Cəmiyyət

QHT sədri: “Ermənistanın davam etdirdiyi mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib” – FOTO

Sharing is caring!


“Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam etdirdiyi mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib”.

Bu fikirləri “Report”a açıqlamasında “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərən 29 qeyri-hökumət təşkilatı Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan və regionun ekosisteminə yaranmış təhlükə ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb:

“Müraciət olunan qurumlar arasında Birləşmiş Millətlər Təşkilatı, BMT Ətraf Mühit Proqramı, Avropa Şurası, Avropa Parlamenti, Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF) və digər təşkilatlar var. Beynəlxalq təşkilatlardan tələbimiz budur ki, Ermənistanın regionun və bütövlükdə planetimizin ətraf mühitini, insanların sağlamlığını təhlükə altına atan, içməli su resurslarını çirkləndirən dağ-mədən fəaliyyətinə son qoyulsun”.

QHT sədri xatırladıb ki, Beynəlxalq Konvensiyanın tələbinə əsasən, bu cür müəssisələr inşa edən ölkə qonşu dövlətlərin rəsmi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, bölgə sakinlərinin rəyini nəzərə almalıdır:

“Beynəlxalq təşkilatlara Ermənistanın dağ-mədən sənayesinin mənfi təsirlərini sübut edən faktlar təqdim edilib. Faktlar və sübutlar əsasında təhlillərimiz göstərir ki, Ermənistanın dağ-mədən sənayesinə aid müəssisələrin ziyanlı təsirlərinə Azərbaycanla yanaşı, digər qonşu ölkələr də məruz qalacaq. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədini razılaşdırmalıdır”.

Elman Cəfərli

“Ermənistanın ekoloji norma və standartlardan kənar mədən fəaliyyətinin canlı aləmə vurduğu ziyan həm bölgədə, həm də kənarda yaşayan insanların sağlamlığına, yaşamına təhlükə törədir. Qonşu dövlətin sənaye müəssisələrinin zəhərli kimyəvi tullantıları bütün transsərhəd çaylarını çirkləndirir. Bu, bölgədə yaşayan insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq və havaya da mənfi təsir göstərir. Ermənistanın sənaye müəssisələrinin zəhərli tullantıları ilə çirkləndirilən çayların – Araz, Oxçuçay, Bərgüşad, Kür Azərbaycanın əsas içməli su qaynaqlarıdır”, – ictimai fəal bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır:

“Avropa İttifaqından istəyimiz odur ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin. Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən, “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” Protokolunun, o cümlədən BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur”.

E.Cəfərli vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı və müraciət edilən digər beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və onlar Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər:

“Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir