Dünya

Avropanın ən hündür monumentindəki SSRİ gerbi niyə 32 il sonra söküldü? – FOTO

Sharing is caring!


Kiyevdə Avropanın ən hündür monumenti – “Ana Vətən” heykəli üzərində indiyə kimi saxlanılan keçmiş SSRİ gerbinin bu yaxınlarda sökülməsi geniş müzakirələrə səbəb olub.

Monument Ukraynadakı “II Dünya müharibəsi” Milli Tarixi Muzeyinin balansındadır.

Muzeyin baş direktoru Yuri Savçuk “Report”un Şərqi Avropa bürosuna 32 il əvvəl süqut edən SSRİ-nin gerbinin niyə məhz indi sökülməsinin səbəbini açıqlayıb:

“Bu il bizim muzeyin yaranmasının 50 ili tamam olur. Muzeyin əsas incisi də 1981-ci ildə ucaldılan “Ana Vətən” abidəsidir. 102 metrlik abidə Avropanın ən hündür binası hesab olunur. Postamentinin hündürlüyü 40, heykəlin hündürlüyü isə 62 metrdir. Ukrayna müstəqillik əldə etdikdən sonra muzeyin adı dəyişdirilib. Sonuncu dəfə 2015-ci ildə adı dəyişdirilən muzey Ukrayna Milli Tarix Muzeyi adlandırılıb.

Memorial kompleksdə gerbin indiyədək saxlanılmasının səbəbi o idi ki, Sovet İttifaqına daxil olmuş keçmiş respublikalar uzun müddət ərzində postsovet ölkələri kimi inkişaf edirdilər. Fikrimcə, əslində, bununla bağlı bütün paralellər qüsurludur. Belə qərarların verilməsi üçün cəmiyyət yetişməli, yeni nəsil böyüməli və onun yeni tarixi yaddaşı formalaşmalıdır. Ümumiyyətlə, Vətən müharibəsi memorial kompleksinin əvəz edilməsi ilə bağlı Ukrayna cəmiyyətində ciddi müzakirələr gedib. Söhbət qalxanın üzərindəki təsvirdən və ümumiyyətlə abidənin gələcək taleyindən gedir. Hazırda Ukraynada İkinci Dünya müharibəsindən bəri ən böyük müharibə gedir. Qalxanda isə keçmiş Sovet İttifaqının gerbi təsvir olunub. O, Ukraynanın milli rəmzi – üçdişli sarı nizə ilə əvəz olunacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, paytaxt Kiyevdə Sovet İttifaqı ilə bağlı digər nişanələr artıq bir neçə il əvvəldən ləğv edilib. Yalnız “Qələbə” prospektində SSRİ gerbi ötən ilin yazında sökülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir