığını necə bərkidəcəyi suallar doğura bilər.

ABŞ-nin Çinə qarşı təkmilləşdirilmiş çəkindirmə qabiliyyəti yarada bilməsi üçün resursları az deyil, ancaq Pekinin kontur həmlələri fonunda o, bir qədər zəifləyə bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir