Dünya

Müstəmləkə təfəkkürlü Fransaya Qafqazda yer yoxdur, Ermənistan bunu qəbul etməlidir – ŞƏRH + FOTO

Sharing is caring!


ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi Fransa beynəlxalq hüquq normalarını, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda davam edir. Bu dövlət dünya ictimaiyyətinə Azərbaycanla bağlı böhtan və qərəz dolu birtərəfli məlumatlar sırıyır. Başqa sözlə, Paris hökuməti erməni lobbisindən aldığı sədəqənin “haqqını” vermək üçün hər cür çirkin, riyakar siyasət yürütməkdə davam edir. Qatı ermənipərəst mövqe nümayiş etdirən bu dövlət və onun rəsmiləri beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur, yalan və böhtan kampaniyasını gücləndirir, anti-Azərbaycan fəaliyyətini genişləndirir.

Fransa Prezidenti Emmanuel Makronun çirkin təbliğatının ruporu rolunda çıxış edən xarici işlər naziri Katrin Kolonna bu sırada xüsusi canfəşanlıq göstərir, dəridən-qabıqdan çıxır. O, Ermənistana səfərlər edir, Fransada tez-tez görüşlər keçirərək dünya ictimaiyyətinə dezinformasiya sızdırır. Azərbaycana qarşı şər-böhtan kampaniyasının başında duran, erməni diasporundan yemlənən XİN rəhbəri bu dəfə Fransa Senatında toplantı keçirərək növbəti dəfə çirkin və qərəz dolu açıqlamalarla çıxış edib. O, Azərbaycanı Qarabağda yaşayan erməni sakinlərin çıxarılmasını təşkil etməkdə günahlandırıb, buna görə rəsmi Bakının cəzalandırılması təklifini irəli sürüb. Maraqlıdır ki, Qarabağda “etnik təmizləmə” barədə danışan nazir ortaya bir fakt belə qoya bilməyib. Qoya da bilməz, çünki belə bir fakt mövcud deyil. Ən əsası, BMT-nin Azərbaycanın Qarabağ bölgəsinə iki dəfə missiya göndərməsini də “unudub”. Çünki həmin missiya bir dəfə də olsun Kolonnanın gətirdiyi arqumentləri təsdiqləməyib.

Azərbaycana qarşı səlib yürüşünə start verən rəsmi Parisin təşəbbüsü ilə növbəti riyakarlıq BMT-nin İnsan Haqları Şurasında yaşanıb. Ermənistan mediasının israrla 34 ölkənin birgə sənədi kimi təqdim edilmiş bəyanatı Fransa və Ermənistanın birgə təşəbbüsü də adlandıra bilərik. Azərbaycan tərəfi dərhal səsləndirilən əsassız iddiaları rədd edib və Fransanın Azərbaycanda gedən siyasi proseslərə müdaxilə cəhdlərini qınayıb.

Görünən odur ki, müstəmləkə təfəkkürlü, milyonlarla insanı qətlə yetirib soyqırımları törədən Fransa Ermənistanı öz çirkin planlarını həyata keçirməkdə vasitə kimi görür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın bu cür siyasət aparmasını sərt tənqid edib. Dövlət başçısı Fransa barədə danışarkən bu ölkənin rəhbərliyinin 2020-ci ildən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu qeyd edib. Azərbaycanın öz ərazisində döyüşdüyünü, separatizmi aradan qaldırdığını, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etdiyini diqqətə çatdırıb. İlham Əliyev Fransanın milyon yarım əlcəzairlini əlcəzairli və müsəlman olduğuna görə məhv etdiyini, soyqırımı həyata keçirdiyini xatırladıb. Prezident İlham Əliyev Fransanın Afrika qitəsində törətdiklərini qanlı cinayət adlandırıb.

“Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”, – deyə Prezident vurğulayıb.

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə heç cür barışa bilməyən Fransanın İkinci Qarabağ müharibəsində tutduğu mövqe bəllidir. Bu ölkə Azərbaycanı sanksiyalarla hədələyib, ona qarşı sanksiyaların qəbuluna nail olmağa çalışıb.

Son olaraq bir məsələyə də toxunmaq istərdik. Nə Makron, nə də onun komandası bir dəfə belə olsun Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın əzəli Azərbaycan torpağı olduğu barədə bəyanatını şərh etmək istəməyib. Necə olur ki, keçmiş münaqişə tərəfi – rəsmi İrəvan bu faktı etiraf edir, amma Paris buna diqqət belə ayırmır. Digər keçmiş həmsədr dövlət – Rusiya, onun prezidenti və digər rəsmiləri də bu faktı dəfələrlə bəyan ediblər. Amma Makrona bu həqiqət çatmır? Təbii ki, sərf etmir. Afrikadan biabırcasına qovulan müstəmləkəçi rejim Cənubi Qafqazda kök salmağa çalışır, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı əsas prioriteti hesab edir. Təbii ki, yenə də əsas məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. İrəvan yaxın keçmişdəki səhv qərarlarını təkrarlamamalıdır.

Baş nazir Nikol Paşinyan anlamalıdır ki, Fransanın təsiri və mövqeyi həlledici deyil. Başa düşməlidir ki, Fransanın onu silahlandırıb Azərbaycana qarşı müharibəyə sövq etməsi avantüradır və heç bir nəticə verməyəcək. Fransa Hindistanla birləşib nə qədər Ermənistanı silahlandırmağa cəhd göstərsə də, onlar Azərbaycana təsir etmək iqtidarında olmayacaqlar. Ermənistanın bir doğru yolu var: Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir