Dünya

Ermənilərin düşməni kimdir? – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistan cəmiyyəti günahkar axtarışına çıxıb. Başlarına gələnlərə görə Türkiyəni, Azərbaycanı, Rusiyanı, ABŞ-ni və s. qınayır. Bəs əsl günahkar kimdir? İlk növbədə, onları türklərə qarşı birləşdirib “dənizdən dənizə dövlət yaratmaq” kimi cəfəngiyyatı beyinlərinə yeridənlərdir. Erməni etnik qrupunu birləşdirən başlıca təşkilat isə kilsə olub. Xristianların inancına görə, bu ibadət yerindən günahların bağışlanması istənilir. Ancaq erməniləri bir etnik qrup olaraq günahlara kilsə və onun başında duran katolikos yuvarlayıb. Söhbət təkcə türklərin, azərbaycanlıların haqsız yerə tökülən qanlarından getmir. Kilsə həm də ermənilərin qətliamını təşkil edən bir qurumdur. Ora türklərə qarşı düşmənçiliyin təbliğat mərkəzi olub. Sevgi, sevmək, bağışlamaq kimi gözəl hissləri aşılayan xristianlığı onlar nifrət, qisas, düşmənçilik dini olaraq təbliğ ediblər. Bu sosial-mədəni qurum din adı altında, “türk düşmənçiliyi” düşüncəsi əsasında qonşuları düşmən bilən indiki erməni etnik qrupunu yetişdirib. Onlar isə son 35 ildə Ermənistanda, Azərbaycanda azərbaycanlılara qarşı çoxsaylı cinayət əməlləri törədib. Xocalı, Ağdaban, Qarakənd və s. şəhər və kəndlərdə törədilən soyqırımlar, metronun “20 Yanvar” stansiyasında yaşanan terror kilsənin yetişdirdiyi nəslin əməlləridir.

Düzdür, Rusiya onların Cənubi Qafqazda, xüsusən Azərbaycanda yerləşdirilməsini təşkil edib. Ermənilərə bölgədə torpaq verib, dövlət qurub. Bununla yanaşı, kilsəyə dəstək verənlərdən ən böyüyü Fransa sayılır. Bu ölkənin rəhbərləri Qarabağdakı son hadisələri qızışdırıb, Azərbaycanın erməni sakinlərinə yalan vədlər verib, şirnikləndirib. Regiona Avropa İttifaqı (Aİ) adından vecsiz mülki monitorinq missiyası yerləşdirib. Afrikadan qovulan Fransa Qafqazda yerləşmək üçün Qarabağdan istifadə etməyə cəhd göstərir. Yelisey sarayının bir əsrdən artıq göstərdiyi fəaliyyəti, Fransanın indiki prezidenti Emmanuel Makronun çıxışlarını, ermənilərə verdiyi yalan vədləri yada salmaq kifayət edər. Rəsmi Paris Birinci Dünya müharibəsində və qurtuluş savaşında Osmanlıdan, Türkiyə ordusundan aldığı məğlubiyyətin qisasını erməniləri alət edərək almağa çalışıb. Ona görə də ermənilərin sivil etnik qrup ola bilməməsində günahkarlardan biri rolunu oynayır.

Sovetlərin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və onun həyat yoldaşı Raisa Qorbaçovanın ermənisevərliyi də bu etnik qrupun başbəlasına çevrildi. M.Qorbaçovun müşaviri, Qarabağı Azərbaycandan qoparmaq üçün yaradılmış “Miatsum” hərəkatının aparıcılarından biri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni İnstitutu və Erməni Veteranlar Assosiasiyası tərəfindən onun şərəfinə təşkil edilmiş tədbirdə Qarabağ barədə bunları demişdi:

“Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”.

O, Qarabağın Ermənistana verilməsi haqqında fikrini Fransanın “Humanite” (“L’Humanité”) qəzetinə müsahibəsində də dəfələrlə vurğulayıb. Deməli, keçmiş sovetlər, Fransa, “ermənilərin diaspor xətti” bu etnosun nümayəndələrinin cinayətkar, terrorçu olmasının başlıca günahkarlardandır.

Son 35 ildə Ermənistanda hakimiyyətə gəlmiş rəhbərlər türklərə qarşı düşmənçiliyi təşviq, təbliğ edib, təşkilatlandırıblar. 1988-ci ildə qərbi azərbaycanlıların tarixi dədə-baba yurdlarından qovulmasına başçılıq etmiş Ermənistan liderləri bunlardır – Karen Dəmirçiyan, Babken Ararktsyan, Xosrov Arutyunyan. Bu rəhbərlər düşmənçiliyi daha da dərinləşdiriblər. Onlardan sonra Ermənistanda hakimiyyətə gəlmiş, ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Azərbaycanla münasibətlərin qurulmasına çalışıb. Onun prezidentliyi dönəmində də Xocalı soyqırımı və s. cinayətlər törədilib. Bununla belə. o hələ 25 il əvvəl sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirirdi. Onu istefaya Robert Koçaryan və Qarabağdakı erməni cinayətkar ünsürlər göndərib. O, Ter-Petrosyanın istefasına nail olduqdan sonra 1999-cu il oktyabrın 27-də parlamentdə terror hücumunu təşkil edib. Bununla da ovaxtkı müxalifət liderlərini sıradan çıxarıb. Həmin dövrdə Serj Sarqsyan isə Ermənistanın baş naziri olub. Odur ki, Robert Koçaryan, Serj Sarqsyan əlləri ermənilərin də qanına bulaşmış canilərdir.

Robert Köçəryan

2018-ci ilin may hadisələrindən sonra onlar özlərini Ermənistan cəmiyyətinə müxalifət kimi sırımağa çalışır. Son illər ölkədəki bütün etiraz aksiyaları bu dəstənin təşkilatçılığı ilə keçirilir. Sentyabrın 20-dən başlayan yürüşlərin də təşkilatçıları onlardır. Koçaryanın oğlu Levonun aksiyalarda iştirakı və həbsi də bunu təsdiqləyir. Bu ailə özünü erməni xalqının “canfədası” kimi təqdim etməyə çalışır. Əslində, həmin ünsürlər müxalifətçi donu geyinməklə törətdikləri cinayətləri ört-basdır etməyə səy göstərir, yeni sivil siyasi qüvvələrin meydana çıxmasını əngəlləyirlər. Onlar həm də Ermənistanda yetişən yeni nəsli türk düşmənçiliyi kimi saxta və əsassız düşüncə ilə zəhərləyirlər. Koçaryanlar, sarqsyanlar ermənilərin türklərə yaxınlaşmasına, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə mane olurlar. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da bu qrupdadır. Bunlarla yanaşı, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və onların ətrafı birlikdə cinayətkarlar çələngi yaradır.

Baş verənlər yuxarıda qeyd etdiklərimizi bir daha təsdiqləyir. Məlum olur ki, ermənilər özlərinin düşmənidir. Kilsədən başlayan zənciri müxtəlif illərdə Ermənistanın və ermənilərin ayrı-ayrı ideoloqları, rəhbərləri davam etdirib. İndi o halqa qırılır. Yeni erməni etnosunun yetişməsi, tərbiyə olunması üçün fərqli şərait yaranır. Bu, etnik qrupun başçıları yaradılan mövcud fürsətdən istifadə edib mili tərbiyə konsepsiyasında dərin dəyişiklik etməsələr, Ermənistan dövlətinin qəbirqazanı olacaqlar. Onların arasında isə mövcud reallığı dəyərləndirə bilənlər az deyil. Yeni şərait, yeni münasibətlər, regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması Cənubi Qafqazın bölgə olaraq bütövləşməsinə təkan verər. Bu mütərəqqi işdə yeni Ermənistan və yeni nəsil erməni etnosu da iştirak edə bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir