Dünya

ABŞ-də erməni təxribatının qarşısını alan həmvətənimiz məhkəmə qarşısına çıxarılacaq – FOTO

Sharing is caring!


ABŞ-də erməni təxribatının qarşısını alan həmvətənimiz Aludə Zeynalova məhkəmə qarşısına çıxarılacaq.

“Report”un ABŞ bürosu xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində həmvətənlərimizə qarşı erməni təxribatı davam edir.

İki gün əvvəl BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyan aksiyada iştirak edən həmyerlimiz Aludə Zeynalovadan şikayətçi olub.

M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə təqsirləndirib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.

Bu gün A.Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində (“New-York County Criminal Court”) hakim qarşısına çıxarılacaq. ABŞ dövlətinin A.Zeynalovaya hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, Cənubi Azərbaycan əsilli Doran Kholee Abbası həmyerlimizin bu gün məhkəmə zalından azadlığa buraxılacağını, ancaq şikayət üzrə prosesin davam etdiriləcəyini deyib.

Azərbaycanın ABŞ-dəki səfirliyindən bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımi addımlar atılıb və bundan sonra da atılacaq. Qeyd olunub ki, səfirlik əməkdaşları Nyu-Yorkdadır və A.Zeynalova ilə bağlı baş verənləri yaxından izləyirlər.

Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçiriblər. Bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədib. Ermənilərin Azərbaycan bayraqlarını cırmaq istəmələri həmvətənlərimizin ciddi etirazı ilə qarşılanıb. Bu zaman qarşıdurma baş verib. Həmvətənlərimiz Aludə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıblar. M.Vahabova polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Həmvətənlərimizə qarşı təxribat törədən və hadisə yerində həbs olunan Cobanyan polis tərəfindən dindirildikdən sonra azadlığa buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir