Dünya

Səfir: “Azərbaycanla Meksika arasında ticarət dövriyyəsinin səviyyəsi artır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Meksikanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib. Yeni təyin olunmuş səfir “Report”a müsahibəsində Meksika ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf dinamikasından danışıb.

“Report” səfirlə müsahibəni təqdim edir:

– Azərbaycan ilə Meksika arasındakı siyasi əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Azərbaycana ötən ilin dekabr ayında gəlmişəm və bu ilin yanvar ayında Meksikanın Azərbaycandakı səfiri kimi etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişəm. O vaxtdan ölkə ilə yaxından tanış olmaq və əlaqələrimizin möhkəmləndirilməsi, dostluq və tərəfdaşlığın yeni mərhələsinə başlamaq üçün hansı işlərin görülməli olduğunu qiymətləndirmək imkanım olub. İki ölkə arasında ikitərəfli əsasda yaxşı qarşılıqlı anlaşma var və biz qarşılıqlı maraq doğuran məsələlər üzrə çoxtərəfli platformalarda da uğurla əməkdaşlıq etmişik.

Xarici işlər nazirliklərimiz arasında fəal siyasi dialoq olur. Tezliklə yaxın bir neçə il üçün əməkdaşlığımızın gələcəyini müəyyən edəcək prioritetləri müzakirə etmək üçün siyasi məsləhətləşmələrimiz olacaq, indi bunun üçün ən yaxşı strategiya üzərində işləyirik. Bu məsləhətləşmələr Mexiko şəhərində baş tutacaq və bu mühüm görüşün nəticəsi barədə sizə məlumat verməkdən məmnun olaram.

Parlamentlərarası dialoqa gəlincə, bu, son illər kifayət qədər uğurlu olub. Fevral ayında bir qrup meksikalı parlamentari iqtisadi əlaqələrin, o cümlədən ticarət və investisiyaların yaxşılaşdırılmasına yönəlmiş bir gündəmlə Azərbaycana səfər edib və onlar həmçinin akademik əməkdaşlığa ehtiyac olduğunu da vurğulayıblar. Konqres üzvləri azərbaycanlı həmkarları ilə görüşərək əməkdaşlığı inkişaf etdirmək və sözdən həm ölkələrimizə, həm də cəmiyyətlərimizə fayda verəcək nəticələrə keçmək öhdəliyi götürüblər. Ümid edirik ki, Meksikaya və Azərbaycana davamlı səfər mübadiləsi aparacağıq.

Ölkələrimiz bir-birindən çox uzaqda yerləşir, amma biz müəyyən yaxınlıq hiss edirik, çünki ümumi dəyərlərimiz var. Xalqlarımız mədəni irsləri ilə fəxr edirlər. Aramızda daha böyük anlaşma yaranması istiqamətində işləməyə davam edəcəyik. Bu məqsədə həm rəsmi səfərlərin, həm də turistlərin mübadiləsini artırmaqla nail olmaq olar.

– Bakıda səfir kimi missiyanız dövründə nəyi prioritet kimi müəyyənləşdirmisiniz?

– Bakıya gəlməmişdən əvvəl bir neçə prioritet müəyyənləşdirdim ki, bu da Meksikanın Azərbaycandakı səfiri kimi fəaliyyətimin proqramında öz əksini tapıb. Birincisi, müxtəlif səviyyələrdə siyasi dialoqu, o cümlədən hər iki ölkənin parlamentləri arasında əməkdaşlığı gücləndirmək istəyirik.

Biz həmçinin çoxtərəfli tərəfdaşlığın inkişafını da davam etməliyik. Müxtəlif beynəlxalq forumlarda müzakirə olunan müəyyən məsələlərdə, o cümlədən, mümkün olduqca təşəbbüslərin qarşılıqlı dəstəyi ilə bağlı bir-birimizi dəstəkləyirik.

Mənim üçün ən mühüm prioritetlərdən biri ticarət və investisiyaların inkişafı hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu sahədə hələ ki kiçik göstəricilərimiz var. Biz bu göstəriciləri yaxşılaşdırmaq istəyirik.

Bakıda işlədiyim ilk aydan akademik dairələr arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi sferasını inkişaf etdirmək mənim üçün vacib idi. Bizdə əvvəllər belə mübadilələrin olmadığını görəndə təəccübləndim. İndi biz Azərbaycan və Meksika universitetləri arasında əlaqələr qurmağa çalışırıq. Azərbaycanda əla proqramları olan çoxlu yaxşı ali təhsil müəssisələri var ki, onlar meksikalı həmkarlar ilə uğurlu əməkdaşlığa töhfə verə bilər.

Bundan əlavə, kompleks mədəniyyət proqramının həyata keçirilməsi prioritet məsələdir. Meksikalı rəssamların Azərbaycana səfərini planlaşdırırıq. Gələn il səfirlik Bakıda açılmasının 10 illiyini qeyd edəcək ki, bu da bizə bir neçə tədbir təşkil etmək imkanı verəcək.

Missiyamın digər mühüm aləti sosial şəbəkələr vasitəsilə xalq diplomatiyasıdır. Cəmiyyətlərimizin bir-birini tanıması üçün onların vasitəsilə fəaliyyətimizi, layihələrimizi təbliğ etməyə çalışırıq. İki kampaniya başlatmışıq. Onlardan biri #LeleEnBakú adlanır. Ənənəvi Meksika kuklası olan Lele Azərbaycanı gəzərək ölkəni Meksika xalqına təqdim edir. İkincisi #InspiringWomen kampaniyasıdır. Burada ölkələrimizin görkəmli qadınları haqqında həftəlik hekayələr təqdim olunur.

Oxucularınızı sosial şəbəkələrdəki hekayələrimizi izləməyə dəvət edirik. Düşünürəm ki, onlara maraqlı olacaq.

– Bakı, Azərbaycan haqqında ilk təəssüratınız necədir? Burada ən çox nəyi bəyəndiniz?

– Azərbaycan xalqı inanılmaz dərəcədə qonaqpərvər və səxavətlidir. Belə mehribanlığı görəndə yaxşı mənada çox təəccübləndim. Burada özümü evdəki kimi hiss edirəm. Bunu hər yerdə hiss edə bilməzsən. Bu mənada, Azərbaycan mənim üçün xüsusi ölkə oldu. Hələlik regionlara getmək imkanım olmayıb, amma yaxın aylarda bunu etməyi planlaşdırıram.

Azərbaycan mədəniyyəti heyranedicidir. Özüm də zəngin irsə malik mədəniyyətə mənsubam və Bakıda da bunu görürəm. Burada tarixi irs müasirliklə qonşudur. Bakı kosmopolit şəhərdir.

Bakıda da tez-tez tıxaclar olur ki, bu, mənə doğma şəhərimi xatırladır.

Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarımla əla komandayıq. Azərbaycanın Meksikadakı səfiri ilə də çox gözəl dialoqum var, onunla tez-tez fikir mübadiləsi aparırıq.

– Ölkələrimiz hansı iqtisadi sahələrdə əməkdaşlığı intensivləşdirə bilər? Meksikanın işgüzar dairələri Azərbaycana, xüsusən də Qarabağ bölgəsinə sərmayə qoymaqda maraqlıdırmı?

– Ticarət dövriyyəsinin səviyyəsi artır, xüsusən də Bakıda Meksika səfirliyi açıldıqdan sonra. Biz bu rəqəmləri artırmağa çalışırıq. Yerli supermarketlərdə Meksika məhsulları seçimini genişləndirmək istəyirik. Digər tərəfdən, etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən iqtisadi sahədə gücləndirməli olduğumuz digər sahələr haqqında da danışdıq. Qarşılıqlı maraq doğuran sahələr neft və yaşıl enerjidir.

2020-ci ildə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası sürətlə davam edir, biz Meksika ilə əməkdaşlığa, investisiyaya və qabaqcıl təcrübə mübadiləsinə başlamaq strategiyasını müzakirə etməliyik. Azərbaycanda təmsil oluna biləcək şirkətlərimiz var. Biz həm də Azərbaycan şirkətlərinin Meksika iqtisadiyyatına sərmayə qoymasını istərdik.

“Yaşıl” gündəmə gəlincə, Meksikada Latın Amerikasının ən böyük Günəş elektrik stansiyasının tikintisi layihəsi var. Biz həmçinin elektromobillərin istehsalı ilə bağlı layihələrdə iştirak edirik.

Məqsədim Meksika ilə Azərbaycan arasında ticari-iqtisadi nümayəndə heyətlərinin mübadiləsini asanlaşdırmaqdır. Məhz buna diqqət yetirməyə çalışacağıq.

– Meksika kurortları dünyada ən çox ziyarət edilənlər sırasındadır. Pandemiyadan sonra turist axını bərpa olunub. Azərbaycan vətəndaşlarından Meksikaya səfər etməklə bağlı istəklər, müraciətlər varmı? 2022-ci ildə nə qədər viza verilib?

– Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik. Buna “Türk Hava Yolları”nın İstanbul vasitəsilə Azərbaycan və Meksikanı birləşdirən reysinin açılması şərait yaradıb. Azərbaycanlı turistlərdən Meksikaya səfər etmək üçün vizaya tələbat yüksəkdir. Keçən il 650-dən çox viza verdik ki, bu da COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə xeyli çoxdur.

Digər prioritet meksikalı turistləri təkcə “Formula-1” Qran-prisi üçün yox, həm də ölkənin nə təklif etdiyini görmək üçün Bakıya gəlməyə həvəsləndirməkdir.

Biz ölkənizdə Meksika haqqında bilikləri artırmaq üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Əlbəttə, bu, ikitərəfli proses olmalıdır: bir-birimiz haqqında biliklərimiz hələ də çox məhduddur.

Bizim çoxlu yerlərimiz var – tarixi abidələr, dünyanın ən yaxşılarından hesab edilən çimərlik kurortları, məsələn, elə Kankun çimərliyi və bunlar azərbaycanlı turistlər üçün cəlbedici olacaq. Əlbəttə, ölkəyə istənilən səfərə paytaxt Mexiko da daxil edilməlidir. Bu, 22 milyondan çox əhalisi olan meqapolisdir, amma onu mütləq ziyarət etmək lazımdır.

– Azərbaycanın Sakit Okean Alyansındakı rolunu necə qiymətləndirirsiniz? Ölkələr bu təşkilat çərçivəsində necə əməkdaşlıq edə bilər?

– Sakit Okean Alyansı çox yaxşı işləyən əməkdaşlıq mexanizmidir. Bu əməkdaşlıq “bir dam altında saziş” kimi işləyir, yəni Çili, Kolumbiya və Meksika səfirlikləri, Bakıda olduğu kimi, ümumi məkanı paylaşırlar. Sinqapur və Qanada da belədir. Azərbaycanın Sakit Okean Alyansında iştirakı bütün digər müşahidəçilər kimi müsbət qiymətləndirilir, çünki bu, ölkəyə bütün müşahidəçilərin Sakit Okean Alyansı çərçivəsində qarşılıqlı əlaqədə ola biləcəyi tematik komitələrə töhfə verməyə imkan yaradır.

– Azərbaycan və Meksika coğrafi baxımdan bir-birindən uzaqdır. Səfirlik Azərbaycanda insanların Meksikanın mədəniyyəti və adət-ənənələrini daha çox öyrənməsi və əksinə, Meksikada insanların Azərbaycanın mədəniyyəti və adət-ənənələrini daha yaxından bilməsi istiqamətində hansı addımları atmağı planlaşdırır? Səfirlik 2023-cü ildə hansı sosial və mədəni tədbirlər təşkil etməyi planlaşdırır?

– Mədəni hissə ümumi əməkdaşlıq məqsədlərimizə nail olmaq üçün çox vacibdir. Mən çox şadam ki, ideyalarımız Meksikanın hakimiyyət orqanları tərəfindən müsbət qarşılanır. Məsələn, #LeleInBaku kampaniyası bütün dünyada Meksika səfirlikləri və konsulluqlarının “Lele dünyanı gəzir” mövzusunda dünya miqyasında keçirdiyi kampaniyanın başlanğıcı olub.

İndi kukla Bakıdakı “səfir”imizdir və meksikalılar paytaxtınızı daha çox görə və öyrənə biləcəklər. Bu, ölkələrimiz haqqında bilikləri təbliğ etmək üçün yaxşı yoldur.

Həmçinin Meksikanın yerli xalqlarının geyimlərini əks etdirən, ölkəmizin cənubundakı icmaların həyatını və məişətini əks etdirən 12 rəsmdən ibarət sərgi təşkil etməyi planlaşdırırıq. Meksikanın Danimarkadakı səfirliyi ilə əməkdaşlıq sayəsində biz burada, Bakıda incəsənət kolleksiyamızı nümayiş etdirəcəyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir