Cəmiyyət

Madridin Kral Botanika Bağına xarıbülbül çiçəyi hədiyyə edilib – FOTO

Sharing is caring!


Mayın 3-də Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində Azərbaycandan gətirilmiş və Qarabağın rəmzi olan xarıbülbül çiçəyinin İspaniya tərəfinə hədiyyə olunması məqsədilə ölkənin mötəbər Madrid Kral Nəbatat Bağının direktoru Esteban Manrikin iştirakı ilə təqdimetmə mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə səfir Ramiz Həsənov həmsöhbətinə xarıbülbül gülünün Azərbaycan xalqı üçün özünəməxsus dəyəri, onun ölkəmizin zəngin tarixi və mədəniyyətini təmsil edən rəmz olması barədə məlumat verib. Xarıbülbülün mənşəyinə toxunan səfir gülün Azərbaycanın dilbər guşələrindən olan Qarabağ ərazisində, xüsusilə Şuşa şəhərinin ətrafındakı yamaclarda geniş yayıldığını diqqətə çatdırıb.

Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə məlumat verən diplomat xarıbülbül gülünün İspaniya tərəfinə hədiyyə olunmasını ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə töhfə kimi xarakterizə edib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyan İkinci Qarabağ müharibəsindən sonra xalqımızın Zəfər simvoluna çevrilmiş bu gülün Cənubi Qafqaz regionunda uzun illərdir gözlənilən sülh, rifah və əmin-amanlıq carçısı olmasından danışıb. Səfir deyib ki, xarıbülbül Azərbaycanın bütün dünyaya verdiyi sülh mesajını təcəssüm etdirir və xalqımız bu gülü özünün azadlıq, sevinc, zəfər rəmzi kimi simvollaşdırır.

Ramiz Həsənov öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, onun xalqımızın milli sərvəti olan zəngin və çoxşaxəli irsindən söz açaraq bildirib ki, bütün həyatını Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunmasına həsr etmiş dahi şəxsiyyətin 100 illik yubileyi ərəfəsində ümummilli liderin sülhpərvər siyasətinin tərənnümü qismində Azərbaycanın sülh rəmzi xarıbülbül gülünün ispan tərəfinə təqdim olunması təsadüfi deyil.

İspaniya Kral Nəbatat Bağının direktoru E.Manrik hədiyyə üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib, xarıbülbülün bitməsi üçün bütün lazımi şəraitin yaradılacağını deyib, rəhbərlik etdiyi kollektivin buna görə əlindən gələni əsirgəməyəcəyinə söz verib. O, valehedici zərifliyə malik xarıbülbül gülünün nəbatat bağının ən gözəl eksponatlarından biri olacağına inandığını əlavə edib.

Qeyd edək ki, Kral Fernando VI tərəfindən 1755-ci il oktyabrın 17-ndə verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırkı yerinə – Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir