Dünya

İran özünü ən axırıncı yola qoyub…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

İranın adı gələndə adamın ürəyi bulanır. Özü də bu ab-hava getdikcə daha da çoxalır. 

Sanki İran İslam Respublikası mümkün olan bütün vasitələrdən istifadə edir ki, biz Şimali azərbaycanlılar İran rejiminə hər gün daha da çox nifrət edək. Cənubi azərbaycanlılar isə hələ ki, gözləmə mövqeyindədirlər. 

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı basqın, terror əməliyyatı hələ də cəzasız qalır. Bir vətəndaşımızın qətli, digərlərinin yaralanması İran rejiminə qarşı xeyli suallar doğurduğu halda, rəsmi Tehran özünü karlığa və korluğa vurub. Terrorçunun, adam öldürənin adını dəli qoyub, başını da soxub quma. Qum demişkən, İran rejiminin Azərbaycanla bağlı daha bir ssenarisi elə Qumla bağlı olub həmişə. Dini təhsil adı altında xeyli sayda özünə Azərbaycanda tərəfdar yetişdirməyə cəhd edib. Bunların arasından ən seçilmişləri üçün isə “ağanın iti” titulunu düşünüblər. Hər nə qədər alçaldıcı səslənsə də, bu kəslər özlərini İranın quluna çeviriblər. İran əvvəllər gizli, yumşaq yollarla Azərbaycana qarşı saman altından su yeridirdisə, II Qarabağ müharibəsindən sonra açıq hücuma keçdi. Səbəbi isə sirr deyil. 

Belə ki, 26 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra yerli və xarici KİV-lər üçün keçirtdiyi mətbuat konfransında İran rejimi özünün açıq-aşkar olaraq ilk dəfə (bunda əvvəl əba altından su yeridirdi) xəbis, xain üzünü təqdim etdi. Belə ki, İrandan gələn başıbağlı xanım, özünü Mehr agentliyinin əməkdaşı kimi təqdim edib, birbaşa Azərbaycanı terrorçularla müttəfiqlik etməkdə ittiham etdi. 

Prezident İlham Əliyevin “Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?” sualı isə başıbağlı jurnalisti çətin vəziyyətə saldı. Gah dili tutuldu, gah dedi ki, bu sözü ona deyənlərin adını çəkə bilməz, gah da dedi ki, dil problemi var. Absurd bir tragikomediya… 

Prezident İlham Əliyev isə çox böyük səbir və təmkinlə cavab verdi ki, “Sualınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Müharibə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansısa məlumat, dəlil və sübut yoxdur. Ona görə sizə tövsiyəm odur ki, spekulyasiya ilə məşğul olmayın. Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun”. 

Yəni bütün digər xarici ölkələrin, xristian, yəhudi, katolik, pravoslav və digər dinlərin nümayəndələri bu mətbuat konfransında Azərbaycan xalqını, ordusunu, onun Ali Baş Komandanını parlaq qələbə münasibətilə təbrik etdiyi zaman İran İslam Respublikası öz rəsmi ruporu – yəni mətbuat nümayəndəsinin dili ilə ilk zəhərini ortaya tökdü. 

O zaman rəsmi Bakı xalq arasında yaranan narazılığı çox kübarcasına həll etməyə nail oldu. Bir sözlə unutdurdu bizə.

Amma nə fayda? İran İslam Respublikası bir-birinin ardınca təxribatlar törətməyə başladı ki, bu da nə bizim, nə də rəsmi Bakının gözündən yayınmadı. Halbuki, bir Allah şahiddir ki, rəsmi Bakı bütün hallarda, İranın etdiklərinin qarşısında narazı xalqın “vur” tələbinə qarşı, daha səbirli davranmağa üstünlük verdi. Hər zaman qonşuluq əlaqələrinin mehriban olması üçün cəhd edən tək tərəf oldu Bakı. 

Daha sonrakı xalq narazılığı Qarabağ ərazisinə İrandan erməni terrorçuları üçün aparılan karvan-karvan yük maşınlarının hərəkəti oldu ki, o yüklərin içində də silahdan tutmuş, yanacaq vasitəsinə qədər hər şey var idi.  

Rəsmi Bakının dəfələrlə xəbərdarlığına baxmayaraq İranın özünə siğə tutduğu Ermənistana yardımları dayandırmadı. Hər bir addımı ilə Ermənistanın və erməni terrorçularının yanında olmasını sübut etdi. Hətta Zərifin (Məhəmməd Cavad Zərif – İranın keçmiş XİN rəhbəri – red.) “Ermənistanın sərhədi bizim qırmızı xəttimizdir” deməsi dillər əzbəri oldu. Amma ki, nə olsun, dildə müsəlmandır, gündə 3 dəfə namaz qılır. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünü görməzdən gəldi, silah-sursatı da erməniyə verdi ki, azərbaycanlı müsəlman qardaşlarını məhv eləsin. 

Daha sonra İran bu iki il ərzində dəfələrlə Azərbaycanın suveren sərhədlərində irimiqyaslı hərbi təlimlər keçirərək sinirləri ən son həddə qaldırdı. Arazın üstündə nümayişkaranə şəkildə ponton körpülər atdı. Düzdür, ənənəvi olaraq axırda özünün iki-üç hərbçisini o dünyaya vasil etdi, amma yenə də əzələ nümayişindən əl çəkmədi. 

Daha sonra Ermənistana sevgisini bir daha sübut etmək üçün Qafanda tez-bazar konsulluq açdı. Təbii ki, cavab özünü çox gözlətmədi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, Təbrizdə konsulluğun açılması planlaşdırılır. “Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır”. 

Məncə az deyib Mirzoyan, o deməli idi ki, madam İran özünü Ermənistanın ayaqları altına belə sərib, biz də ona görə lütf edirik. 

Bu cür nümunələri saymaqla bitməyəcəyi halda, indi də İran özünü ən axırıncı yola qoyub.

Artıq Azərbaycan vətəndaşlarını girov götürür. Belə ki, artıq bir neçə gündür Azərbaycan vətəndaşı Fərid Səfərli İranda itkin düşüb və onun barəsində heç bir xəbər yoxdur. Bununla bağlı Azərbaycan XİN Fərid Səfərli ilə bağlı İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. 

Burada böyük sual yaranır, bütün bunları etməklə rəsmi Tehranın məqsədi nədir? 

Əgər bir Azərbaycan vətəndaşının itkin düşməsi təsadüfdürsə, niyə indiyə kimi Ermənistan vətəndaşının itkin düşməsi barədə məlumat yoxdur? 

Deməli belə çıxır ki, Erməni vətəndaşları İranda əl üstündə gəzdirilir, amma gənc, tələbə Fərid Səfərlini gördüm deyən olmur.
Hələ nəzərə alsaq ki, rəsmi Bakı öz vətəndaşının axtarılması üçün İrana nota verib. Və hələ də rəsmi Tehrandan heç bir cavab yoxdur. 

Çox ümid edirəm ki, Fərid Azərbaycan dövlətinin səyləri nəticəsində tezliklə sağ-salamat Vətənə qaytarılar. 

Amma bir çox şeylər də var ki, bilirik, amma demirik, yazmırıq. Çörəyi də qulağımıza yemirik. Bilirik, İran kimdir, Tehran kimdir. O, əmmamənin altında kim(lər) yatır. 

Sonda bir daha XİN-in xəbərdarlığını diqqətə çatdırmaq istərdim. 

İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir