Dünya

Paşinyan Kremli şantaj edir: Rusiyanın cavabı sərt olacaq – ŞƏRH + FOTO

Sharing is caring!


Dəfələrlə qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəm olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə təəccübləndirməkdə və heyrətləndirməkdə davam edir. Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsinin ardınca separatçı rejimin qondarma “müstəqillik günü” ilə bağlı məlum müraciətini yayması onun sələflərinin yolu ilə getdiyini, onlardan heç də fərqli düşüncə sahibi olmadığını üzə çıxarmış olub.

Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi ilə qeyri-ciddi siyasətçi imicini daha da gücləndirmiş olub. Hər iki açıqlamasında mühüm məqam ondan ibarətdir ki, baş nazir Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyil, revanşist qüvvələrin və Qərbin tapşırıqlarını yerinə yetirir. Belə götürəndə burada qeyri-adi, təəccüblü bir şey də yoxdur. Nikol Paşinyan erməni xislətinə uyğun dəfələrlə bu cür mövqe ortaya qoyub. Məsələn, Brüsseldə Ağdam-Xankəndi yolunun açılması ilə bağlı məsələyə razılıq verən baş nazir az sonra belə bir razılıq olmadığını dilə gətirir.

Ermənistan baş nazirinin bu cür buqələmun xüsusiyyətlərini erməni siyasətçilərdən biri daha yaxşı xarakterizə edib – “Tipik Roma qulu, xarici sahiblərinin müti qulu Nikol Paşinyan azadlıq deyil, öz qulları barədə düşünən biridir. Hər vasitə ilə erməni cəmiyyətindən qul düzəltməyə çalışır. Bizi üç ildir susmağa məcbur edirlər”. Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyanın bu qiymətləndirməsi tək baş nazirin deyil, bütövlükdə Ermənistanın və erməni xalqının mövcud durumunu əks etdirir, desək, yanılmarıq.

Qayıdaq Paşinyanın İtaliya mediasına verdiyi qalmaqallı müsahibəyə. Nikol Paşinyan adətən Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazı olanda bunu onun öz mediasına deyirdi. İndi isə o, narazılığını Qərb mediasına bildirməyə üstünlük verib. Bu da onun tərəfindən növbəti uzaqgörənlik deyil, sadəcə axmaqlıq kimi qarşılanmalıdır. Çox güman ki, Kreml bu açıqlamaya bir müddət səssiz qalacaq. Lakin bunu unudacağını gözləmək sadəlövhlük olardı.

Müsahibədə Rusiya əleyhinə səslənən fikirlər bu ölkənin siyasi arenasında, mediasında ciddi qalmaqala səbəb olub. Baş nazirin müsahibəsindəki ən qalmaqallı firkirlərə diqqət edək – “Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir”, “təhlükəsizlik məsələlərində Rusiyadan asılılıq strateji səhv idi” və s. O bildirib ki, Laçın yolu barədə rusiyalı tərəfdaşları ilə söhbət edib. Onun qənaətincə, bir çox rusiyalı tərəfdaşlar Qərb dövlətlərinin Ermənistanla işləməsi və ya Ermənistan hökumətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. “Amma biz rusiyalı tərəfdaşlarımıza, əksinə, Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgədən getdiyini gördüyümüzü deyirik. Hansı səbəblərdən, biz bilmirik. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəm. Aydındır ki, Laçın yolu bizi çox narahat edir və maraqlandırır, bu, yeni məsələ deyil. Bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”, – deyə o bildirib. Baş nazir iddia edib ki, Rusiya Laçın yoluna nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada qərbpərəst imicindən də bəhs edib. Rusiyanı şantaj edən baş nazir “forpost ölkə” imicinə görə hər hansı bir üstünlük əldə edə bilmədiklərini deyib.

Bəllidir ki, Rusiyada bir çox dairələr əminliklə Ermənistanı və ya onun indiki hakimiyyətini qərbyönlü hesab edir. Bəs, Paşinyanın qəfil anti-Rusiya ritorikasının səbəbi nədir? Rusiya siyasiləri onun bu açıqlamasını Moskva ilə onsuz da gərgin münasibətləri dərinləşdirmək cəhdi kimi qiymətləndirib. Kreml strateqləri hesab edirlər ki, N.Paşinyanın Rusiya əleyhinə fikirləri qəribə səslənir. Əsas versiya da budur ki, baş nazir Qarabağda vəziyyətin gərginləşməsində maraqlıdır. Hədəf də Moskvanın diqqətini Ukraynadan ayırmaqdır.

Ermənistan dəfələrlə çalışıb ki, Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etsin. Bu cəhd alınmadığından belə bir ittiham ortaya çıxıb. Ermənistan siyasi dairələrində Moskvanın Ermənistanı atması və satdığı ittihamları da bundan qaynaqlanır.

Bu arada, Paşinyanın fikirləri ilə bağlı rəsmi Moskvanın da narazılığı özünü çox gözlətmədi. Rusiyanın rəsmi TASS agentliyi diplomatik mənbələrə istinadən bəyan etdi ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlardan və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır: “Bu tonda danışıq qəbuledilməzdir”.

Beləliklə, Rusiya mediasında və ekspert dairələrində Paşinyanın bu cür açıqlamaları münaqişə yaratmaq cəhdi kimi qiymətləndirilir.

Bütövlükdə, Rusiya siyasi dairələrində belə bir fikir var ki, Nikol Paşinyan onlara qarşı yeni nəsə deməyib. Onun bütün dedikləri, sadəcə Rusiyanın sistemli şəkildə regiondan sıxışdırılıb çıxarılması deməkdir. Baş nazirin bütün karyerasının da məhz bunun üzərində qurulduğu vurğulanır. Elə erməni nəşrlərindən birində onun hakimiyyəti dövrünə özünəməxsus formada qiymət verilib: “Əgər Paşinyan rejimi idarə etməkdə davam edəcəksə, o zaman Çörçilin “Hindistan ölkə və dövlət deyil, sadəcə coğrafi anlayışdır” tarixi fikri Ermənistana tətbiq ediləcək və belə getsə, Ermənistanın Paşinyanın hakimiyyəti dövründə qalacağı sual doğurur”.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir