Dünya

Kiyevə hücum nəticəsində azərbaycanlılara məxsus evlər də dağılıb – FOTOREPORTAJ

Sharing is caring!


Rusiya ordusunun dekabrın 12-dən 13-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə “İskəndər” tipli ballistik raketlərlə hücumu nəticəsində Darnitski rayonunda yaşayan azərbaycanlıların evlərinə zərər dəyib.

Soydaşımız Haqverdi Bayramov “Report”un Şərqi Avropa bürosuna açıqlamasında deyib ki, o və digər azərbaycanlının evləri raket dalğasından yararsız hala düşüb.

“Hazırda evsiz qalmışıq. Çalışırıq Azərbaycana qayıdaq”, – o vurğulayıb.

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov isə “Report”a bildirib ki, Rusiyanın raket zərbələri nəticəsində Kiyevin Darnitski, Dneprovsk, Desnyansk və Qoloseyevski rayonlarında xeyli dağıntılar olub:

“Rusiya ötən üç gün ərzində ikinci dəfə Kiyevə zərbə endirib”.

Onun sözlərinə görə, qarşı tərəf mülki şəxsləri də hədəf alıb:

“İlkin məlumata görə, Rusiya, iki gün əvvəl olduğu kimi, yenə ballistik silahdan istifadə edib. Təxminən gecə saat 3 radələrində Rusiya şimal-qərb istiqamətindən şəhərə raketlər buraxıb. Hava hücumundan müdafiə qüvvələri tərəfindən bütün hədəflər məhv edilib. Vurulan raketlərin hissələri şəhərin dörd rayonuna düşüb. Paytaxtın Qoloseyevski, Darnitski və Desnyansk rayonlarında daha çox dağıntılar qeydə alınıb. Doqquzmərtəbəli evin yeddinci mərtəbəsində yanğın baş verib, insanların təxliyəsi həyata keçirilib”.

M.Şamanov bildirib ki, 17 insan xilas edilib, onlardan yeddisi uşaqdır. Dneprovsk rayonunda partlayış dalğaları pəncərələri sındırıb. Raket hissələrinin şəxsi evlərə də düşdüyü aşkar olunub. Həmçinin, su kəməri zədələnib, həyata keçirilmiş tədbirlərlə suyun verilişi bərpa olunub. Ümumilikdə gecə hücumu zamanı 53 nəfər xəsarət alıb, 20 nəfər hospitala yerləşdirilib. Rəsmi əlavə edib ki, 34 nəfər kəsik yarası alıb, səkkiz nəfərdə kəskin stres, qalanlarında isə yanıq və digər zədələr qeydə alınıb.

Raket zərbələrinin endirildiyi ərazidən fotoreportajı təqdim edirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir