Dünya

Bir ezamiyyətin acı xatirəsi: Donbasdan necə qurtuldum? – FOTO

Sharing is caring!


“Gözlərimə inanmadım, inanmaq istəmədim. Necə ola bilər ki, 20 il əvvəl bir otaqda yaşadığım, bir yerdə məşq etdiyim dostum indi mənə qarşı döyüşür? Döyüşmək nədir, mənim qəsəbəmi alt-üst edən silahlı birləşmənin komandiridir! İnana bilmədim ki, bu, Andreydir. O Andrey ki, vaxtilə biz Donetskdə məşq edəndə anam onun üçün də əziz sovqatlarını göndərirdi. Biz axı qardaş kimi idik onunla… Dünən gecə isə onu qarşı tərəfdən (“DNR” silahlılarını nəzərdə tutur – M.A.) bizə hücum edən qrupun rəhbəri kimi gördüm. Əlim qalxdı, amma vura bilmədim onu…”

Oturduğum kafedə qonşu masada dövrə vurub oturan Ukrayna hərbçilərindən biri çılğın formada, arada əlini masaya vuraraq, söyüş söyərək, başına gələnləri dostlarına danışırdı. Dediklərindən məlum olurdu ki, kəşfiyyatdan qayıdarkən rastlaşıb həmin vəziyyətlə. Gördükləri, danışdığı hadisə ona ağır təsir etmişdi…

Bayırda hava çox soyuq, kafe də o qədər isti deyildi. 2023-cü il fevralın 1-i idi. Donetsk vilayətinə sərt qış gəlmişdi. Son yarım ildə üçüncü dəfə idi bura reportaja gəlirdim. Oturduğumuz kiçik kafe cəbhə xəttindən 20-25 kilometr məsafədə Kramotorsk şəhərinin kənarında, bu bölgədə çalışan 2-3 kafedən biridir. Yeri gəlmişkən, sahibi də əslən Azərbaycanın Tərtər rayonundan Emin adlı oğlandır. Müştəriləri tamamən ya hərbçilər, ya da ara-sıra bura ezamiyyətə gələn hərbi jurnalistlərdir. 

Həmyerlimin qarşıma qoyduğu növbəti çaynikdən çay süzərək, vaxt öldürmək üçün qonşu masada danışılan əhvalata qulaq müsafiri olsam da, getdikcə hövsələm daralırdı. Çünki artıq ikinci dəfə idi, Kiyevdən danışıb razılaşsaq da 700-800 kilometrlik çətin yolları gəldikdən sonra məni burada qarşılamalı olan hərbçiləri saatlarla gözləməli olurdum. Adətən səbəbi onların döyüş gedən şəhərlərdən gec çıxması olurdu. Ümumiyyətlə bu bölgədə internet, rabitə demək olar ki, yox dərəcəsindədir. İndi də səhər tezdən bu kafenin qarşısından məni götürüb, Baxmut istiqamətinə aparmalı olan hərbçilərdən, günün ikinci yarısı olmasına baxmayaraq, hələ də xəbər yox idi. Planım alt-üst olurdu. Səbrim tükənirdi. Növbəti çayniki boşaldıb, durub bayıra çıxdım. Hava şaxtalı, bərk də qar yağırdı. Top, raket səslərinin də ardı-arası kəsilmirdi. Artıq yükümü kafe sahibi həmyerlimə əmanət edib, şəhər tərəfə addımlamaq istəyirdim ki, kafenin qarşısında bir “pikap” dayandı. Maşından düşən zabitlərdən biri mənə tanış gəlsə də, o məni dərhal tanıdı. Ötən il martın əvvəlində – müharibənin ilk ayında Jitomir cəbhəsində iki gün bir yerdə olmuşduq. Özlərinə əlüstü yemək üçün nəsə alıb Drujkovka istiqamətində gedirdilər. Söhbət zamanı durumumu bilib, mənə təklif etdi ki, maraqlıdırsa, onlarla gedim, səhər tezdən cəbhə xəttində olacaqlar və onların müşayiəti ilə o ərazilərdə çəkilişlər edə bilərəm. 

Səhər tezdən gözlədiyim hərbçilərə növbəti dəfə zəng edib düşə bilmədikdən sonra, başqa əlacım olmadığı üçün razılaşdım. Birlikdə Drujkovkaya doğru yola çıxdıq. Gecəni onlarla birlikdə kazarmada keçirdim. 

Kazarma demək olar ki, yerin altında idi. Çünki ərazi daimi olaraq artilleriya atəşlərinə məruz qalırdı. Gecəyə doğru Rusiya ordusu tərəfdən güclü artilleriya atəşləri yatmağa imkan vermədiyi üçün, istirahətdə olan hərbçilərlə gur yanan sobanın ətrafına yığışıb, söhbətləşirdik.

Təxminən 28-40 yaş arası kişilərdən və qadınlardan ibarət, Ukraynanın müxtəlif bölgələrindən olan bu döyüşçülər müharibəyə qədər hərəsi bir sənətin sahibi olublar. Hərəsinin bir həyat hekayəsi vardı. Onlardan yalnız biri, Yevgeni buralardan idi – cəbhə xəttindəki Belaya Qora kəndindən. Bu səbəbdən ona daha çox suallar verirdim. Deyir, böyüdüyü ərazidəki yanaşı kəndlər 2014-cü ildən döyüş meydanına çevrilib. Ata-anası ayrılıb buralardan köçdüyü üçün onu həmin kənddəki nənəsi böyüdüb. Qəribə burasıdır ki, döyüş tapşırıqlarına gedəndə öz kəndlərinə girmir. Çünki nənəsi onun döyüşməsinin qəti əleyhinədir.

“Ona izah edə bilmirəm ki, elə onun, kəndimizin gələcəyi üçün vuruşuram. Kəndlərin əhalisinin çoxu arxa cəbhəyə köçməsinə baxmayaraq, nə qədər edirəm, özü də kənddən çıxmır. Ümumiyyətlə, bizdə yaşlı insanların öz dünyası var – bunun adı Sovet dünyasıdır” – deyə, bayaqdan “dil qəfəsə qoymayan” Yevgeni əlini yelləyib, anidən susdu.

Şahidi olduğum qədər, ümumiyyətlə, Ukraynanın bütün döyüş gedən vilayətlərində cəbhəyanı kəndlərdən təxliyə zamanı yaşlı insanların əksəriyyəti evlərini tərk etməkdən imtina edir, nə olursa-olsun, illərdir yaşadıqları evdə qalmağa üstünlük verirlər.

Səhər tezdən Belaya Qora istiqamətində yola çıxdıq, təbii ki, Yevgeni bizə qoşulmadı. Hərbçilərə məndən başqa bir ukraynalı jurnalist də yoldaşlıq edirdi. 

Gecə minaatanlardan qarşılıqlı güclü atışmalar olsa da səhər sakitliklə açılmışdı. Fürsətdən istifadə edib, bir az da irəli getdik. Demək olar ki, yarıdan çoxu dağılmış kəndlərdə nəinki kafelər, heç adi çörək dükanları da işləmir. Bu kəndlərin bir təhlükəli tərəfi isə odur ki, ərazi qarşı tərəfin maskalanmış diversiya qrupları ilə doludur. Ona görə hərbçilər tələb edirdilər ki, onlardan çox uzaqlaşmayaq. 

Günortadan sonraya kimi yarımmeşəlik ərazilərdə səngərlərdə çəkilişlərə başım necə qarışdısa, ac olduğum yalnız kazarmaya qayıdanda yadıma düşdü. Əsgərlərdən birinin yolüstü Belaya Qora kəndinin içindən keçməyi təklif etməsi nəsə tapıb yeməyə həvəsləndirdi. Çünki kazarmaya hələ 20 kilometr qalırdı, bu isə dağıdılmış yollarla iki saatlıq məsafə idi.

Təsadüf idi, ya yaşadıqlarımın məntiqi davamı, bilmirəm, amma kəndə girəndə ilk həyətlərin birində ayaq saxladıq və məlum oldu ki, Yevgeninin nənəsinin evidir. Həyətdə odun yarırdı. Ötən axşam onunla bağlı eşitdiklərimi xatırlayıb, indi bizi acılayacağını düşündüm. Amma tam əksi oldu. Ukrayna dilində dualar, alqışlar edərək, bizimlə salamlaşdı. Nəvəsini soruşdu. Mənim həyətdəki ağacların üstündə quruyub qalmış meyvələrə girişməyimdən hiss etdi ki, bərk acıq. Bir az fikrə gedib, “gözləyin” dedi və evin arxasına keçdi. Xeyli sonra pomidor, xiyar və bibərdən ibarət  5-6 kiloluq turşu bankası ilə geri döndü. Hazırda əlində bundan başqa nəsə olmadığını deyib, halallıqla bizə verdi. Yanında da iki ədəd çörək və əl boyda sala vardı. Şaxtalı havada aclıq bizə necə güc gəlmişdisə, hərbçilərdən qabaq bankanı mən qamarladım. Düşündüm, maşında açarıq, yolboyu aclığımızı öldürərik. Maşına minib geriyə – Drujkovkaya tərəf yola davam etdik. Sürücü əsgər elə sürətlə sürürdü ki, ha çalışsam da, bankanı açmağa imkan tapmadım. Axırda əsgərlərdən biri əlimdən alıb arxaya qoydu ki, axşam rahat yeyərik. Turşu elə hazırlanmışdı ki, ac vaxtı görünüşü belə adamın ağlını başından alırdı.

Gözlədiyimiz vaxtdan xeyli əvvəl Drujkovkaya çatdıq. Şəhərin girişində yol kənarında Yevgeni ilə rastlaşdıq. Yeri gəlmişkən, o, sürücü əsgər idi və maşınla yol kənarında dayanmışdı. Dayanıb həm onunla görüşdük, həm də artıq yükləri onun maşınına yüklədik ki, birbaşa kazarmaya aparsın. Çünki biz hələ ukraynalı jurnalisti Pokrovska çıxan taksiyə çatdırmalı, daha sonra isə bir neçə humanitar yardım nöqtələrinə dəyməli idik. Nənəsinin göndərdiyi bankanı da Yevgeniyə verdilər. Bankanı nənəsini qucaqlayırmış kimi qucaqladı. Həvəslə qucaqlamağını görüb, yarızarafat xahiş etdim ki, biz gələnə kimi yeyib qurtarmasın, bizə də saxlasın. Ayrılıb maşına minərək yola davam etdik. Yenicə yola düzəlmişdik ki, arxa tərəfdən möhkəm partlayış səsi eşidildi. Düşündüm ki, ya harasa mina düşdü, ya da yaxınlıqda atışma başladı. Qabaqda oturan hərbçi güzgüdən nə gördüsə, “Lənətə gələsən, Jenya!” – deyə bağıraraq, sürücüyə tez geri sürməyi əmr etdi.

Biz çatanda bədəni dəlik-deşik olmuş Yevgeni göllənmiş qanının içində canını tapşırmışdı… Nə baş verdiyini anlamayacaq halda donmuşdum. Sonradan məlum oldu ki, nənəsinin sovqatına dayana bilməyən Yevgeni onu açmaq istəyib və bu zaman bankada gizlədilmiş əl qumbarası işə düşərək, partlayıb. 

Bizə sonradan izah edildiyi qədər, nənəsinə həmin vaxt bankanı evin arxasından ötürən kənddə gizlənmiş diversiya qrupunun üzvləri olub. Hesablamalarına görə, biz onu maşında açmalı və nəticədə bütün heyət məhv olmalı idik. Lakin Tanrının hesabı onların hesabından daha kəskin oldu. Nənənin sovqatı nəvəsinin əlində partladı.

Səhəri gün oradan ayrılandan dedilər ki, hərbi kəşfiyyat dərhal kəndə yollansa da, arvadı evdə tapmayıblar…

Mən isə artıq rabitəyə çıxan, iki gündür gözlədiyim digər hərbçilərlə görüşə yollandım, Baxmuta getmək üçün. Yolboyu isə nənəsinin gələcəyi uğrunda döyüşən Yevgeninin acı sonluğu gözümün qabağından getmirdi…

Mübariz Aslanov, “Ukrayna gündəliyi”ndən 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir