Dünya

Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ – FOTO

Sharing is caring!


Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifologiyasını, folklorunu, rəssam və heykəltaraşlarının sənət nümunələrini, müasir incəsənəti, hətta sizə uşaqlıq sevinci qatacaq illüziyanı belə tapmağınız mümkündür. Ona görə də hesab edirəm ki, Osloya məhz muzeyə baş çəkməyi sevən, sənətə marağı olan insanlar gəlməlidirlər. Əks təqdirdə, şəhəri çox sıxıcı hesab edə və burada bir qədər darıxa bilərsiniz.

Şəhərdə ikinci gününü ancaq muzeyləri gəzməklə keçirən biri kimi muzey ziyarətinə ilk olaraq Norveçin ən əhəmiyyətli mədəniyyət müəssisələrindən olan Milli Muzeydən başlamağın doğru qərar olacağı qənaətindəyəm. Çünki müxtəlif dövrləri və üslubları əhatə edən geniş sənət əsərləri kolleksiyasına malik olan bu məkanı sona kimi gəzmək üçün iki saatdan çox vaxt lazım olacaq. Bunu isə başqa məkanları gəzib yorulduqdan sonra etmək çətindir. Muzeyin qısaca təsvirindən söz açsam, bildirməliyəm ki, 2022-ci ildə təmirdən çıxmış muzey hazırda Milli Qalereya, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Arxitektura Muzeyi də daxil olmaqla, bir neçə qurumu özündə birləşdirir və 400 mindən çox sənət əsərinə ev sahibliyi edir. Ona görə də məkanı gəzərkən sıxlıqlar əhvalınızı dəyişə bilər. Ancaq xoşbəxtlikdən, muzey işçiləri o qədər məlumatlıdırlar ki, kömək istəyəcəyiniz təqdirdə, sizə qarışıqlıqdan xilas olmaq üçün yol göstərəcək, hətta xəritə də təqdim edəcəklər.

Xəritə ilə kolleksiyaları sıra ilə izləmə imkanına sahib olacaqsınız. Çünki Milli Muzeyin hər otağında ayrı-ayrı dövrlərə aid sənət nümunələri sərgilənir. Məsələn, bir otaqda XIX əsrdə sənətin çiçəklənməsi dövrünə aid əsərlər var. Burada İohan Kristian Dahlın Norveç landşaftının gözəlliyini və milli kimliyini əks etdirən rəsmləri nümayiş olunur. Bununla yanaşı, Norveçin modernist rəssamı olmuş Nikolay Astrupun əhəmiyyətli əsərlər kolleksiyası da var ki, onun canlı rəsmləri doğma bölgəsinin, xüsusən də Norveçin qərbindəki Yölsterin mənzərələrini və folklorunu təsvir edir. Muzeydə, həmçinin, Norveçdə XIX əsrdə ortaya çıxan milli romantizm hərəkatının sənət əsərlərinə də yer verilir. Burada Harald Sohlberq kimi Norveç təbiətinin mistik xüsusiyyətlərini ələ alan rəssamların əsərləri sərgilənir. Milli Muzey yerli sənətkarların əsərləri ilə yanaşı, həm də beynəlxalq incəsənət nümunələrinin geniş çeşidini nümayiş etdirir. Onlar arasında Pablo Pikasso, Vinsent van Qoq, Leonardo da Vinçinin məşhur əsərlərini tapa bilərsiniz.

Təsviri sənət kolleksiyası ilə bərabər, Milli Muzeydə dekorativ sənət, dizayn və memarlıq əsərləri də ziyarətçilərə təqdim olunur. Otaqlardan birində şahzadələrin, XIX-XX əsrlərdə norveçli qadınların rəqslər üçün geyindikləri ayaqqabıların nümayişi ilə rastlaşa, bir başqa otaqda isə fərqli dövrlərdə norveçli xanımların və bəylərin ziyafət geyimlərini görə bilərsiniz. Hətta Milli Muzeydə skandinav kilsələrinin dekorativ elementlərini, Məsihlə bağlı oyma sənət nümunələrini, Müqəddəs Məryəmin və mələklərin taxta üzərində əks olunan rəsmlərini də tapmaq mümkündür. Muzeyin ən maraqlı otaqlarından biri isə insan bədəninin müxtəlif formalarının, mələklərin, kralların, fironların, hətta atların belə heykəllərinin sərgiləndiyi yerdir ki, təkcə buradakı sənət nümunələrini tam gözdən keçirmək üçün 20-30 dəqiqə vaxta ehtiyac duyulur.

Milli Muzeyi tərk etdikdən sonra onun düz qarşısındakı Nobel Sülh Mərkəzinə də baş çəkə bilərsiniz. Nobel Sülh Mükafatı və onun laureatları haqqında məlumatlılığın yaradılmasına həsr olunmuş bu mərkəz sərgi və tədbir məkanıdır. Səfərim zamanı məkan təmirə qapandığı üçün həmin sərgi ilə tanış olmaq imkanım yaranmasa da, onu deyim ki, burada daha çox sülh və münaqişələrin həlli ilə bağlı sərgilər, interaktiv nümayişlər keçirilir. Mərkəzdə həm də Nobel Sülh Mükafatı laureatlarının işləri araşdırılır. Oslo səfəriniz zamanı təmir bitmiş olsa, buranı ziyarət edə bilərsiniz.

Milli Muzey və Nobel Sülh Mərkəzi Oslonun tam mərkəzində yerləşdiyi üçün buradan sonra gediləcək muzeylərin bəziləri sözügedən binaların sağında, bəziləri isə solunda yerləşir. Ona görə də səfərdən əvvəl hansı muzeylərə gedəcəyimizi müəyyənləşdirməklə vaxta qənaət etmiş olarıq. Mən hazırladığım siyahıya uyğun olaraq Nobel Sülh Mərkəzindən sonra daha az yol qət etmək üçün ilk olaraq Astrup Fernli Müasir İncəsənət Muzeyinə yollandım. Bu muzey “Tjuvholmen” məhəlləsində, müasir memarlığı və canlı mədəniyyət səhnəsi ilə tanınan sahil bölgəsində yerləşir.

1993-cü ildə yaradılan muzey o vaxtdan Norveçdə müasir incəsənət üzrə aparıcı qurumlardan biridir. Buradakı kolleksiya, əsasən, 1960-cı illərdən bu günə qədər olan müasir incəsənətə yönəlib. Alman abstrakt ekspressionizminə, gənc Britaniya rəssamlarına, Amerika incəsənətinə muzeydə xüsusi diqqət ayrılıb. Yəni bu mədəniyyət evində nümayiş olunan əsərlərə həm norveçli, həm də beynəlxalq sənətkarların rəsm, heykəltəraşlıq, fotoqrafiya nümunələri daxildir. Fotoqrafiya nümunələrinin bəzilərinin homofobiyaya qarşı yönəldiyini desəm, yəqin ki, yanılmaram. Çünki həmin fotoların bir qismində qadının başqa bir qadınla, eləcə də kişinin başqa bir kişi ilə münasibətə başlaması və bu münasibətin mərhələləri əks olunur.

Muzey belə sərgilərlə yanaşı, müasir incəsənətin anlaşılmasını təşviq etmək məqsədi daşıyan seminarlar və tədbirlərə də ev sahibliyi edir. Məkanın memarlığı da elə içərisində nümayiş olunan əsərlər kimi müasirdir. Tanınmış italyan memar Renzo Piano tərəfindən layihələndirilən muzeyin binası heyrətamiz estetika nümayiş etdirir. Belə ki, muzey vizual cəhətdən cəlbedici bir kompozisiya təşkil edən şüşə keçidlərlə bir-birinə bağlanan iki əsas strukturdan ibarətdir. Bu şüşə fasad isə bir yandan geniş təbii işığın daxili məkanları doldurmasına imkan verir, digər tərəfdən isə ziyarətçilərə sahilyanı ərazinin geniş mənzərəsini təqdim edir. Qalereyalar isə təmiz ağ divarlarla xarakterizə olunur ki, bu da sənət əsərlərinin diqqət mərkəzində olmasına imkan verən neytral fon yaradır. Ümumiyyətlə, Astrup Fernli Müasir İncəsənət Muzeyinin memarlığı funksionallığı, estetikanı təcəssüm etdirir. Buranın bir digər üstünlüyü də ondadır ki, gəzib bitirdikdən sonra digər muzeylərə getmək üçün keçməli olduğunuz “Aker Brygge” adlı canlı atmosferi, müasir memarlığı, istirahət məkanları ilə tanınan məşhur sahil ərazisində yorğunluğunuzu çıxara, buradakı məşhur restoranlarda Norveç mətbəxinin yeməkləri ilə tanış ola və ya sadəcə, yaxınlıqdakı kafe-barların birində “soft” içki içərək mənzərənin dadını çıxara bilərsiniz.

Elə mən də belə edərək növbəti destinasiyaya, mütləq görülməli olduğunu düşündüyüm məkanlardan birinə – Milli Muzeyin sağ sahilində yerləşən Akershus qalasını baş çəkdim. Buranın Osloya gələn hər kəs üçün uğurlu ziyarət nöqtəsi olduğu düşüncəsindəyəm. Çünki XIII əsrdə inşa edilmiş bu qala Oslodakı ən qədim tikililərdən biridir və əlverişli strateji mövqeyi səbəbilə şəhərin və limanın ecazkar mənzərəsini təqdim edir. Bu əzəmətli tikili Sarpsborq qrafı Alv Erlinqssonun 1287-ci ildə Osloya hücumuna cavab olaraq inşa edilib. Belə ki, sözügedən hücumdan sonra şəhərin mövcud müdafiəsinin yetərli olmadığı müəyyənləşib və daha güclü müdafiə mərkəzi yaratmağa ehtiyac duyulub. Nəticədə Kral V Haakon tərəfindən orta əsr qalası kimi tikilməsinə göstəriş verilib. Norveçin müdafiəsi və idarə olunmasında mühüm rol oynamış qala əsrlər boyu kral iqamətgahı, hərbi qala və həbsxana kimi istifadə edilib. Hələ də hərbi bölgə olsa da, ərazi bu gün həm də məşhur turistik məkan kimi xidmət göstərir və buraya möhtəşəm Akershus qala kilsəsi və Norveç Silahlı Qüvvələri Muzeyi ilə birlikdə bir neçə əhəmiyyətli tikili daxildir. Hər gün saat 6-21 arasında qala ziyarətə açıqdır.

Gün ərzində sadaladığım məkanları ardıcıl ziyarət etmək bir az yorucu olsa da, şəhərə iki-üç günlük gələn biri dayanmamalıdır. Ona görə də qaladan sonra növbəti görülməyə dəyəcək məkana – Oslo Opera Evinə üz tutdum. Müasir və innovativ dizaynı ilə seçilən məkan füsunkarlığı ilə Bakıdakı bəzi binaları xatırladar. Binanın ağ mərmər və şüşədən ibarət xarici görünüşü onun müasir və zərif görkəmini daha da artırır. Bədii və mədəni əhəmiyyəti ilə yanaşı, Opera Teatrı gözəlliyi ilə həm turistlərin, həm də yerli əhalinin sevimli məkanıdır. Hətta memarlığı və dizaynına görə 2009-cu ildə Avropa İttifaqının Müasir Memarlıq Mükafatına layiq görülüb. 2008-ci ildə açılan və şəhərin simvollarından birinə çevrilən mədəniyyət ocağı Norveç Milli Opera və Baletinin evidir və burada operalar, baletlər, konsertlər və digər mədəni tədbirlər də daxil olmaqla, müxtəlif tamaşalar keçirilir. 1 100 otaqdan ibarət olan binanın əsas auditoriyası 1 364 nəfər qəbul etmə imkanına malikdir və əla akustikası ilə tanınır. Bu memarlıq incisinin yaxınlığında isə mənə görə, Norveçin ən əhəmiyyətli muzeyi olan Munk muzeyi yerləşir. O muzey ki, məşhur norveçli rəssam Edvard Munkun həyat və yaradıcılığına həsr olunub.

1963-cü ildə açılan muzey 2021-ci ildə hazırkı binasına köçürülüb, bu bina ispan memar Xuan Herreros tərəfindən layihələndirilib və hazırda Osloda ən çox ziyarət edilən məkanlardan biridir. Burada Munkun rəsmləri və şəxsi əşyalarından ibarət geniş kolleksiya nümayiş olunur. Kolleksiya 28 mindən çox əsərdən, o cümlədən “Qışqırıq”, “Madonna” və “Həyatın rəqsi” kimi simvolik parçalardan ibarətdir. Bu muzey Munkun sənət karyerasına hərtərəfli baxış təqdim edir, onun sevgi, ölüm, narahatlıq və digər insan duyğularını araşdırdığını nümayiş etdirir. Munkun əsərlərindən əlavə, muzey incəsənətin müxtəlif aspektlərini işıqlandıran müvəqqəti sərgilər də təşkil edir. Bu sərgilərdə tez-tez digər rəssamların əsərlərinə yer verilir. Burada hətta alman filosof Fridrix Vilhelm Nitsşenin portretini də tapa bilərsiniz.

Ümumiyyətlə, Osloda muzeylər o qədər sənət və informasiya yüklüdür ki, insan məkanları gəzərkən əldə etdiyi bilgiləri tam şəkildə qoymağa yer tapmır. Bu muzeylər həm də ölkədə mədəniyyətə verilən dəyəri nümayiş etdirir. Şəhər sizə ilk baxışda quru görünsə də, gəzib axtardıqca, əslində, nə qədər zəngin olduğunu görürsünüz. Oslodan yadigar qalacaq xatirələri sizə məhz muzeylər qazandırır. Ancaq bu muzeylər gözəl olmaqla bərabər, həm də bir qədər bahadır. Demək olar ki, şəhərdə girişi 20 avrodan aşağı olan muzey yoxdur. Əgər bir gün Osloya gəlmək istəsəniz, təkcə muzeylərə 150-200 avro xərcləməyi nəzərə almalısınız. Deyəsən, Norveçdə gənclər bu məbləği muzeylərə xərcləməyə elə də maraqlı deyillər. Çünki burada belə məkanlara ən çox yaşlı nəslin nümayəndələrinin gəldiyini müşahidə etdim. Görünən odur ki, Norveçdə yaşlı insanların da rifahı yetərincə yüksək səviyyədədir. Bu səviyyəni görmək üçün belə, Norveçə baş çəkməyə dəyər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir