Dünya

Fidan-Blinken danışığı: Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsindəki arxa fon – TƏHLİL + FOTO

Sharing is caring!


Avqustun 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinkenin telefon danışığı baş tutub.

Baş diplomatların müzakirəsi Rusiya-Ukrayna münaqişəsi, NATO-nun genişlənməsi, Cənubi Qafqazdakı vəziyyət, ABŞ-Türkiyə arasında yaxınlaşdırılan mövqelər prizmasından əhəmiyyət qazanır.

Hakan Fidanla amerikalı həmkarının telefon danışığının məğzində Ankara ilə Vaşinqtonun bir-birinin qarşılıqlı maraq və rəqabətinin regional cizgilərinə vurğu etmək dayanır. Buraya geniş regionlar daxildir – Yaxın Şərq, postsovet məkanı, Suriya, İraq və sair.

Türkiyə çalışır ki, Rusiya ilə münasibətlərinə xələl gəlmədən NATO-nun genişlənməsinə töhfə versin, Ankaranın tutumu Cənubi Qafqazdakı proseslərə Qərbin strateji baxışını itiləşdirməsi üçün alətlər təqdim edir.

Fidanla Blinkenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirəyə çıxarmaları Ankara ilə ABŞ arasındakı istiləşən münasibətlərin fonunda geniş regional gündəliyə toxunur.

ABŞ ilə Türkiyənin Cənubi Qafqazda maraqlarını birləşdirməyə səy göstərdiyinin nişanələri görünür, lakin bu məsələdə Ankara ilə Vaşinqtonun Rusiya ilə bağlı fikir ayrılıqları yaranır.

Ağ Ev Türkiyə ilə əməkdaşlığı Rusiyanın regiondan tədricən uzaqlaşdırılması məntiqində bərkitsə də, Ankara Moskvanın oyunun içərisində əriyib yox olmasına böyük həvəs göstərmir.

Çünki Türkiyə üçün Rusiya-NATO münasibətlərindəki gərginlik onun regional manevr sahələrini genişləndirməsinə şərait qurur. Bu mənada indi Türkiyənin Qərblə əməkdaşlıqda yeni səhifə açmaq cəhdləri Rusiya ilə NATO arasındakı strateji balansı saxlayıb, ona məxsusi məna yükləmək planının tərkib hissəsidir.

Türkiyə Rusiya-Qərb qarşıdurmasından irəli gələn ambisiyaları cilovlayan tarazlaşdırıcı aktor kimi Azərbaycan-Ermənistan münasibətlərinin həllində də çəkisini çoxaldır.

Bunun ABŞ üçün, Rusiya üçün məqbul tərəfləri var, lakin Ankara bu nöqtədən çıxıb sırf özünün regional nüfuz genişlənməsi konsepsiyasından çıxış edəndə Moskva ilə Vaşinqtonun hər ikisində qısqanclıq notları güclənir.

Ona görə də Türkiyə şaxələnən strateji yanaşmalarını Azərbaycan-Ermənistan sülh gündəliyində aydın hiss etdirdikcə onu həm Rusiya, həm də ABŞ öz tərəfinə çəkməyə çalışacaqlar.

Çünki Ankaranın regional təmsilçilikdə payını çoxaltması Cənubi Qafqazdakı paradiqmaları elə şəkildə dəyişdirə bilər ki, bu zaman ənənəvi Qərb və ya Rusiya yanaşması sönükləşər.

ABŞ-nin Türkiyəni öz orbitinə doğru çəkmək cəhdlərini Fidan-Blinken telefon danışığından tutmaq mümkündür, hər halda Ankaranın regiondakı küləklərin istiqamətini dəyişmək potensialı Vaşinqton tərəfindən qiymətləndirilir.

Moskva isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşünü, danışıqların nəticələrini həyəcanla gözləyir.

Putin, sözsüz ki, Türkiyəni Qərbin oxundan çıxarmaq üçün baş sındırır, Ərdoğan isə ölkəsinin strateji tərəzidəki balanslaşdırıcı gücünü Moskvanın maraqları qarşısında kiçiltməyə gedən deyil.

Hər halda qeyd oluna bilər ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə Rusiya-Türkiyə əməkdaşlıq modelini kardinal dəyişikliyə məruz qoymaq istəyir.

Bu arzu yeni bir ideya deyil, ancaq Rusiya-Ukrayna münaqişəsinin regional və qlobal təsirlərinin işığında fərqləndirici tendensiya kimi ortaya çıxa bilər.

Türkiyə həm ABŞ-nin, həm də Rusiyanın maraqlarının böyük üstünlük təşkil etdiyi hərəkət strategiyasından uzaqlaşacaq və özünün regional gündəliyindən doğan yeni prinsipləri Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə yerləşdirəcək.

Bunun regional mürəkkəblik baxımından geniş mənada hansı səviyyəyə qədər irəliləyəcəyini proqnozlaşdırmaq çətindir. Proqnozlaşdırılabilən xüsusiyyətlər isə deməyə əsas verir ki, Türkiyə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasında Ankaranın rolunu xüsusi qiymət qazanan həddə qədər canlandıra bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir