Dünya

Rusiyanın orbitindən uzaqlaşan Ermənistan: Paşinyan KTMT-dən çıxma prosesini tezləşdirir – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. Sirr deyil ki, Rusiyanın orbitindən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritet məsələ olub və indi də nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır.

Şübhəsiz, bu istiqamətdə ilk addım da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarıdır. Baş nazir Nikol Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi artıq reallaşdırmaq üzrədir. KTMT-nin ard-arda tədbir və təlimlərindən imtina, yüksəkrütbəli erməni rəsmilərin açıqlamaları da bu qənaəti gücləndirir.

Nikol Paşinyanın son mətbuat konfransında Rusiyaya qarşı üstüörtülü və bəzən açıq ittihamları da onu deməyə əsas verir ki, KTMT-dən çıxmaq məsələsi hər an gündəmə gələ bilər. Bu kontekstdə, rəsmi İrəvan növbəti dəfə KTMT-nin toplantısında iştirakdan imtina etmək barədə qərar qəbul edib. Söhbət təşkilatın Belarusda keçiriləcək “Qaya-2023” təlimlərindən gedir. Ermənistan Daxili İşlər Nazirliyi (DİN) də faktı təsdiqləyib. Nüvə obyektlərində qəzaların aradan qaldırılmasına həsr olunan təlimlər sentyabrda keçirilməli idi. Rəsmi İrəvanın gətirdiyi bəhanə də qəribədir. Məlumatda, sadəcə, iddia edilib ki, DİN-in xilasetmə əməkdaşları həddən artıq yükləniblər.

Xatırladaq ki, KTMT Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu hərbi-siyasi təşkilatdır. Rusiyanın faktiki nəzarət etdiyi təşkilatla Ermənistan arasında münasibətlər 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra kəskin şəkildə pisləşib. Ermənistan ümid edirdi ki, təşkilat müharibədə onlara hərtərəfli yardım göstərəcək. Baş nazir Nikol Paşinyan ötən il noyabrın 23-də KTMT-nin İrəvan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Ardınca da Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ildə, 44 günlük müharibədə Ermənistana kömək göstərməkdən imtinasına görə kəskin tənqid edib. KTMT-də isə Ermənistanın tələblərinin əsassız olduğunu düşünürlər. Qurum yekdilliklə hesab edib ki, hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmadığından hər hansı bir müdaxilədən söhbət gedə bilməz.

Başqa bir fakt. Ermənistan üçtərəfli sülh razılaşmasından sonra Azərbaycan ərazisinə hücumlar edərək təxribatlar törətməklə KTMT-ni münaqişəyə cəlb etməyə çalışdı. Lakin yenə də istəyinə nail ola bilmədi. Bu səbəbdən də bu ilin yanvar ayında N.Paşinyan KTMT təlimlərinin ölkə ərazisində keçirilməsini məqsədəuyğun hesab etməyib. Rəsmi İrəvan hətta təşkilatın baş katibinin müavini postuna kvotasından nümayişkaranə şəkildə də imtina edib.

N.Paşinyanın təşkilata qarşı tənqidlərini Ermənistanın yüksəkrütbəli rəsmiləri mütəmadi olaraq təkrarlayırlar. Məsələn, bu ilin mayında Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan açıq şəkildə bəyan etdi ki, KTMT-dən çıxmaq məsələsini müzakirə ediblər. Səbəb kimi də Azərbaycanla sərhəddə törətdikləri təxribat zamanı lazımi dəstək ala bilmədiklərini göstərib. Bu bəyanat Rusiya mediasında, siyasi dairələrində geniş müzakirə olundu. A.Qriqoryan bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah-sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərinin gündəmində qalmaqda davam edir. TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”. O, həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdırlar: “Bu, çox vacibdir”.Ermənistan baş nazirinin daha bir yaxın dostu – müavini Mqer Qriqoryan da anti-KTMT mövqeyi ilə seçilir. “Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq və yaxud dondurmağa hazırlaşırmı?” sualına “bu kimi suallar rəsmi mövqedən nəzərdən keçirilməlidir” cavabını yada salaq. Bu kimi iradlara isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cavabı sərt şəkildə olub. Nazir Qərbin KTMT sıralarında parçalanma yaratması barədə bəyanat verərək bu prosesdə Ermənistanın da rol oynadığını bəyan edib. Bu da ikitərəfli münasibətlərdə növbəti gərginlik yaradıb. M.Qriqoryanın bu ittihama cavabı da dərhal olub. O, sadəcə, bu sahədə problemlərin mövcudluğunu təsdiqləyib: “Problemlər mövcuddur və onlar sizə də yaxşı məlumdur – bu barədə açıq şəkildə demişik. Bunun təşkilat üçün hansı nəticələrə gətirib çıxaracağını özünüz qiymətləndirin”.

Anti-Rusiya baxışları ilə seçilən qatı “Soros”çu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da fərqli fikir səsləndirməyib. Bu şəxs KTMT-dən və Rusiyadan daha çox şey gözlədiklərini deməsi fikri ilə gündəmə gəlib.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, İrəvan bu istiqamətdə yaxın vaxtlarda kəskin və maraqlı addımlar ata bilər. Görünən odur ki, Ermənistanda anti-Rusiya ritorika və bəyanatları artmaqda davam edəcək. İlkin addım isə, qeyd etdiyimiz kimi, ölkənin KTMT-dən çıxması ola bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir