Dünya

Almaniya Çin müdrikliyinə doğru əyilir: Yeni sənədin ortaya çıxardıqları – TƏHLİL

Sharing is caring!


Almaniya Hökuməti Çinlə münasibətlərə dair ilk strategiyasını (Almaniya Federativ Respublikası Hökumətinin Çin Strategiyası) qəbul edib. Berlin bununla Pekinin Avropada yayılan ambisiyalarının yaratdığı təhlükəsizlik risklərindən qorunmaq yolları üzrə yol xəritəsi təqdim edir.

Sənəd ümumilikdə Avropa İttifaqının Çinə doğru yön alan praktiki addımlarından sonraya təsadüf etdiyindən həmin strategiyanı Avropa İttifaqının vahid yanaşmasında bir parça kimi nəzərdən keçirə bilərik.

Bu mənada sənədin ikinci hissəsinin təqdimatının “Almaniyanın Çinlə bağlı strategiyası Avropa İttifaqının Çin siyasətinin tərkib hissəsidir” başlığı ilə verilməsi perspektiv üçün xeyli tapmacaların həll açarı kimi başa düşülə bilər.

Almaniyanın Çinlə bağlı strategiyası Avropa ilə Asiyanın ən böyük iqtisadiyyatı arasında münasibətlərin gələcəyini Pekinin iddialı proqramı fonunda qabarıqlaşdırır.

Diqqətə alınası nöqtə budur ki, Almaniya Rusiyanın Ukraynada apardığı hərbi kampaniyadan sonra Avropa İttifaqında təhlükəsizlik boşluğuna düşüb və onun mövcud strategiyası ölkənin qorunma mexanizmi üçün lazım olan meyarlara cavab vermir.

Buna görə də Almaniya təhlükəsizlik mühitinə baxışı dəyişməyi vacib sayaraq “Çin müdrikliyi”ni rəhbər tutur, bununla da:

– NATO üzvü olsa da, Alyansla Rusiya arasındakı qarşıdurma və onun mümkün təhdidlərini Pekin vasitəsilə qabaqlayır;

– Təkcə təhlükəsizlik mühitində Rusiyanın yaratdığı fırtınalara deyil, həm də iqlim dəyişikliyinə, qlobal humanitar böhranlara, dezinformasiya və kiberhücumlardan irəli gələn təhdidlərə diqqət yetirir.

Almaniya təhdidlərdən çıxış yolunu Çinlə əməkdaşlığı dərinləşdirməkdə görür, onun təsvirini “Çin olmadan iqlim böhranından çıxmaq mümkün olmayacaq” cümləsi ilə ümumiləşdirir.

NATO ailəsinin övladı olan Almaniyanın Çinlə əməkdaşlıq modeli NATO-nun genişlənmə siyasəti ilə uyğunluq təşkil etmir, amma Avropanın təhlükəsizliyi üzərində Alyansın mövqeyini vurğulayan əhəmiyyətini də itirmir.

Beləcə, Almaniya ehtiyatlı kompromis mövqeyini seçir, sənəddə Çinlə əməkdaşlıqda Qərbin ümumi yanaşmasına ehtiram göstərilir – Pekinə münasibətdə partnyorluq, rəqib və sistemli rəqabət ifadələri ilə.

Bununla həm NATO-nun könlünü oxşayır, həm də Çinin beynəlxalq münasibətlərdəki qlobal nizamı dəyişdirmək cəhdinin uğuruna inanır.

Ancaq NATO daxilində Avropanın təhlükəsizliyi ilə Böyük Britaniya və ABŞ ikilisinin strateji maraqları arasındakı mövzularda incə bir xətt çəkilib, ona görə də Berlinin bu hərarətli ehtirasını Vaşinqtonla London diqqətlə izləyəcək və qısqanclıqlarını nümayiş etdirəcəklər.

Almaniyanın yeni strategiyasının Avroatlantik məkanın Çin mərkəzli oyun qaydalarına tabe etdirilməsi səviyyəsinə qədər təkamülə məruz qalması, əsasən, ABŞ üçün risklidir.

Çünki Almaniyanın tövrü Qərbin Çinə qarşı daha güclü və vahid yanaşmasını pozur. Bu zamana qədər isə Avropa bazarı ABŞ-yə qlobal məkanda tutarlı rıçaqlar verib, hərçənd son zamanlar Çin Vaşinqtonun əlindəki payları böyük şövqlə almağa girişir.

Avropa İttifaqının Çin orbitinə yaxınlaşmasını Rusiya da dəyərli fürsət bilir, lakin inandırıcı deyil ki, Pekin Moskvanın burada faydalı xallar qazanmasına geniş imkanlar tanısın.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir