Dünya

Fələstin-İsrail müharibəsi: Neft və hərbi texnika bahalaşır, ərzaq təminatı təhlükədə? – ŞƏRH + FOTO

Sharing is caring!


Fələstinin HƏMAS qruplaşmasının silahlıları oktyabrın 7-si raket hücumlarının müşayiəti ilə İsrailə daxil olub, bir anda misli görünməmiş müharibəyə başladılar. İsrailin əks-hücum tədbirlərinə başlaması, təhlükəsizlik addımlarını gücləndirməsi, səfərbərlik elan edərək, terrorun qarşısını almağa istiqamətlənməsi vaxt apardığına görə həftəsonu müharibə ciddi şəkildə qızışdı.

Hərbi əməliyyatların fonunda dünya iqtisadiyyatı ilə bağlı proqnozlar da səsləndirilməyə başladı. Bazar ertəsi Asiyada ticarət başlayan kimi bahalaşma, tələbatın yüksələcəyi haqqında proqnozlar özünü doğrultdu. Belə ki, həftənin ilk günündəki real göstəricilərə baxsaq, ABŞ fond füçersləri düşüb, xam neft, qızıl və xəzinə istiqrazları isə bahalaşıb. Bazar ertəsi neftin qiyməti bir barel üçün dörd dollardan çox artıb və hətta 88,76 dollaradək yüksəlib.

Bəs maraqlıdır, Fələstin və İsrail arasında müharibə davam edəcəyi təqdirdə bu, dünya iqtisadiyyatına daha hansı təsirləri göstərəcək?

Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, neftin qiymətindəki artımları ciddi hesab etmək doğru olmaz. İqtisadçı deputat deyib ki, “Brent” markalı neftin bir bareli hazırda 88 dollara təklif olunsa da bu, davamlı deyil:

“Müharibənin dünya iqtisadiyyatına təsirləri hələlik hiss edilmir. Nəzərə alsaq ki, region vacib olsa belə, müharibə aparan ölkələrin dünya iqtisadiyyatında payı yüksək deyil. İsrail innovativ məhsul istehsalı və ixracı baxımından fərqlənən ölkələrdən olsa da, ümumən dünya iqtisadiyyatında payı yüksək olmadığından ona yüksək təsirini görməyəcəyik.

Təbii ki, növbəti mərhələdə müharibənin təsirləri onun hansı coğrafiyada yayılmasından asılı olacaq. Əgər müharibəyə digər ölkələr də qoşularsa və əhatə dairəsi genişlənərsə, o halda dünya iqtisadiyyatına təsirlər gözlənilir. Eyni zamanda, neftin dünya bazarlarında qiyməti də daha çox arta bilər. Amma müharibə Fələstin və İsrail arasında, lokal formada davam edərsə, strateji məhsulların qiymətlərinə ciddi təsir edəcəyi proqnozlaşdırılmır”.

İqtisadçı-ekspert Eldəniz Əmirov da müharibənin dünya iqtisadiyyatına təsirlərinin qarşıdurmanın miqyası ilə ölçüləcəyini düşünür. Onun fikrincə, başlıca olaraq, hər iki dövlət özü bu əməliyyatların fəsadlarını çəkəcək:

“Xüsusilə, HƏMAS-ın yerləşdiyi coğrafiya üçün ciddi fəsadları qaçılmazdır. Enerji təchizatında problemlər digər istehsal sahələrini, təchizat sistemlərini də sıradan çıxardır. Bu da öz növbəsində, ərzaq təminatında ciddi problemlər yaradacaq. Eyni zamanda, neftin qiymətinin yüz dolları aşması da yaxın müddətdə gözləniləndir. Bu, Fələstin-İsrail münaqişəsinin ən optimal ssenarisində belə proqnozlaşdırılır. Bu prosesin uzun müddət davam etməsi, digər ölkələrin də müharibəyə qoşulması ehtimalının böyük olduğunu nəzərə alsaq, o zaman vəziyyət dəyişir. Yəni hazırda biz müharibənin iqtisadi nəticələrini yalnız neft qiymətlərində görürüksə, miqyas böyüyərsə, sözün həqiqi mənasında ölkələrin ərzaq təhlükəsizliyində problemlər hiss ediləcək. İsrail kənd təsərrüfatı məhsulları ilə bir çox ölkələri təchiz edir, ixracatçıdır.

Səudiyyə Ərəbistanı və ABŞ-nin müharibəyə müdaxiləsi baş verərsə, neftin 120 dollara qədər bahalaşması qaçılmaz olacaq. Hətta vəziyyət daha da gərginləşəcəyi təqdirdə, neft 150 və daha yüksək qiymətə təklif edilə bilər ki, bu da neft tarixinin ən yuxarı səviyyəsi olacaq. Neftin bahalaşması isə yenidən dünya iqtisadiyyatı üçün arzuolunmaz vəziyyət yaradacaq, inflyasiyanı sürətləndirəcək, istehsal olunan bütün məhsulların maya dəyərinə təsir edəcək, iqtisadiyyata ziyan vuran ciddi faktora çevriləcək. Ona görə prosesləri hazırkı məqamda dəqiq, birmənalı qiymətləndirmək çox çətindir. Amma böyük ehtimal ki, İsrail məsələni birdəfəlik həll etmək istəyir, prosesi tam nəzarətə götürənə qədər müharibəni davam etdirəcək”.

İqtisadçı Rauf Qarayevin fikrincə, Fələstin-İsrail müharibəsi İsrailin valyutasının azalmasına gətirib çıxaracaq. Müharibə davam edəcəksə, neftin qiyməti daha da yüksələcək:

“Fələstin torpağında neft istehsal olunmur. İsrail dövlətinin isə nefti digər ölkələrə nisbətən çox zəifdir. İki neft emalı zavodu var və ümumilikdə, neft istehsalı 300 min barel civarındadır. Ona görə qeyd edə bilərik ki, münaqişə uzunmüddətli olacağı təqdirdə, iqtisadi fəsadları görə bilərik. Dünyada neftin kəskin bahalaşması, dolların güclənməsi bəzi ölkələrdə iqtisadi tənəzzülün baş verməsinə səbəb ola bilər. Əgər müharibəyə hansısa üçüncü dövlət qoşulsa, miqyası genişlənə bilər və dünyada iqtisadi problemlər artar”.

Dünya iqtisadiyyatında baş verəcək dəyişikliklərin Azərbaycana təsirinə gəldikdə, Rauf Qarayev neftin qiymətinin qalxmasını ölkəmiz üçün müsbət hal adlandırıb:

“Çünki bizim əsas gəlirimiz neftdəndir və bu münaqişə ilk növbədə neftin qiymətinə təsir edəcək. Mövcud gəlirlərimizin həcmində ikinci yerdə vergi və gömrük məsələləri dayanır. Hazırda bildiyimiz kimi, Azərbaycan Gürcüstanla əlaqələri genişlənmək üçün addımlar atır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Yaşıl enerji dəhlizi” layihəsinin sürətlənməsi alternativ enerjilərin satışına gətirib çıxaracaq. Bu da bizim üçün müsbət haldır. Azərbaycan bundan istifadə edərək öz gəlirlərini artıra bilər və neftin nə zamansa ucuzlaşması iqtisadiyyatımıza ciddi təsirlər göstərməz.

Onu da qeyd edim ki, İsrail dünyada yüksək hərbi texnologiya istehsalı ilə tanınan ölkədir. Ona görə müharibənin fəsadları nəticəsində dünya bazarlarında hərbi texnikaların, avadanlıqların qiymətlərində artım müşahidə oluna bilər. Bu durum Azərbaycanın da hərbi sənayesinə təsir göstərəcək. Bu sahədə qardaş Türkiyənin Azərbaycan üçün ön planda olacağını düşünürəm”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir