Dünya

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kim mane olur? – ŞƏRH + FOTO

Sharing is caring!


Münaqişələr xəstəlik kimidir. Belə deyiblər: “Xəstəlik batmanla gəlir, misqalla çıxır”. Münaqişələr də qan-qada, iğtişaş, qaçqınlıq, müharibə və s. fəlakətlərlə başlayır, diplomatik yolla həll edilir. Ancaq həlli çox çətin olur. Çünki münaqişənin aradan qaldırılması üçün obyektivlik və ədalətli yanaşma başlıca meyardır.

Bəs Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə kim, necə və niyə mane olur? Yeri gəlmişkən, normallaşma tərəflər arasında sərhədlər müəyyənləşəndən, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz yurdlarına döndükdən, Qarabağ iqtisadi rayonundakı vətəndaş sayılan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya etdikdən, tərəflər arasında davamlı sülh müqaviləsi imzalandıqdan, iqtisadi, mədəni əlaqələr qurulduqdan sonra başa çata bilər. Hələlik isə bu proses davam edir.

Azərbaycanla Ermənistan arasında müasir dövrdəki ziddiyyətin 35 yaşı var. Bu qarşıdurma 1988-ci ildə qərbi azərbaycanlıların öz yurdlarından qovulması ilə başlayır. Bu qarşıdurmanı Moskva həll edə də bilərdi. Ancaq yaranmış vəziyyətdə onun obyektiv və ədalətli ola bilməməsi yeni, daha faciəli hadisələrə səbəb oldu. SSRİ yaratdığı münaqişədə oynadığı rolu Rusiyaya miras olaraq ötürüb. Moskvanın vasitəçiliyi yetərli sayılmadı, ona görə də beynəlxalq vasitəçilər oyuna daxil oldu. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçılıq əməllərinə qarşı 4 qətnamə qəbul etdi. Vasitəçilik üçün ATƏT-in Minsk qrupu və həmsədrlər institutu yaradıldı. Bu yarıtmaz vasitəçilər 30 il regiona əhəmiyyətsiz səfərlər etdilər. Belə yarıtmaz fəaliyyətə və münaqişənin həlinə 44 günlük müharibə son qoydu. Münaqişə dövrü bitdi. Onu beynəlxalq vasitəçilər və münaqişə institutları deyil, Azərbaycan, onun haqlı mövqeyini müdafiə edənlərin ədalətli davranışı həll etdi.

Artıq münaqişə bitib, normallaşma prosesi başlayıb, ancaq ənənəvi həriflər, vasitəçilər yenə meydandadırlar. Bəs görəsən, normallaşmaya kimlər mane olurlar? Vətən müharibəsində səhnə çox aydın görünürdü. İşğalçıya, Ermənistana yardım edənlər indi də normallaşma prosesini əngəlləyirlər. Rusiya, epizodik olaraq, Çin, İran, Hindistan, Kanada, Avropa İttifaqının bir sıra üzvləri, o cümlədən Fransa, Yunanıstan müharibə dövründə işğalçını birmənalı olaraq dəstəkləyib və ona yardım edib. Müharibə mərhələsində tərəfsiz qalmağa çalışanlar da olub: ABŞ, Böyük Britaniya, müəyyən mənada Almaniya.

Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlara bu qüvvələrdən vasitəçilik etmək istəyənlər də var. Ancaq etibarı itirdikləri üçün onların bu missiyası da nəticə vermir. Lap 30 il, hətta 35 il əvvəl olduğu kimi. Həmin ölkələr öz maraqlarını təmin etməyə səy göstərməklə normallaşma prosesinin başa çatmasını əngəlləyirlər. Müharibədə rəsmi İrəvanı dəstəkləyənlər Ermənistanın və ermənilərin gələcəyini deyil, regionda maraqlarının mövcudluğuna çalışırlar. Məsələn, Fransa Rusiyanı Ermənistandan çıxararaq onu əvəzləməyə səy edir. İran Hindistanla birgə yeni oyun qurur, Rusiya davranışları və fəaliyyəti ilə “Ermənistan və Qarabağ mənimdir” deyib hərbçilərinin, o cümlədən sülhməramlılarının regionda qalmasına çalışır. Bu güclər az qala revanşistlərin çıxışlarının mövzularını da müəyyənləşdirirlər.

Ermənistanda müxalifət sayılan qrupun, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların tör-töküntülərinin çıxışları ilə həmin ölkələrin rəsmi təmsilçilərinin vurğuladığı məsələlərdə sərgilənən ortaq mövqe bunu təsdiqləyir. Həmin güclər uzun illərdir erməni ictimaiyyətinə yalan vədlər verirlər. Bu gün də ənənəvi xülyaları dilə gətirməklə onları əllərində saxlamağa çalışırlar. Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz erməni silahlı dəstələrini yaradıb onlara hərbi avadanlığın daşınmasını müşayiət etməklə bunu təsdiqləyirlər. Zəngəzur dəhlizinin açılmasına, “3+3” formatında əməkdaşlığın reallaşmasına mane olmaq, Laçın yolu ətrafında ermənilərin yaratdığı hay-küyü dəstəkləmək, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə yerləşən Qafanda baş konsulluq açmaqla bu qüvvələr özlərini və maraqlarını nümayiş etdirirlər. Bununla da həmin güclər öz arzularını reallaşdırmaq istədiklərini gizlədə bilmirlər.

Azərbaycanla Ermənistan arasında normallaşma baş verərsə, nə SSRİ-nin varisinə, nə də onun regionda “sülh yaratmağa” cəhd kimi səmərəsiz ideyasına ehtiyac qalmayacaq. Yaxud iki ölkə arasında münasibətlər qurulandan sonra İran hakimiyyətinin Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı istifadə imkanları azalacaq. Ermənilərdən Türkiyəyə qarşı alət olaraq istifadə etmək istəyən Yunanıstan və yunan Kiprinə regionda heç yer qalmayacaq. Belə şəraitdə Fransa da özünü yığışdırar, pozuculuq fəaliyyətini azaldar. Regionda normallaşma prosesinin uğurla başa çatması ABŞ və Böyük Britaniyanın da maraqlarına uyğun olar.

Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın son çıxışlarından belə ehtimal etmək olar ki, rəsmi İrəvanın mövqeyi Rusiya, İran, Fransa və başqa bu tip dövlətlərin yanaşmasından fərqlənir. Məsələn, o, Türkiyə ilə münasibətlərin normallaşması üçün havadarlarının vəd etdiyi 100 illik yanlış ideyalardan imtina etməyə hazır olduqlarını bildirir. Yaxud Qarabağın əsl sahibinin Azərbaycan olduğunu etiraf etməklə ona iddiaçıların da düşüncəsini və davranışını alt-üst edir. Beynəlxalq ictimaiyyət isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını başa çatdırmağa yardım etməkdənsə, Laçın yolunun “blokadası” kimi əsassız iddialara diqqəti çəkmək, yaxud günahsız, dinc azərbaycanlıların qatili Vaqif Xaçatryanın məsələsini gündəliyə çıxarmaqla məşğuldurlar. Belə qənaətə gəlmək olar ki, sanki normallaşma prosesində Azərbaycanın Ermənistanla deyil, bu kimi beynəlxalq güclərlə danışıqlar apardığı görünür. Bu siyasi müstəvidə rəsmi İrəvan məruzə dinləyən tələbə rolunda çıxış edir. 30 il əvvəl bu güclər Azərbaycana işğal olunmuş torpaqlarından imtina etməyi təklif edirdilər. İndi də “yol” məsələsini ortaya atıblar. Ancaq normallaşma “Zəngəzur dəhlizi”, Zəngəzur yolu ilə başlayıb, onunla da davam edir. Çünki bu, sülh, əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı etimad yoludur.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir