Dünya

Çempionlar Liqasında tarixi rekordlar qeydə alınıb – STATİSTİKA

Sharing is caring!


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub.

“Report” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən gün E, F, G və H qruplarında keçirilən oyunlardan sonra maraqlı statistik göstəriciləri açıqlayıb.

Baş tutan qarşılaşmalar bəzi tarixi rekordlarla yadda qalıb.

– Fransa klubu PSJ-ni üstələyən İngiltərə təmsilçisi “Nyukasl” (4:1) Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı məğlubiyyətidir. Fransızlar həmin vaxt İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə uduzmuşdular. PSJ ÇL-də sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya “Barselona”sına 1:6 hesabı ilə məğlub olmuşdu.

– PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə “Barselona” rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın “Yuventus” komandasına isə 0:3 hesabı ilə yenilib.

– İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.

– Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qolsuz bərabərə qalan İtaliya “Milan”ı I turda da eyni nəticə ilə yadda qalmışdı. “Rossonyerlər” turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olublar. Ona qədər 1993/1994 mövsümündə “Qalatasaray” (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə “Vilyarreal”ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.

– “Milan” ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır.

– İspaniyanın “Atletiko” klubu doğma meydanda Niderland təmsilçisi “Feyenoord” önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıblar. İlk dəfə 2020-ci ildə “Zaltsburq”la (Avstriya) matç eyni ssenari ilə keçib.

– “Feyenoord”la qarşılaşmada “Atletiko”nun hücumçusu Alvaro Morata dubla imza ataraq, ÇL-də ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.

– Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.

– II turun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib. Turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir